Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxladı
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin övladı Əlgüşad Gülalıyevlə bağlı bu ilin yanvar ayında Bakı Apellyasiya Məhkəməsində başlanan cinayət işinə dair məhkəmə prosesi sona çatıb. Bu barədə Oqtay Gülalıyev məlumat yayıb. Məlumatda bildirilir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçən məhkəmə prosesində Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmündən müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə baxılıb və şikayət təmin edilməyib. Apellyasiya Məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya olduğu üçün məhkəmənin qəbul etdiyi qərarla Əlgüşad Gülalıyevin məhkum edilməsi ilə bağlı Xətai rayon Məhkəməsinin çıxardığı qərar hüquqi qüvvəyə minib.
Bakı Apellyasiya Məhkəməsinin son qərarına münasibət bildirən hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib ki, məhkəməyə təqdim edilən sübutları düzgün və obyektiv qiymətləndirməyib, ədalətli məhkəmə araşdırması aparılmayıb: “Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi tərəfindən verilən çoxsaylı vəsatətləri qəbul etməyib. Məhkəmədə şahidlərin, zərərçəkənin iştirak edib onların dindirilməsinə, iş materiallarına əlavə olunmuş video diskə baxış keçirilməsinə, Xətai rayon Məhkəməsinin protokollarının saxta tərtib olunması ilə bağlı faktların araşdırılmasına lüzüm görülməyib. Məhkəmə prosesinin qismən də olsa məhkəmə istintaqı ilə aparılmasına dair vəsatəti qəbul etməyib və istintaq olmadan məhkəmə iclasını keçirib, bununla yol verilən kobud qanun pozuntularına göz yumub”.
Apellyasiya Məhkəməsi şahidlərin məhkəmədə deyil, istintaq zamanı verdikləri ifadələri əsas götürüb. Qeyd olunub ki, şahidlərin məhkum Əlgüşad Gülalıyevin sinif yoldaşları olması faktı əsas verir ki, məhkəmə kollegiyası o fikrə gəlsin ki, sinif yoldaşları Əlgüşad Gülalıyevin cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiklərindən bu cür ifadələr vermişlər və bu baxımdan da onların ibtidai istintaq zamanı verdikləri ifadələr daha inandırıcı və əsaslı sübut kimi qəbul olunmalıdır.
“İş materiallarına əlavə olunmuş video diskdə əks olunmuş görüntülər sübut edir ki, məhkəmədə ifadə verən “şahidlər” həqiqətən baş verdiyi iddia olunan hadisə zamanı orda olmayıblar. Onlardan polis bölmələrində qanuna zidd şəkildə, azyaşlı olmalarına baxmayaraq, valideynlərinin iştirakı olmadan qorxu və təhdid altında ifadə alınması faktını birinci instansiya məhkəməsində iştirak edən onların valideynləri də təsdiq ediblər. Digər tərəfdən, cinayət işində şahid kimi tanınan və adları keçən Hüseynov Məzahir Qüdrət oğlu, Babayev Elnur Sabir oğlu və Məmmədov Orxan Əhməd oğlu təqsirləndirilən şəxs Gülalıyev Əlgüşadla bir sinifdə oxumurlar və şahidlərin onu məhz sinif yoldaşları olduqları üçün müdafiə etməsi barədə Apellyasiya instansiyasının gəldiyi qənaət yanlış və əsassızdır”- Gülalıyev qeyd edib.
Hüquq müdafiəcçisinin fikrincə, Apellyasiya Məhkəməsinin qəbul etdiyi yeganə düzgün qərar ondan ibarət olub ki, Xətai Rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmündə cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Gülalıyev Əlgüşada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə təyin edilən müddəlar xaric edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarından müdafiə tərəfi Ali Məhkəmənin Cinayət Kollegiyasına kassasiya şikayəti verib.
Əlgüşad Gülalıyev 2013- cü ilin sentyabrında yaşadığı NZS qəsəbəsində naməlum şəraitdə döyülərək bıçaqlanıb. İstintaq cinayətkarları tapıb məhkəmə önünə çıxarmaq əvəzinə, Ə. Gülalıyevin özünə cinayət işi qaldırıb və onun haqqında təqsirləndirilən şəxs qismində qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqını Bakı şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlər üzrə İstintaq Şöbəsi aparıb.