15 məktəbli xəstəxanaya çatdırılıb
Bakıdakı 149 saylı məktəbin şagirdləri arasında aprelin 18-də kütləvi zəhərlənmə baş verib. Şagirdlər Kliniki Tibbi Mərkəzin taksikologiya şöbəsinə yerləşdiriliblər.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, xəstəxanaya yerləşdirilən şagirdlərin vəziyyəti ağır olmayıb. Bir neçə nəfər artıq evə buraxılıb.
Qida Təhlükəsizliyi Agentliyi də kütləvi zəhərlənmə ilə bağlı açıqlama verib. Bildirilib ki, Bakıda 149 saylı məktəbin 15 şagirdinin naməlum səbəbdən özünü pis hiss etməsi ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Məktəbdən Meydan TV-yə deyiblər ki, idman zalı dezinfeksiya olunub. Zəhərlənmənin bu səbəbdən baş verməsi ehtimal edilir.
TƏBİB-in yaydığı məlumata görə, məktəbdə zəhərlənmə ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Təcili tibbi yardım briqadaları çağırış ünvanına cəlb edilib.
Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.