Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində yerləşən yarımçıq binada köçkün ailələri məskunlaşıb. Bina bir neçə yerdən aralanıb.
Divarların çatı sakinlərin evlərinin “bəzəyinə” çevrilib. Çəməngül Həsənova iki balasının buradakı şəraitsizliyin qurbanı olduğunu deyir.
Məcburi köçkünlər deyir ki, Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olduğunu bildirsə də, tədbir görülməyib. Sakinlər Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən tutmuş ölkə başçısına qədər şikayət yazıblar. Ancaq heç kimdən səs-soraq çıxmayıb.
Reyhan Əmirxanova 15 ildir bu evdə yaşayır. O, qorxusundan nəvələrini evə gətirmir. Deyir, hər sağ qaldıqları səhərə şükür edirlər.
Sakinlərin arzusu qorxusuz yaşaya biləcəkləri bir evdir. Onlar binadan köçürüləcəkləri günü gözləyirlər. Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov bildirib ki, qaçqınlar köçürüləcək, amma vaxtını dəqiq deyə bilmir.