Oqtay Şirəliyev: İki həftə sonra daha bir dərman zavodunun təməli qoyulacaq

Yevlax və Mingəçevirdə icbari tibbi sığorta sınaq layihəsi kimi fəaliyyətə başlayıb

Source:


Yevlax və Mingəçevirdə icbari tibbi sığorta sınaq layihəsi kimi fəaliyyətə başlayıb

“Heç kimə sirr deyil ki, ölkəmizdə satılan dərmanların 99 faizi xaricdən idxal olunur. Ancaq bir müddət öncə ölkə rəhbərinin təşəbbüsü ilə farmakoloji zavodun təməlqoyma mərasimi olub”.

APA-nın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. Nazir deyib ki, təxminən iki həftə sonra ölkədə daha bir dərman zavodunun təməli qoyulacaq.

Onun sözlərinə görə, ən müasir və yüksək keyfiyyətli dərman preparatları istehsal edən zavodların Azərbaycanda fəaliyyət göstərməsi üçün başqa ölkələrlə də danışıqlar aparılır.

“Dərman preparatlarının ölkədə istehsal edilməsi bizim üçün çox vacibdir”- nazir vurğulayıb.

Səhiyyə naziri onu da deyib ki, xeyirxah peşə sahibləri olan həkimlərin sözü, xəstəyə münasibəti dərmandan, əməliyyatlardan daha vacibdir:

“Son vaxtlar bu sahədə də müsbət tendensiya hiss olunur. Təəssüf ki, biz 120 minə qədər tibb işçisinin hamısının vicdanla xalqa xidmət etdiyini deyə bilmərik. Əlbəttə, tək-tək problemlər var. Amma əvvəllər mən ildə 4-5 təşəkkür məktubu alırdımsa, indi təkcə elektron poçta gün ərzində onlarla minnətdarlıq yazıları gəlir. Mətbuatda, televiziya kanallarında da səhiyyə ilə bağlı müsbət rəylər, yazılar artıb. Bu da sevindirici haldır”.



“Yoluxucu xəstəliklərin qarşısı alınıb”

Oqtay Şirəliyev deyib ki, bir çox ölkədə, hətta həmsərhəd dövlətlərdə dəfələrlə epidemioloji alovlanmalar olmasına, Azərbaycana çoxsaylı turistin gəlməsinə baxmayaraq, yoluxucu xəstəliklərin qarşısı alınıb.

Onun sözlərinə görə, Azərbaycanda epidemioloji sabitliyin qorunması sahəsində Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi ilə birgə fəaliyyət göstərirlər.



“İcbari tibbi sığorta fəaliyyətə başlayır”

Nazir icbari tibbi sığortadan da danışıb:

“İcbari tibbi sığortanın tətbiqi üçün güclü maddi-texniki baza lazım idi. Şərait, lazımi avadanlıqlar və s. olmadığı dövrdə tibbi sığorta tətbiq olunsaydı, uğursuzluqla nəticələnərdi. Ancaq bu gün belə problemlər yoxdur. Nəhayət, 2017-ci ilin yanvarında Yevlaxda və Mingəçevirdə icbari tibbi sığorta sınaq layihə kimi fəaliyyətə başlayır. Pilot layihənin uğurlu olması çox vacibdir, çünki onun nəticələrindən asılı olaraq bu sistem bütün ölkəyə tətbiq edilə bilər. İcbari tibbi sığorta tibbi xidmətin inkişaf etdirilməsi, keyfiyyətinin artırılması baxımından bizə hava-su kimi vacibdir”.



135 körpə xilas edilib

Səhiyyə Nazirliyinin məlumatına görəsə, ötən il çəkisi 1000 qramdan az olan 135 körpəni xilas etmək mümkün olub.

““Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib”.

Nazirlikdən bildirilib ki, əgər 2014-cu ildə körpə ölümü göstəricisi 10,2 promille idisə, 2016-cı ildə bu rəqəm beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla 11,2 promille təşkil edib. Ana ölümü əmsalı isə 2015-ci ildə 24 olduğu halda, bu il 22-yə enib.

Qeyd olunub ki, 2015-ci il yanvarın 1-dən ölkədə diridoğulmanın beynəlxalq meyarlarının tətbiqinə başlanılıb, 1000 qramdan az çəki ilə doğulmuş 295 yenidoğulmuşdan 135-ni xilas etmək mümkün olub.

Ana səhifəXəbərlərOqtay Şirəliyev: İki həftə sonra daha bir dərman zavodunun təməli qoyulacaq