“Oğlumu polislər döyüb öldürüblər”

“Gündüz Tarverdiyev rəydə yazıb ki, Mirəlinin sağ və sol dirsək oynaqlarının ön səthində nöqtəvari yaralar – iynə yerləri var”.

Source: Specify Source


Ata: “Polis rəisi Bəylər Əyyubovun qohumudur deyə işi ört-basdır edirlər”

Xaçmaz sakini İsmayıl Aydəmirov 7 ay əvvəl oğlunu itirib. Atası Mirəlinin ölümünə görə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarını ittiham edir. Deyir ki, 26 yaşlı oğlunu polis şöbəsində döyüb öldürüblər.


“Bunu eləməyə vicdanları necə yol verir?”

Hadisə bu il mayın 26-dan 27-nə keçən gecə baş verib. İsmayıl Aydəmirov danışır ki, gecə saat 02.50 radələrində polis şöbəsinin əməliyyatçıları Mirəlini küçədə tutub aparıblar. Təxminən bir saat sonra polis şöbəsinə təcili tibbi yardım briqadası çağırılıb və Mirəli Aydəmirov xəstəxanaya çatdırılıb. O, mayın 27-də axşam saat 18.40-da Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

“Mən və anası o uşağı min cür əzabla böyüdüb, 26 yaşına çatdırmışdıq. Bir neçə harınlamışın zorakılığının qurbanı oldu. Məni yandıran həm də budur ki, bu cinayəti ört-basdır eləməyə çalışırlar. Üstündə açıq-açkar işgəncə izləri ola-ola iddia edirlər ki, guya mənim uşağım artıq dozada narkotik qəbulundan ölüb. Bunu eləməyə vicdanları necə yol verir?”, – İsmayıl Aydəmirov kövrələrək danışır.

Onun sözlərinə görə, mayın 27-də axşamüstüyə qədər oğlunun başına gələnlərdən xəbərləri olmayıb. Saat 16.30-da sahə müvəkkili zəng edərək, polis şöbəsinin rəis müavini Faiq İlyasovun onunla görüşmək istədiyini deyib: “5-6 nəfər də başqa polislərin yanında mənə dedi ki, guya Mirəlinin vəziyyəti “peredoz” nəticəsində pisləşib. Oradan xəstəxanaya getdim, reanimasiyada idi. Anasını yanına buraxdılar, girib gördü. Çıxıb dedi ki, bütün bədəni gömgöy, qançırdı, barmaqlarının baş hissəsi nə vəziyyətdədi. Dərhal bildik ki, uşağımı döyüb bu vəziyyətə salıblar. Bir az sonra bizə xəbər verdilər ki, keçinib, morqa aparıblar. Morqdan meyiti bizə təhvil verənə qədər Xaçmaz Rayon Polis Şöbəsinin vəzifəliləri meyitxananın ətrafında bizi mühasirəyə almışdılar”.

photo-2020-12-31-17-04-09.jpg
DİN Baş Cinayət Axtarışı İdarəsinin rəisinə ərizə


“Videoya baxsınlar, görsünlər ki, polis şöbəsinə o vəziyyətdə gəlmişdi?”

İsmayıl Aydəmirov deyir ki, oğlunun dəfnindən dərhal sonra onun ölümündə günahı olanların cəzalandırılması üçün hüquqi müstəvidə mübarizəyə başlayıb. Onun sözlərinə görə, ilk günlərdən Xaçmaz Rayon Prokurorluğunun bu işi obyektiv araşdırıb, polis əməkdaşlarını cəzalandırmaq niyyətində olmadığından şübhələnib. Polis şöbəsindəki videokameraların görüntülərinə baxış keçirilməsinin istəyib. Bu məqsədlə Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Arzu Daşdəmirova da müraciət edib: “Mənə materiallarla tanış olmağa imkan verilmirdi. Ekspertiza rəyini görəndə bildim ki, bunlar artıq saxtalaşdırmaq yolunu tutublar. Gündüz Tarverdiyev rəydə yazıb ki, Mirəlinin sağ və sol dirsək oynaqlarının ön səthində nöqtəvari yaralar – iynə yerləri var. Bununla sübut eləmək istəyirlər ki, narkotik istifadəçisi olub, təzə iynə yerləridir. Mirəli hadisədən az əvvəl – mayın 18-də Mərkəzi Rayon Xəstəxanasının poliklinikasında olub, ona iynə-dərman, sistemlər yazılıb. Poliklinikanın da iynə otağında ona sistemlər köçürülüb. Bundan sui-istifadə edirlər. Mirəli uşaqlıqdan nevroloji xəstəlikdən əziyyət çəkib. Araşdırmaq istəyən olsa, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından, Respublika Uşaq Nevroloji Xəstəxanasından, Dövlət Sosial Müdafiə Fondundan bu haqda öyrənə bilər. Yaxud da yazıb ki, meyitin üzərindəki qançır və sıyrıqlar ölümdən 1-2 gün, hətta 20-25 gün əvvələ də uyğun gəlir. Mən də ona görə deyirəm ki, videogörüntülərə baxsınlar, görsünlər ki, Mirəli polis şöbəsinə o vəziyyətdə gətirilmişdi?”


“Rəis Bəylər Əyyubovun qohumudur”

Xaçmaz Rayon Prokurorluğu dörd ay sonra belə nəticəyə gəlib ki, Mirəli narkotik maddədən zəhərlənmə səbəbilə vəfat edib, polis əməkdaşlarının əməllərində cinayət tərkibi yoxdur. Sentyabrın 14-də bu iş üzrə cinayət işi başlanmasının rədd olunması barədə qərar çıxarılıb.

photo-2020-12-31-17-04-03.jpg
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən İsmayıl Aydəmirovun vəkilinin sorğusuna göndərilən cavab

İsmayıl Aydəmirov deyir ki, prezident və vitse-prezidentdən tutmuş, Baş Prokuror Kamran Əliyev, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ombudsman Səbinə Əliyevaya qədər müxtəlif dövlət orqanlarına çoxsaylı teleqramlar, məktublar göndərib: “Kasıb adamam, bilirsiniz o məktublara, teleqramlara nə qədər pul vermişəm?! İstəyirəm ki, zülmlə böyütdüyüm uşağımın qanı yerdə qalmasın. Bu gün mənim uşağımı vəhşicəsinə öldürənlər cəzasız qalanda sabah da bir başqasının uşağına qarşı eyni şeyi eləyəcəklər. Polisin işi asayişin keçiyində durmaq, cinayətin qarşısını almaq, insanları qorumaqdır, adam öldürmək deyil ki. Adamı döyüb öldürmək cinayət olduğu kimi, bu işi ört-basdır eləmək də cinayətdir. Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun qohumudur. Ona görə bu işi ört-basdır eləyirlər. İndi arxalarında dayananları var, bəs axirətdə kim dayanacaq ki, bu boyda günahın altına girirlər?”


Baş prokurorun birinci müavini qərarı ləğv edib…

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən İsmayıl Aydəmirovun vəkilinin sorğusuna göndərilən cavabda göstərilib ki, gecə saat 03.52-də təcili yardım briqadası çağırış əsasında polis şöbəsinə gedib: “Xəstə ağır qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, komatoz vəziyyət, alnın sol nahiyəsinin əzilməsi və qançırı, sağ saidin sıyrılmış yarası” diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən tibbi yardım və reanimasion tədbirlərə baxmayaraq, saat 18.40-da keçinib”.

Prokurorluqdan Meydan TV-yə bildirilib ki, Xaçmaz Mirəli Aydəmirovun ölüm faktı üzrə cinayət işi başlanmasının rədd edilməsi haqda 14 sentyabr 2020-ci il tarixli qərar ləğv olunub. Baş prokurorun birinci müavini Elçin Məmmədovun 6 noyabr 2020-ci il tarixli ləğv qərarından sonra bu ölüm işi üzrə materiallar əlavə araşdırma aparılması üçün Xaçmaz Rayon Prokurorluğuna qaytarılıb.

photo-2020-12-31-17-01-11.jpg
“Gündüz Tarverdiyev rəydə yazıb ki, Mirəlinin sağ və sol dirsək oynaqlarının ön səthində nöqtəvari yaralar – iynə yerləri var”.
Ana səhifəBölgə“Oğlumu polislər döyüb öldürüblər”