Ordumuzun 2014 itkiləri – STATİSTİKA

2013-cü illə müqayisədə itkilərin sayı artıb…

Source:

Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunun 2014-cü ildəki itkilərinin statistikası açıqlanıb. “Xəzər” Hərbi Tədqiqatlar İnstitutundan (Caspian Defense Studies Institute) “Meydan” TV-yə verilən məlumata görə, kütləvi informasiya vasitələri üzərində həyata keçirilən monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 91 nəfər təşkil edib. Bu barədə məlumat verən İnstitut bəyan edir ki, ötən müddətdə 117 nəfər yaralanıb və ya xəsarət alıb.

İnstitutun məlumatına görə, 2013-cü illə müqayisədə 2014-cü ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunun itkiləri artıb. 2013-cü ildə 81 nəfər dünyasını dəyişmiş, 99 nəfər yaralanmışdı.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun məlumatlarına görə, 2014-cü ildə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda dünyasını dəyişənlərin 29-u döyüş (erməni gülləsi), 4-ü mina partlayışı, 58-i isə qeyri-döyüş itkiləridir. Ümumilikdə İnstitut bəyan edir ki, 2014-cü ildə son 10 ilin ən böyük döyüş itkisi qeydə alınıb. 2013-cü ildə erməni gülləsindən dünyasını dəyişən Azərbaycan hərbçilərinin sayı 11 nəfər idi.

“Xəzər” İnstitutunun yaydığı məlumata görə, inthar və qeyri-nizamnamə hallarının sayında da artım var. 2014-cü ildə 11 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən dünyasını dəyişib. 17 nəfərsə intihar və ya ehtiyatsızlıq edib. Ötən il 13 nəfər avtoqəzadan,  3 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 4 nəfər naməlum səbəbdən, 10 nəfər xəstəlikdən dünyasını dəyişib.

Kütləvi informasiya vasitələrində əksini tapan məlumatlara görə, 2014-cü ildə dünyasını dəyişənlərin 80-i Müdafiə Nazirliyinin, qalanları isə Ədliyyə Nazirliyinin, Daxili Qoşunların və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub.

Yaralılara və xəsarət alanlara gəlincə (117 nəfər), onların 23-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan), 26-ı erməni gülləsindən, 37-si avtoqəza nəticəsində, 8-i intihara cəhddən, 11 nəfər mina partlayışından, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 6 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 101 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfər Səfərbərlik və Hərbi idmətə Çağırış üzrə Dövlət Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur.

“Xəzər” İnstitutu xəbər verir ki, 2014-cü ildə Azərbaycanın 16 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib.  Bundan başqa 3 Azərbaycan mülki vətəndaşı təmas xətti yaxınlığında minaya düşüb, onlardan biri həlak olub.

Eyni zamanda 3 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb, 1-i qaytarılıb. Erməni tərəfində qətlə yetirilmiş azərbaycanlının nəşi geri alınıb. Ermənistanın 5 mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (4-ü qaytarılıb, biri barədə rəsmi məlumatlar verilmir).  Bundan başqa bir Ermənistan vətəndaşı (Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan təxribat dəstəsinin üzvü) Azərbaycan tərəfindən əsir götürülüb, bir müddət sonra onun öldüyü xəbəri yayılıb. Azərbaycan tərəfi bir erməni hərbi əsirini üçüncü ölkəyə təhvil verib. İlin sonunda başqa bir Ermənistan hərbçisi Azərbaycan ordusu tərəfindən əsir götürülüb.

Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları olan bir ailənin üzvləri – Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar Ermənistana qaytarılıb. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildirmişdilər.


 “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu 2014-cü ilin oktyabrında yaradılıb. Avropada yaradılmış qurumun məqsədi Qafqaz və Mərkəzi Asiya regionunun Silahlı Qüvvələrindəki durumu, yürüdülən hərbi siyasətləri təhlil etməkdir.

Ana səhifəXəbərlərOrdumuzun 2014 itkiləri – STATİSTİKA