Gözdən əlilliyi olan Kinəbacı Əliyeva oğlunun onu evindən çıxardığını iddia edir
Oğul birinci qrup gözdən əlil anasını evdən qovub. Kinəbacı Əliyeva 20 il əvvəl keçirdiyi yol qəzasında görmə qabiliyyətini itirib. Hadisədən sonra da həyat yoldaşından ayrılıb. Bir qızı, bir oğlu var. Deyir, həyat işığını itirməsinə baxmayaraq, bir ananın övladları üçün etməsi gərəkənlərin hamısını edib. Qızını köçürüb. Ancaq hazırda həyat yoldaşını itirdiyindən iki övladı ilə birgə yenidən onunla yaşayır.
“Gördüm qızım da qayıtdı, fikirləşdim ki, bir normal ev-eşik olsa, hamımız birgə yaşayarıq. Hacıbala Abutalıbov Suraxanının icra başçısı olanda əlilliyimə görə mənə torpaq bağışlamışdı. Həmin torpağın hamısını satdım. 26 min manat pul etdi. Həmin pula Xəzər rayonu, Binə qəsəbəsindəki Vaqif küçəsinin axırından müqavilə ilə 2 sot torpaq alıb, üstündə 3 otaqlı ev tikdirdim. Fikirləşdim ki, dünyanın işini bilmək olmaz, yaşlı adamam, sabah başıma nə gələcək bimirəm. Odur ki, torpağı oğlumun adına almışdım. Ancaq ev hazır olub, ora köçdüyümüzün ilk həftəsində oğlum məni evdən qovdu. Dedi “get, harada yaşayırsan, yaşa. Mən həyat yoldaşımla tək olmaq istəyirəm”. Öz oğlum, evim ola-ola qalmışam qardaşım oğlunun evində. Dərdimi kimə danışım, bilmirəm”.
Kinəbacı Əliyeva deyir ki, oğlu bir dəfə boşanıb, yenidən evlənib. Boşanan zaman da Suraxanı rayonundakı evini satıb, 7 min 200 manatını keçmiş gəlininə verib:
“Həyatımı övladlarıma həsr etmişəm. Gözüm görməsə belə, onlara yük olmaq istəmirəm. Masaj kursuna yazılıb, masaj etməyi öyrəndim ki, övladlarıma bir xeyrim dəysin. İndi qohum-qonşudakı uşaqları, ehtiyacı olanları masaj edib pul qazanıram. İndiyə kimi həmin pulların hamısını qəpiyinə kimi ailəmə xərcləmişəm. İndi də oğlumun məni necə küçəyə ata bilməsinə yanıram”.
Binədəki evi də əziyyətlə tikib başa gətirib. Ancaq içində ikicə gün yaşayıb: “Xəstə gözümlə əziyyət çəkə-çəkə 3 aya həmin evi birtəhər tikib başa gətirdim. Hətta yaşana biləcək səviyyədə təmir də etdim. Gözüm görməyə-görməyə, qapı-qapı gedib camaatı masaj edib, pul qazana-qazana tikmişəm o evi. Dekabrın 13-də evə köçdük. Ondan iki gün sonra açarı dəyişdilər. Qızımı və məni evə buraxmadılar. Gəlin də mənə bildirdi ki, “bu evdə sənin heç bir haqqın yoxdur. Ərimin adınadır, biz aiddir”. Bizi beləcə evə buraxmadılar. Oğlum da mənə dedi ki, “həyətə gəlsən, səni sürüyüb ayağımın altına qoyacam””.
Kinəbacı Əliyeva nə az, nə də çox, düz 34 min manat pul qoyub həmin evə. Buna baxmayaraq, hazırda qardaşı oğlunun evində yaşayır: “Qızım və iki nəvəm də mənimlə qalır”.
Şikayətçi başına gələnlərlə bağlı polisə, məhkəməyə müraciət edib:
“Məhkəmədə iddia qaldırmışam ki, işə baxsınlar. Ancaq məni müdafiə edəcək vəkilim belə yoxdur. Heç vəkil tutmağa pulum da yoxdur. Xahiş edirəm mənə kömək edin”.
Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli bizimyol.info-ya deyib ki, K.Əliyeva məhkəmədə torpaq sahəsi oğlunun adına olsa da, torpaq sahəsini özünün aldığını və evin tikintisinin xərcini özünün ödədiyini sübut etməlidir: “İkincisi, vəkil xidməti ilə bağlı məhkəməyə ərizə verməlidir ki, onun maddi imkanı yoxdur. Xahiş etməlidir ki, dövlət hesabına vəkil xidməti ilə təmin olunsun. Məhkəmə qərar çıxarır və onu Vəkillər Kollegiyasına göndərir. Kollegiya da onu dövlət hesabına pulsuz vəkillə təmin edir. Qadının şansı onun məhkəmədə evin tikintisində olan maddi iştirakını təmin etməyindən asılıdır”.
Məsələyə münasibət öyrənmək üçün Kinəbacı Əliyevanın oğlu Aydın Əliyevə müraciət etdik. Ancaq o, bu haqda danışmaq istəmədi: