Biz bu dövrü bir dəfə keçmişik. 2012 – ci ildə Bakıda keçirilən “Eurovision” beynəlxalq mahnı yarışmasına hazırlıq dövründə şəhərin girişindən çıxışına qədər bütün yolların kənarlarında möhtəşəm qala divarları ucaldıldı. Bakının demək olar ki, yol kənarında yerləşən kənd və qəsəbələrini həmin qala divarları ilə mühasirəyə aldılar. Kasıb insanların evlərini, yaşayışlarını gizlətmək məqsədi ilə çəkilən bu divarlar həmin ərazilərdə yaşayan sakinləri şəhərdən birqədər təcrid vəziyyətinə salsa da, həm də onları az da olsa sığortalamış olurdu.
Həmin kasıb sakinlər rahatladılar ki, bu divarın dalında gizlənməklə gözdən-qulaqdan uzaq olacaqlar, onların evinə günün günorta çağı heç kim əli lomlu və yaxud bellə gəlib “bu ev şəhərin görkəmini pozur, təcili sökülməlidir” deməyəcək. Həmin ərəfədə belə faktlar da az olmamışdı. Həmin müsabiqənin keçiriləcəyi “Crystall Hall”u tikmək üçün həmin ərazidə yaşayan sakinləri evlərindən necə çıxardıqlarını, evlərini necə uçurduqlarını yəqin ki, hələ unutmamısınız.
Qayıdaq divarlara. O vaxt tikilən divarlar hələ də sökülməyib və yolboyu hələ də şəhərin o sahəsində yaşayan sakinləri Bakıya gələn əcnəbilərin gözlərindən gizlətməklə yanaşı, həm də şəhərin görkəmini bəzəyir.
Bu dəfəki hasarlamalar isə fərqlidir. Həm məkanı, həm keyfiyyətinə görə. Hazırda gərgin iş gedir. Bakının sökülməsi nəzərdə tutulan Alatava, Xutor, Sovetski kimi ərazilərində qurulan bu dəfəki hasarlar yüngül konstruksiyaların köməkliyi ilə həyata keçirilir. Həmin yüngül konstruksiyalara üzərində xüsusi memarlıq naxışları olan “betopan” adlanan lövhələr yapışdırılır ki, bu da kənardan baxanda qala divarları təəssüratını yaradır.
Deyim ki, bu divarlar heç də ucuz başa gəlmir. Usta, fəhlə, dəmir konstruksiyaların pulu ilə yanaşı xüsusi lövhələr az pul tələb etmir. Deyilənlərə görə Türkiyədən gətirilən həmin lövhələrin birinin qiyməti 50 manatdır. Hətta onu da deyirlər ki, tikinti bazarında bu lövhələrin birini 10 manata da almaq olar. Bax bu söz-söhbətlər də bir çox suallar ortaya çıxarır. Amma bu sualların hamısını yazsaq və cavab almağa çalışsaq bu xeyli vaxt aparar. Ona görə də bunu qoyaq bir kənara, qayıdaq hasarlara. Bu hasarları çəkməkdə məqsəd nədir?
Hamımızın bildiyi kimi, Bakı hazırda 1-ci Avropa Oyunlarını qəbul etməyə hazırlaşır. Ölkənin imicini dünyada yaxşılaşdırmağa çalışan hakimiyyət nümayəndələri belə beynəlxalq yarışlara ev sahibliyi etmək üçün dəridən- qabıqdan çıxırlar. Amma razılıq verildikdən sonra birdən yadlarına düşür ki, axı bizim şəhərin mərkəzində belə gözə xoş gəlməyən kasıb məhəllərimiz qalıb. Onları necə abıra salmaq olar? Və tez -tələsik olsun deyə ağıllarına hasar çəkmək gəlir. Amma düşünmürlər ki, sökülməli olan ərazini hasarlayandan sonra tikinti işləri görüldükdən sonra həmin hasarları yenidən sökməli olacaqlar. Yəni hasara çəkilən xərclər göyə uçacaq. Büdcə itkisi.
Amma başqa əlac da yoxdur. Neyləsinlər? Axı bütün yük onların üstündədir? Necə çatdırsınlar?
Çatdırmazsınız, bəylər, çatdırmazsınız. Hər şeyi tək boynunuza götürəndə, əlbəttə ki, çatdırmazsınız. Haranın sökülməli olduğuna tək qərar verəndə, bir nəfərin diktəsi ilə evlərə qiymət qoyanda, evlərin söküntüsünü- tikintisinə tək bir şirkətə çatdıranda əlbəttə ki, çatdırmazsınız. Ölkədə rəqabətli iqtisadi mühit olsaydı, tikinti də monopoliyada olmasaydı, həmin o Avropa ölkələrində olduğu kimi, normal tikinti tenderləri olsaydı, çatdırmaq olardı. Bunları əvvəlcədən düşünmək lazım idi. Lap çoxdan.
Beynəlxalq tədbirlərin ölkədə keçirilməsinə can atmamışdan əvvəl. Indi kimi və yaxud nəyi gizlətməyə çalışırsız? Eurovision ərəfəsində Bakıya gələn əcnəbilər divarların o tərəfində olanlardan xəbərsiz qaldılar? Yəni şəhərin mərkəzində bu divarları görən əcnəbilər onun arxasında nə olduğu ilə maraqlanmayacaq sizcə? Bəlkə də maraqlanmayacaq. Bəlkə də xəbəri olmayacaq həmin kasıb məhəllələrdən. Amma kimi aldadırıq? Əcnəbiləri yoxsa özümüzü?
Tutalım ki, əcnəbilər bilmədilər o divarın o tərəfində yaşayan sakinlərin vəziyyətini, yaşayışlarını. Biz ki bilirik. Siz ki bilirsiz. Özünüzə və yaxud özümüzə cavab verməyə həvəsiniz varmı görəsən?
Və bir də…
Mən bir azərbaycanlı olaraq elmi kəşflərimlə, sənayemlə, iqtisadi göstəricilərimlə, yaşayış səviyyəmlə, ölkədəki demokratiya, söz azadlığı ilə Avropanı, hətta bütün dünyanı mat qoymaq istəyirəm. Bunun üçün Avropaya “şot verib”, xahiş-minnətlə “bizə qonaq gəlin” demək lazım deyil. Bunlar olsa, onlar özləri bizə qonaq gəlməyə can atacaqlar.
Pulla əldə olunan bir çox “uğurlar” və boş-boş imitasiyalar inanın sabun köpüyüdür.
Gəlin özümüzü aldatmayaq.