”Oğlumu zorla cinayətkar edirlər”

Qəribə Məmmədova oğlu Pərviz Məmmədovun külli miqdarda narkotik vasitəni saxlama iddiası ilə şərlənərək həbs olunduğunu deyir. Ana danışır ki, 2014-cü il aprelin 25 də Səbail rayon 8-ci polis bölməsinin rəisi Füzuli Hümmətov “bir söz soruşacam” deyərək, Pərvizi yanına çağırıb. Bundan sonra Pərviz Məmmədov cinayətdə günahlandırılıb:

“Qayınım Ruslan dedi ki, Pərvizi buraxmadılar, Füzuli müəllim məni aldatdı. Pərviz otağa girən kimi məni çıxardı, onun əlini qandalladı. Səbəbini soruşdum, bilmədi. Durub ağlaya-ağlaya bölməyə getdim. Dedim, məni Füzuli müəllimlə görüşdürün, görüm balamı hansı səbəbdən saxlayıblar, günahını biz də bilək. Polislər məni götürüb atdılar çölə. Nə qədər dedim ki, özümü öldürəcəm, yandıracam, balamı mənə göstərin, göstərmədilər”.

Pərviz Məmmədov Səbail rayon 8-ci polis bölməsi tərəfindən narkotik istifadəçisi kimi saxlanılıb və məhkəmənin qərarı ilə 1 il azadlıqdan məhrum edilib.

Qəribə Məmmədova deyir ki, yoldaşı onkoloji xəstədir. Onun səhhəti yol vermədiyindən oğulları ilə özü maraqlanmağa məcbur olub. Qadının sözlərinə görə, bir ili birtəhər dözəndən sonra övladlarına qovuşsalar da, sevincləri uzun çəkməyib. Bir aprel səhəri evlərində qohumlarının toyuna hazırlaşarkən polislər basqın edib:

“Məni itələyib içəri keçdilər, oğlumu tutdular. Nə olduğunu soruşdum, demədilər. Oğlumu sürüyə-sürüyə apardılar, elə bir bir cinayətkarı aparırdılar. Oğlum elə çırpınırdı, elə bir qəfəsdə quş idi”.

İki saatdan sonra xəbər gəlib ki, Pərviz Məmmədovdan külli miqdarda narkotik tapılıb. Ana deyir ki, o gündən sonra 22 yaşlı qızı da özünə gələ bilmir. Qardaşının polislər tərəfindən sürüyə-sürüyə aparıldığı səhnə yaddaşına ömürlük həkk olunub:

“Hər cür şərlədilər. Mən üzümü prezidentimə tutub yalvarıram, bunlar mənim oğlumu zorla cinayətkar edirlər. Xahiş edirəm prezident ətrafında işləyən vəzifəliləri nəzərdən keçirsin. Hamısını yoxlatdırsın, mənim balamın orada çürüməsinə yol verməsin”.

Valideyn bildirir ki, hər iki hadisə Füzuli Hümmətovun rəhbərliyi ilə həyata keçirilib. Ananın sözlərinə görə, oğluna bölmədə təzyiq olunub ki, Badamdarda “Bulaq” kafesində baş vermiş atışmanı, eləcə də bir sıra cinayətləri üzərinə götürsün.

Məsələ ilə bağlı Səbail rayon Polis idarəsinin rəis müavini Füzuli Hümmətovla əlaqə saxlamaq mümkün olmayıb. İdarədən Meydan TV-nin suallarını cavablandırmayıblar.

Ana səhifəVideo”Oğlumu zorla cinayətkar edirlər”