Oğurluqda təqsirləndirilən Asif Həmidovun anası prezidentə müraciət edib
Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirləndirilərək həbs olunan Asif Həmidovun anası Yeganə Həmidova prezidentə müraciət edib.
A. Həmidov 2017-ci il avqustun 24-dən həbsdədir. O, Penitensiar xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılır. Anası deyir ki, onunla bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Cinayət işini Nərimanov rayon Polis İdarəsi araşdırır.
“Oğlum taksi fəaliyyəti ilə məşğuldur. Hadisə baş verən zaman Sumqayıtda olub. Həmin şəxslər müştəri kimi oğluma müraciət edərək, onları taksi ilə dedikləri ünvana aparmalarını xahiş edib. Oğlum da taksi xidməti göstərdiyindən, onları müştəri kimi dedikləri ünvana aparıb. Onların oğurluğa getmələrindən xəbəri olmayıb. Yalnız avqustun 24-də həbs olunandan sonra onların getdikləri ünvandan oğurluq etdiklərini bilib. Oğlum ifadəsində də bu hadisəyə aidiyyəti olmadığını göstərib”.
Yeganə Həmidova oğlunun işgəncəyə məruz qaldığını da söyləyib:
“İstintaq Təcridxanasından verilən məktubdan görünür ki, Asif Qərib oğlu Həmidov 28 avqust 2017-ci ildə təcridxanaya daxil olarkən ilkin tibbi müayinədən keçirilib. Müayinə zamanı sağ gözaltı nahiyəsində bənövşəyi rəngli qançır, sol tərəf kürək sümüyü proyeksiyasında iki ədəd, bel nahiyəsində bir ədəd zolaqşəkilli qançır, sol tərəf dirsək oynağında qərtməkli yara aşkar edilib”.
Asif Həmidovun döyülməsi ilə əlaqədar Nərimanov rayon Prokurorluğuna şikayət olunub. Həmin şikayət əsasında araşdırma aparıldığı bildirilsə də, hələlik, heç bir nəticə yoxdur.
Nazpəri Dostəliyevanın evindən oğurluq hadisəsi 2017-ci il avqustun 19-da baş verib.
Nərimanov rayonu, Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən mənzilə qapı qıfılına açar seçmə üsulu ilə daxil olaraq, oradan seyfi çıxarıblar. Ev sahibəsi iddia edir ki, seyfdə çox böyük dəyərdə zinət əşyaları, pul və sənədlər olub.
Hadisə ilə əlaqədar beş nəfər həbs olunub.