Deputatlar İnzibati Xətalar Məcəlləsində olan bir sıra məhdudiyyətləri aradan qaldırıblar
Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bəzi deputatların intizamsızlıqda günahlandırıb.
O, iclasın gündəliyinə səsvermə zamanı deputatların səsvermədən yayınmasına narazılığını bildirib.
Deputatlar İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişiklikləri ləğv ediblər.
Ləğv olunan dəyişikliklər sırasında sürücünün söhbətə görə cəzalandırılması və zədələnmiş avtomobilin təmirinə icazə məhdudiyyətidir.
Güc strukturları yalnız Ali Baş Komandan qarşısında hesabat verir
“Prokurorluq haqqında” qanuna dəyişikliklər müzakirə edilən zaman deputat Qüdrət Həsənquliyev sənəddə istintaq sirrləri istisna olmaqla, bütün digər işlər barədə Baş Prokurorluğun parlamentə məlumat verməsi barədə müddəa əksini tapmasını təklif edib.
O təklif edib ki, Baş prokuror və ya nümayəndəsi ildə bir dəfə Milli Məclisin plenar iclasında məlumat versin.
Deputat Siyavuş Novruzov isə bildirib ki, Konstitusiyaya görə, hökumət parlament qarşısında hesabatlı olsa da, güc strukturları hökumətə daxil deyil.
“Güc strukturları yalnız Ali Baş Komandan qarşısında hesabat verir. Təsəvvür edin ki, müdafiə naziri parlament qarşısında ümumi vəziyyət barədə hesabat verir. Onu hərə bir cür mətbuata açıqlayacaq. Ona görə də müharibə şəraitində buna ehtiyac yoxdur”.
Ödənişli yollar olacaq
Azərbaycanda ödənişli yolların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə “Avtomobil yolları haqqında” qanuna dəyişikliklər edilib. Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Bu məsələlərə avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, bu istifadənin dayandırılması və xitam verilməsi qaydası və halları daxildir.
Hazırda ödənişli avtomobil yolları yerli və respublika əhəmiyyətli avtomobil yollarında, o cümlədən ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilərdisə, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilər.
Daxili və ya xarici borcalma ilə dövlətə ziyan vuranlar cəzalanacaq
Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə edilən dəyişiklikdə borcalma ilə bağlı yeniliklər əks olunub. Layihəyə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin müvafiq icra hakimiyyəti orqanının razılığını almadan daxili və ya xarici borcalması dövlətə xeyli miqdarda ziyan vurduqda inzibati və ya cinayət məsuliyyətinə cəlb ediləcəklər. Bu əmələ görə, cərimə və azadlıqdan məhrumetmə cəzaları da nəzərdə tutulub.
Xaricdən daxil olan sorğuları səhv və ya gec cavablandıranlar cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə ediləcəklər.
Bundan başqa deputatlar Azərbaycanda Silahlı Qüvvələrində xüsusi xidmətlərinə görə təltif ediləcək şəxslər üçün “Rəşadət” ordeni təsis olunmasının lehinə səs veriblər.
Qanun layihələri səsvermədən sonra qəbul edilib.