Onun yerə dağılan əti

Tarixini satıb, ətini qoruyanlar…

Source:

Uşaqlığım, dayımgilin “sovetski”dəki balaca evi, qonşular heç yadımdan çıxmır. Orta məktəbdə oxuyanda yay tətillərini keçirtmək üçün qaldığım “sovetski” küçələri. Bakını ordan tanımışdım. Kiçik həyətlərdə eyni darvazanın arxasında 5-6 qonşunun yaşadığını görəndə çox təəccüblənmişdim. Elə indi də, söküləni sökülüb, sökülməyənində yaşayış var.  Hərdən məktəbli uşaqların o sökülüb, xarabalığa çevrilən, evlərin içindən məktəbə getdiklərini  görürəm.  Sanki müharibədən sonra xarabalığa bənzəyir…

İş yerim “sovetski”nin yaxınlığında olduğu üçün, bəzən evə gedəndə  mən də  yolumu  o   məhəllərdən salıram. Burdakı o balaca, kasıb daxmalar adama qəribə təsir bağışlayır. Elə bil, keçmişin boyu addımlayırsan…

O gün işdən qayıdırdım. Bir yaşlı kişi üzü yuxarı çıxırdı, mənsə aşağı düşürdüm. Paltarından, havasından, yerişindən, hər şeydən hiss olunurdu kasıblığı. Əlində xeyli sellofan torba vardı, şəffaf torbaların içində nə olduğu uzaqdan, o dəqiqə bilinirdi: çörək, qənd, ət və s. Bilmirəm, ayağı sürüşdü ya yükü ağır idi. Qəfildən yıxıldı, əlindəki ərzaqların hamısı yerə töküldü. Qaçdım ki, kömək edib yerdən qaldırım. Həyacanla qışqırdı:

–       Mənlə işin olmasın!  Əti yığ, ətim getdi, ətim!

Çaşqınlıq içində bütün ərzaqların yerdən tapıb, verdim ona. Kişi o dəqiqə əlləri əsə-əsə birinci əti yoxladı, yerində olduğunu görüb, dua edə-edə getdi.

“Allah heç kimi ac qoymasın, başqasına möhtac etməsin…” tipli dualar… Kömək etmək istədim. Dedim ağsaqqal kişidir, hava da qaralmışdı, yenə də yıxılar. Dedi ki, yıxılmaqdan ona heç nə olmaz, onsuzda gözündə yaşamaq istəyi yoxdur, canından bezib…

Ölkənin vətəndaşları problem içində boğulur. Yazmaqdan, dirənməkdən, çəkib göstərməkdən heç nə olmur. Müxalifəti də 20 ildir elə iqtidarı kimi kresloda oturub. Güclər çox fərqlidir, xalqın gücü , əlində əti güclə tutub saxlamağa çalışan bu günki yaşlı ağsaqqalın gücü qədər zəifdir. Nə etməli, neynəməli, işin içindən necə çıxmalı. ..

Hansısa ticarət mərkəzində bu günlərdə  nəyinsə reklamını belə vermişdilər: “Tezliklə əliniz ətə çatacaq”. Düzü, bu reklamı görəndə bir anlıq, cəmiyyətin halı gözümün önündə canlandı.

Əliniz ətə çatmayacaq, hətta sizi nəinki ətə,  çörəyə də möhtac durumda buraxacaqlarmış kimi düşünmüşdüm bu yazının verdiyi mesajı. O qədər möhtac ki, birinci sağlamlığınızın yox, kilosuna  8 manat verdiyiniz ətin qayğısına qalacaqsınız.

Çox kədərli mənzərə idi yaşı 60- ı keçən , beli bir azca da bükülmüş, yaşlı bir adamın, “ətimi yığ, ətimi”deməsi.

Bu qədər pullar xərcləndiyi  ölkənin halı bu qədər acınacaqlıdır. Hara baxırsan, mərmər, daş, binalar, yolların üstündəki xəttlər belə o qədər aydın , səliqəli , yaraşıqlı görünür ki, üstündə gəzməyə heyfin gəlir.

300 manat maaş alan, 150 manat pensiya alan vətəndaşın ayda bircə dəfə olsun, ət ala bilməməsi, əslində, təəccüb doğurmur. Hələ bunun krediti, “albalı” kartı, o birisi, bu birisi də var. Üstünə kommunal xərcləri gələndə…oho, gəl  bu işindən çıx, görüm, necə çıxırsan.

Axrıncı dəfə taksi ilə Sumqayıtdan gələndə, 20 yanvarda sürücüyə pul uzatdım,amma bildirdi ki, nəinki xırdası, hətta üstündə qəpiyi belə yoxdur. Taksidən düşüb, bir neçə adamdan 10 manata xırdaları olub-olmadığını soruşdum. Adamlar yox dedikcə düşündüm ki, kiçik bir sorğu edim, görüm 10 manata xırda pulu olan varmı? Tam 10 adamın cavabı eyni oldu: gülə-gülə, bir azca da utanırmış kimi  “Sadəcə işə gedib-gəlmək üçün yol pulum ancaq var” dedilər.

Deməyin ki, az qala hər kəsin əlində bahalı telefon görürük. Deyəsən, yeni bir xəbər oxumuşdum  son vaxtlar kredit götürənlərin sayı 21 faiz artıb.

Ət yemək üçün çox işləmək yox, bəlkə də çox düşünüb, çıxış yolu tapmaq lazımdır.

Ana səhifəMənim FikrimcəOnun yerə dağılan əti