11 yaşlı Əfsun Vəlizadə qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkir
Şəkinin Baş Göynük kənd sakini Əvəz Vəliyev oğlunun yaşaması üçün yardım istəyir.
O, Meydan TV-yə deyib ki, 11 yaşlı oğlu Əfsun Vəlizadə böyrək polikistozu və qaraciyər sirrozundan əziyyət çəkir.
Atanın sözlərinə görə, Əfsun doğulduqdan bir müddət sonra göbəyinə infeksiya düşüb, sepsis xəstəliyi keçirib:
“Yeni doğulan uşaq infeksiyadan sonra bir aya qədər xəstəxanalarda müalicə olundu, sağaldı. Vəziyyəti yaxşı idi. Bir müddət öncə qızdırması qalxmağa başladı. Müayinə zamanı böyrək polikistozu xəstəliyi aşkarladılar. Başladıq, böyrəyin müalicəsinə. Bu həkim- o həkim gəzəndə, bu dəfə də qaraciyərdə problem çıxdı. Bu ilin martından uşaq dializə düşüb. Şəki ilə Bakı yolunda qalmışıq, həftədə üç dəfə uşağa dializ qoşulur”.
Hazırda uşağın müalicəsi Mərkəzi Klinikada aparılır.
Əvəz Vəliyevin sözlərinə görə, 11 yaşlı Əfsuna qaraciyər köçürülməlidir. Bunun üçün isə ümumilikdə 70 min manat lazımdır:
“Donor özüməm. Çıxış yolu ancaq əməliyyatdır. İmkanı olanlardan kömək istəyirəm”.
Azərbaycanda ilk dəfə orqan transplantasiyası (böyrək köçürülməsi-red.) 1971-ci ildə akademik Mirməmməd Cavadzadə tərəfindən icra olunub. Müəyyən səbəblərdən bu iş dayanıb. 2008-ci ildən Azərbaycanda orqan köçürülməsi bərpa edilib. Əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasının İnsan Orqan və Toxumalarının Transplantasiyası Mərkəzinin rəhbəri, cərrah-transplantoloq Mircəlal Kazımi tərəfindən aparılmağa başlanıb.
Mircəlal Kazımi 2008-2021-ci illər arasında ümumilikdə 1500-dən çox orqan transplantasiyası icra edib.
Bu ilin avqustuna olan nəticələrə görə, 293 nəfərə qaraciyər köçürülüb. Əməliyyat daha çox böyüklərdə aparılıb – 248 (84.6 %) nəfər. Qaraciyər transplantologiyası olan kişilər çoxluq təşkil edib – 167 nəfər (56 %). Qadınlar 126 (43 %), uşaqlar isə 45 (15,3 %) nəfərdir.
“Rəqəmlər real xəstələrin sayından xəbər vermir. Əməliyyata ehtiyacı olan xəstələrin sayı bu rəqəmdən daha yüksəkdir. Gecikmələr, maddi imkansızlıqdan və orqan çatışmazlığı səbəbindən baş verir”, – Mircəlal Kazımi açıqlamasında deyib.
Azərbaycanda yalnız canlı qohum orqanlarından istifadə edərək, köçürmə əməliyyatı aparılır.
1999-cu ildə qəbul olunan “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əsasən şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və toxumalarından istifadəyə icazə verilir. Qanun buna icazə versə də, bu günə qədər Azərbaycanda hələ də belə əməliyyat icra olunmayıb.
Qanunun tələbinə əsasən orqanın bağışlanması könüllülük əsasında həyata keçirilir. Orqanın satılmasına icazə verilmir və buna görə qanunvericilikdə cəza qaydaları mövcuddur.
Cinayət Məcəlləsinə əsasən hər hansı bir insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədilə götürülməsinə məcbur edilərsə, qarşı tərəfə ən az 2000 manatdan 5000 manatadək cərimə və ya üç ilədək həbs cəzası gözləyir.
2020-ci ilin sonlarında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda dəyişiklik edilib. 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni qanunda insan orqanlarının donorluğu, onların transplantasiyasının təşkili və əlaqələndirilməsi, transplantasiya məqsədilə canlı donordan orqanların götürülməsi əksini tapıb.
Həmçinin yeni qanuna əsasən, meyit orqanlarından istifadə mümkün olacaq.
Canlı orqan köçürülməsi yalnız canlı qohum donorundan qaraciyər və böyrəklə məhdudlaşır. Yeni qanunla meyit orqanlarından istifadə ilə digər orqanların da transplantasiyasına geniş yer veriləcək.
Hazırda qaraciyər transplantasiyası əməliyyatı Mərkəzi Gömrük Hospitalı, Mərkəzi Neftçilər Xəstəxanası, Mərkəzi Klinika, Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, Gəncə Müalicə Diaqnostika Mərkəzində aparılır.
Azərbaycanda qaraciyər köçürülməsi əməliyyatı 40-45 min, böyrək köçürülməsi isə təxminən 12 min manat civarındadır. Bu qiymətə həm xəstənin, həm də donorun əməliyyatı, dərmanlarla təmin edilməsi daxildir.
İcbari Tibbi Sığorta Agentliyindən Meydan TV-yə bildirilib ki, orqan köçürülməsi əməliyyatı sığorta xidmətləri zərfinə daxil deyil.