“Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?!”
Milli Məclisin dekabrın 7-də keçirilən toplantısında turizmin inkişaf etdirilməsindən danışılıb. APA-nın məlumatına görə, deputat Elşən Musayev deyib ki, turizm ölkənin ən yaralı yeridir:
“Turizmi bu vəziyyətdən çıxarmaq lazımdır. Turistləri ölkəyə cəlb etməliyik. Məsələn, dəfələrlə cənab prezident də AZAL-ın qiymətləri bahalaşdırması ilə bağlı iradlar səsləndirib. Biz AZAL-a dotasiya ayırırıq ki, qiymətlərdə endirim etsin. Əgər biz bunu etməsək, Azərbaycan turizm sahəsində Gürcüstandan qat-qat geri qalacaq”.
E.Musayevin fikirləri spiker Oqtay Əsədovun sərt reaksiyası ilə qarşılanıb.
“Elşən Musayev, əvvəla danışanda, bir az diqqətli ol. Necə yəni, ölkədə turizm inkişaf etməyib?!”, deyən spiker deputatı diqqətli olmağa çağırıb:
“Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar. Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı başqa sözdür, turizmin daha da inkişaf etdirilməsinə mane olan amillər başqa sözdür. Azərbaycanda bu il regionlarda turist əlindən tərpənmək olmurdu. Görmürdünüz bunları?! Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?!”