“Həbs olunanda necə idimsə, bundan sonra da elə olacam”
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına əsasən azadlığa çıxanlar arasında beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdikləri Orxan Eyyubzadə də var.
Martın 19-da saat 11:40-da 2 il müddətinə azadlıqdan məhrum olunan və 10 ay həbs çəkmiş “Nida” Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə azad olunub.
O. Eyyubzadə Meydan TV-yə bildirib ki, bundan sonra da əvvəlki fəaliyyətinə davam edəcək:
“Həbsdə yalnız 10 ay vaxtımı itirdim. Başqa heç nəyi itmiş hesab etmirəm. Həbs olunanda necə idimsə, bundan sonra da elə olacam”.
Orxan Eyyubzadə 2014-cü ildə NİDA-çı gənclərə oxunan hökmə etiraz olaraq mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında keçirilmiş aksiya zamanı saxlanılmışdı. 20 sutka inzibati həbs cəzası almasına və mayın 26-da azadlığa çıxmalı olmasına baxmayaraq, onun barəsində 315.1 maddəylə (hakimiyyət nümayəndəsinə müqavim ət göstərmə) cinayət işi açılmışdı. İki illik həbs cəzası alan Orxan Eyyubzadə cəzasının 10 ayını çəkmişdi.
Orxan Eyyubzadənin 20 yaşı var.