Oğlu: “Atam hər iki gözlərini açaraq, əllərini hərəkət etdirir”
“Atamın səhhətində müsbət hallar artmağa başlayıb. Belə ki, infeksiyalardan və böyrəkdə olan geriləmələrdən tam azad olub”.
Bunu hazırda Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.
Onun sözlərinə görə, atasının müalicəsi qaydasında gedir. Hərarəti normala enib:
“Həmçinin hər iki gözlərini açaraq, əllərini hərəkət etdirir. Tezliklə gözəl xəbərləri vermək ümidi ilə“, – Oqtay Gülalıyevin oğlu əlavə edib.
Oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub. Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, hadisə Oqtay Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oqtay Gülalıyevi xəstəxanaya çatdırıb.
Oqtay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan “City Hospital”a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.
Sonradan müalicəsini davam etdirmək üçün o, Türkiyənin İstanbul şəhərinə aparılıb.
Bəzi ictimai fəallar qəzanın qəsdən törədilmədiyi ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasına şübhə ilə yanaşırlar.
Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.
Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, əsasən, əsassız sayırlar. Onların demələrinə görə, belə şikayətlər həqiqəti əks etdirmir və qərəzli olur.