Ötən il dekabrın 22-də, cəzasının bitməsinə 6 ay qalmış qəfil vəfat edən məhkum Elşad Babayevin işi üzrə yeganə şahid olan Yadigar Nuriyev də eyni cəzaçəkmə müəsisəsində müəmmalı şəkildə ölüb. “Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, redaksiyaya daxil olan informasiyada Y.Nuriyevin 14 sayı çəzaçəkmə müəssisəsində narkotik qəbul edərkən dozanı aşması səbəbindən öldüyü bildirilir. Lakin Elşad Babayevin baçısı Simuzər Babayeva Y.Nuriyevin də qəsdən öldürüldüyünü iddia edir. S.Babayevanın sözlərinə görə, Y.Nuriyev qardaşının ölüm işində yeganə şahid idi və onun da bu cür müəmmalı şəkildə ölməsi təsadüf deyil.
S.Babayevanın Meydan TV-yə göndərdiyi audio yazıda Y.Nuriyev öz gözləri ilə Elşad Babayevin neçə döyülərək öldürülməsindən danışır. Səs yazısında Yadigar Nuriyev bildirir ki, o müəssisə rəisin otağına girərkən E.Babayevin həbsxana işçiləri tərəfindən necə döydüyünü öz gözləri ilə görüb. Onun sözlərinə görə, Elşadı guya rəisə cavab qaytardığına görə cəzalandırmaq üçün əllərini bağlayıb, təpik, dəyənəklə vururlarmış:
“Elşadı rəisin gözü qarşısında döyürdülər. Adını da qoydular ki, guya ürək çatışmazlığından ölüb. Elşadla bir karserdə idik, döyüləndən sonra bədəni gömgöy idi. Onu kimlərin vurduğunu mənə özü də acıq-aydın dedi. Onu döyənlər rejim rəisi Faiq, müavini Hafiz, DPNK Vüqar və növbə rəisi Rahib olub. Karserə salandan sonra da aparıb bir də döydülər”.
Yadigar Nuriyev sözügedən ölüm işi ilə bağlı prokuror Cavid Abbasov tərəfindən dindirilərkən gördüklərini danışdığını da deyir. Onun sözlərinə görə, hadisənin bir neçə şahidi olsa da, onlar prokurorluğa danışmaqdan çəkiniblər. Y.Nuriyev deyir ki, bu olayla bağlı onun özünə də təzyiq etmək üçün pensiyasını bir ildir ki, vermirlərmiş və Elşad Babayev ölən gündən onu lüzum olmadığı halda müalicə müəssisəsinə yerləşdiriblər.
Simuzər Babayeva isə Meydan TV-yə müsahibəsində deyir ki, qardaşının ölüm işi ilə bağlı özü və qohumları təqiblərə məruz qalıb:
“Qardaşımın yas mərasimi davam etdiyi sürəcə bizi izləyirdilər. Mənim üstümə iki də maşın sürüblər, işimdən olmuşam. Mənlə birgə meyitxanada Elşadın meyitinin fotolarını çəkən və yayan qohumum Şəhla Rüstəmovaya da təzyiqlər oldu. Öncə onu təhdid etməyə başladılar, bu ilin yanvarında isə naməlum şəxslər tərəfindən fiziki təzyiqlərə məruz qaldı. Özlərini polis əməkdaşı kimi təqdim edən bir qrup şəxs Şəhlanı naməlum istiqamətə apararaq, ona fiziki zorakılıq göstəriblər. Həmin gecə onu yaşadığı mənzilin yaxınlığında küçəyə huşsuz vəziyyətdə tapıblar. Şəhla axırda başını götürüb ölkədən qaçmalı oldu”.
Məhkum Elşad Babayev 2014-cü ilin dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Ailə üzvlərinə onun ürək çatışmazlığından vəfat etdiyini bildirsələr də, bacısı S.Babayeva Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasında onun meyitinin fotolarını çəkməyə və yaymağa müvəffəq olub. Görüntülərdə Elşadın bədəninin müxtəlif nahiyələrində xəsarət izləri aydın sezilir. Qaradağ Rayon Prokurorluğu Cinayət Məcəlləsinin 309.1-ci – vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlasa da, sonradan cinayət tərkibinin olmadığı əsas gətirilərək işə xitam verilib.
(embedded content removed)