“Oğlumu mənə görə həbs ediblər”

M.İbrahim İdman Akademiyasının məzunudur, İspaniyada Madridin “Real” futbol klubunda kurs keçib, UEFA-a ona lisenziya verib.

Source:


Məmməd İbrahim oğlunun təhlükəsizliyindən narahatdır

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim deyir ki, siyasətdən kənar fəaliyyətlə məşğul olan oğlunu ona görə həbs ediblər. Futbol məşqçisi, dörd yaşlı bir qız atası olan Mehdi İbrahim iyulun 14-də Qarabağa və Milli Orduya dəstək yürüşündə iştirak edib. Həmin gecə saxlanılaraq, Xətai rayonu, 37-ci polis bölməsinə gətirilib. Günlərdir orada saxlanılan M.İbrahim bir həftə sonra virus yaymaqda ittiham olunaraq, barəsində cinayət işi başlanıb.

“Yürüşə qoşularaq, Şəhidlər Xiyabanına qədər gedib. Orada izdihamdan aralı, funikulyora yaxın bir yerdə dayanıb. Yürüşün sonunda aranın qarışdığını görüb evə qayıtmaq istəyib, yolda polislər saxlayıb. Özündən başqa 117 nəfərlə Xətai rayon 37-ci polis bölməsinə gətirilib. Orada 24 saat saxlandıqdan sonra 101 nəfər buraxılıb. Buraxılanların siyahısında Mehdinin də adı olub. Telefonunu da özünə qaytarıb, buraxılacaq olanların içində saxlayıblar. Son anda “idarədən göstəriş gəldi, sən qalırsan” deyib, telefonunu alıblar, sözarası atasının kim olduğunu vurğulayıblar”, – Məmməd İbrahim Meydan TV-yə bildirib.

Atasının sözlərinə görə, Mehdi günahsızlığına əmin olduğu üçün çox rahat olub, amma onu polis bölməsindən Baş Prokurorluğun İstintaq İdarəsinə aparandan sonra anlayıb ki, artıq ailə üzvlərinin siyasi fəaliyyətinə görə saxlanılır. M.İbrahim deyir ki, oğluna “necə olur ki, ailənizdə hamı cəbhəçidir, sən YAP-çı?”, "niyə həmişə atan anketdə yazır ki, iki oğlum var?”, “səni atan göndərmişdi o yürüşə?” kimi suallar verilib.

M.İbrahimə qarşı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə ittiham irəli sürülməsinə gəlincə, atası deyir ki, oğlunda əvvəldən heç bir xəstəlik olmayıb. Onun polis bölməsində saxlandığı müddətdə koronavirusa yoluxdurulması və daha sonra bundan sui-istifadə edilməsini ehtimal edir:

“İyulun 20-də axşam Mehdini və Novruz Alışov adlı bir gənci Xətai Rayon Polis İdarəsinə apardılar. Biz də getdik. Az sonra ora TƏBİB-in xususi geyimliləri gəldi. Ürəyimə nəsə gəlsə də, “bu yaramazlığa getməzlər” deyib, həmin fikri özümdən uzaqlaşdırdım. Mehdini maşından düşürüb apardıqdan sonra, Novruzu düşürüb apardılar. 15-20 dəqiqə sonra Novruzu qaytarıb polis maşınına mindirib, 37-ci şöbəyə qaytardılar. Mehdini soruşduqda, növbətçi polis onun haqqında 48 saat saxlama qərarı verildiyini dedi. Təsəvvür edin, 6 gün heç nə demədən saxladıqdan sonra “48 saat saxlama qərarı”. İyulun 21-də isə vəkillə gedəndə Mehdiyə Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işinin qaldırıldığını öyrəndim. Qərarla tanış olanda gəldim. O adamlar bu maddə ilə ittiham oluna bilərdi ki, əvvəlcədən bu xəstəliklə evdə məcburi müalicəyə cəlb olunub, evi tərk etməmək barədə xəbərdarlıq edilib. Mehdidə isə belə şey olmayıb. Mehdi hər gün 8103-ə SMS yazaraq evdən çıxıb işinin dalınca gedib. Əgər evdə məcburi müalicəyə cəlb etsəydilər, yəqin ki, SMS icazəsi verməzdilər. Çünki belə adamların icazəsi bloklanır. İndi mən övladımın sağlamlığından, təhlükəsizliyindən çox narahatam”.

116042375_10222528396934385_6470153889872651108_n.jpg
Mehdi İbrahim

M.İbrahim İdman Akademiyasının məzunudur, İspaniyada Madridin “Real” futbol klubunda kurs keçib, UEFA-a ona lisenziya verib.

M.İbrahimin ittiham olunduğu Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 2500 manatdan 5000 manata qədər cərimə, 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

M.İbrahim YAP-ın, onun digər iki qardaşı Turan və Toğrul İbrahimlər isə AXCP-nin üzvüdür. Onlar hazırda Türkiyədə təhsil alır. Turan İbrahim də etiraz aksiyalarında iştiraka görə həbs olunub.

Onların atası 2015-ci ildən 2019-cu ilə xuliqanlıq ittihamıyla həbsdə olub. Yerli və beynəlxalq insan haqları təşkilatları ona qarşı ittihamın əsassız olduğunu, siyasi fəaliyyətinə görə həbs edildiyini bəyan edib. 2018-ci ildə M.İbrahimin 3 illik cəza müddətinin başa çatmasına 2 gün qalmış onun barəsində yenidən cinayət işi başlanıb. Cəzaçəkmə müəssisəsindəki döşəyində bıçaq tiyəsi tapıldığı iddia olunaraq, cəza müddəti daha 6 ay uzadılıb. Amma M.İbrahim həmin əşyanın yatağına bilərəkdən qoyulduğunu, məqsədin isə onun həbsdən buraxılmasının qarşısını almaq olduğunu bildirib.

Ana səhifəSiyasət“Oğlumu mənə görə həbs ediblər”