Tovuz rayon sakini: “Prezident görsün ki, kasıb adamların hörməti yoxdur”
“Oğlum ailə qurandan sonra minbir əziyyətlə özünə ev tikdi. Otaqlardan yalnız birini təmir edə bildi. Gəlinim də bayramqabağı öz evinə getdi. Dedi ki, işıq çəkdirib, Yeni ili öz evimdə keçirəcəyəm. Amma qismət olmadı, daha doğrusu, imkan vermədilər”.
Tovuz rayonu, Yanıqlı kənd sakini Vüsal Vilayət oğlu Hüseynov yeni tikdiyi evinə elektrik xətti çəkdirə bilmir. Vətəndaşın anası Bəsti İsa qızı Hüseynova Meydan TV-yə deyib ki, elektrik xəttinin çəkilməsi ilə əlaqədar “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin rayon üzrə “ASAN Kommunal Xidmət”inə müraciət ediblər. Vətəndaşın sözlərinə görə, lazım olan sənədlər təqdim olunduqdan sonra “Azərişıq” ASC-nin regional nümayəndəsi onlardan elektrik xəttinin çəkilməsi üçün əlavə pul istəyib:
“Məhəmməd adlı elektrik bizdən işığın çəkilməsi üçün 1300 manat pul istədi. Dedi ki, ev əsas elektrik enerjisinin yerləşdiyi ərazidən çox uzaqdır. Ona dedik ki, yaxınlıqda elektrik kabelləri keçir. Niyə oradan çəkmirsiniz? Bizə müxtəlif bəhanələr gətirdi. Onun dediyi məbləğdə pula da mənim gücüm çatmadı. Elə imkanlı deyiləm ki, təzədən ev tikim, ya da kirayə tutum. Evdən 180 metr aralıda elektrik naqillərindən işıq çəkmək istədik. Dedilər ki, sizi dama basarlar. Qorxumuzdan heç nə edə bilmirik, qaranlıqda qalmışıq”.
Bəsti Hüseynova deyir ki, oğlu və ailəsi – həyat yoldaşı, iki azyaşlı uşağı ilə birgə aylardır qaranlıqda yaşayır. Yeni tikilən evdə işıqla yanaşı, qaz da yoxdur:
“Oğlum əkin sahələrində 10-15 manata günəmuzd işləyir. Yolpulunun dərdindən evə həftədə bir dəfə gəlir. İki azyaşlı uşağı var, biri də bu yaxınlarda doğulacaq. Şər qarışan kimi çaqqal və canavarlar ulaşmağa başlayır. Uşaqların çığırtısı aləmlə bir olur, qaranlıqdan qorxurlar. Yeddi aydır ki, didərgin həyatı yaşayırlar. Gəlin səhər-axşam iki uşaq yanında, biri də bətnində gəlir. Toyuq-cücəni hindən çıxarıb yemləyir, geri qayıdır. Mən də bunlarla qalmışam iki evin arasında. Dərələr itlə doludur, tək buraxmağa qorxuram. Hansı əsrdə yaşayasan ki, neft lampası yandırasan? Prezidentin bu uşaqlara yazığı gəlsin. Ölkə başçısına səslənirəm, öz uşaqlarınız belə şəraitdə yaşasalar, nə edərsiniz? Dövlət imkansızlara yardım etməlidir. İşlə, sosial yardımla təmin etməlidir. İşığını, qazını düzəltməlidir. Belə yaşamaq olmaz”.
“Tovuz rayonunda vəzifədə oturanların hamısı rüşvətxordur. Rayon İcra Hakimiyyəti insanların şikayətinə baxmır”, – ailənin gəlini Pərvinə Hüseynovanın anası Sevinc Mürsəlova belə deyir:
“İşıq məsələsinə görə qızımı icra hakimiyyətinə aparmışam. Ora kim dərdini danışmağa gedirsə, icra başçısının müavini deyir ki, tullayın bayıra. Polislər də qadınları sürüyüb həyətə tullayır. Kimin pulu var, işığı yanır, qazı gəlir. Mənim balam da yanvar ayından işıqsız, qazsız qalıb. Prezidentimiz sağ olsun, uşaq böyüyən kimi əsgərə aparacaq. Daha deməyəcək ki, ana bu uşaqları qaranlıqda böyüdüb. Hamilə qadın yolu gedib-gəlməkdən ayaqlarında damarlar çıxıb. Hansı zəmanədə yaşayırıq ki, bu qədər müddət qaranlıqda yaşayasan? “Azərişıq”a getdim, müdir dedi ki, sənin qızına işıq düşmür. Soruşdum ki, niyə? Ermənistandan gəlib, ermənidir? Dedi ki, elektrik ustası imtina vurub. Mən də dedim ki, onu bura çağırın görüm, nəyə görə qonşuların işığı yanır, mənim qızımın isə işığı yoxdur? Yalandan məsafəni bəhanə etdilər. Harada görünüb ki, işıq xətti birbaşa transfarmatordan çəkilməlidir? Yaxın dayaq 180 metr məsafədə yerləşir. Prezident görsün ki, kasıb adamların hörməti yoxdur. Hamısı acından qırılıb, batır”.
Sevinc Mürsəlova deyir ki, pandemiya dövründə dövlət tərəfindən ailələrə ərzaq yardımı edilib. Lakin Yanıqlı kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi qızının ailəsinə ərzaq yardımı verməyib:
“Yaqub Qasımov gətirib, bütün qonşulara yardım paylayıb. Ət və ərzaq payladığı ailələrin hamısı da imkanlıdır. Prezident əmr verib ki, harada varlı adamlar var, ancaq onlara hörmət edin? Tovuz rayonunda prezidentin göstəriş və əmrlərinə, sərəncamlarına əməl etmirlər. Gedib, soruşmuşam ki, ay Yaqub müəllim, niyə bütün qonşulara yardım paylamısan, mənim uşağımdan başqa? Mənə qayıdıb deyib ki, yaxşı eləmişəm, get nə istəyirsən et. Yaxşı edirəm. Mən də demişəm ki, səndən böyük prezidentimiz var. Nə vaxtsa prezidentə başımıza açdığınız oyunlar çatacaq”.
Tovuz Rayon İcra Hakimiyyəti İnformasiya Təminatı və təhlil sektorunun müdiri Ceyhun Zeynalov Sevinc Mürsəlovanın sözlərinin həqiqət olmadığını deyib:
“Yalan danışırlar, burada polis heç kimin qolundan tutub bayıra atmır. Bu məsələdə icra hakimiyyəti nə edə bilər? Vətəndaş müraciət edir, məsafə hesablanır. Rüsum təyin olunur. Əgər vətəndaş hesab edir ki, ondan artıq pul istənilib, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər”.
Yanıqlı kəndinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yaqub Qasımov Meydan TV-yə bildirib ki, Vüsal Hüseynov evinə işıq çəkilməsi üçün müraciət edib:
“İki dəfə evə işıq çəkilməsi ilə bağlı arayış təqdim etmişik, baxış keçirilib, məsafə ölçülüb. Həmin ailədə də deyəsən, məsafə uzaq olduğu üçün bildiyim qədərilə imtina verilib. Yəni bizlik bir iş yoxdur. Əlavə xərc lazım olarsa, vətəndaş özü həmin pulu ödəməlidir. Bundan sonra işıq xətti çəkilməlidir. Pandemiya dövründə ailələrə verilən yardımlar qeydiyyat aparılaraq sənədləşdirilib. Lazım gələrsə, təqdim edə bilərik”.
Meydan TV elektik xəttinin çəkilməsinə cavabdeh olan “Azərişıq” ASC-nin Tovuz Rayonu üzrə regional idarəsi ilə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verən olmayıb.