“Ombudsman Aparatına müraciət etdiyi üçün həbs edilmişdilər”

Polad Aslanovun qardaşı azadlığa çıxıb

Source: Meydan TV


Polad Aslanovun qardaşı azadlığa çıxıb

“Xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanovun qardaşı Niyaməddin Aslanzadə də avqustun 26-da həbs olunmuşdu. Avqustun 31-də 5 günlük inzibati həbs cəzasını başa vuraraq, azadlığa çıxan Niyaməddin Aslanzadə bildirib ki, onu Ombudsman Aparatının müraciəti əsasında həbs eləmişdilər.

Niuaməddin Aslanzadə deyib ki, bir müddət əvvəl Ombudsman Aparatıyla telefonla əlaqə saxlayaraq, cəzaçəkmə müəssisəsində aclıq edən qardaşının durumuyla maraqlanmadıqlarına görə irad bildirib. Ombudsman Aparatının nümayəndələri hüquq-mühafizə orqanlarına müraciət edərək, Niyaməddin Aslanzadənin onları təhqir etdiyini iddia ediblər:

“Şikayətdə mücərrəd bir şey yazıblar. Bilinmir ki, nə vaxt təhqir eləmişəm, nə demişəm ki, bunlar təhqir hesab ediblər. Əslində, heç bir təhqir olmayıb. Polad Aslanovun timsalında vətəndaşa qarşı biganəliyə görə iradımı bildirmişəm. Çünki Polad aclıq edirdi deyə, dəfələrlə Ombudsman Aparatına müraciət edib, durumunu diqqətdə saxlamalarını xahiş etmişdik”.

Niyaməddin Aslanzadə azadlığa çıxsa da, haqqındakı məhkəmə qərarından apelyasiya şikayəti verəcək. O, qərarı qanunsuz və əsassız hesab edir, onun ləğv edilməsini istəyir.

Jurnalistin qardaşı əlavə edib ki, onu həbsindən bir neçə gün əvvəl polis bölməsinə çağırıb, izahatını alıblar. Avqustun 26-da yenidən bölməyə dəvət ediblər. Bu dəfə isə oradan məhkəməyə aparıblar. Orada da haqqında 5 günlük inzibati həbs qərarı çıxarılıb.

“Vətəndaş insan hüquqlarını müdafiə etməli olan bir quruma zəng edib kömək istəyir, nəticədə şərlənərək həbs olunur”, – bunu isə Meydan TV-yə Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova deyib.

Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Baş redaktor isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəXəbərlər“Ombudsman Aparatına müraciət etdiyi üçün həbs edilmişdilər”