Dekabrın 12-dən etibarən bir qrup azərbaycanlı Laçın-Xankəndi yolunda çadır quraraq aksiya keçirir. OC Media Xankəndidən (erməni tərəf Stepanakert adlandırır) reportaj hazırlayaraq, şəhər əhalisinin vəziyyətini göstərməyə çalışıb. Meydan TV həmin reportajı tərcümə edərək öz oxucularına təqdim edir.
Dekabrın 12-də özlərini “eko aktivist kimi” təqdim edən bir qrup azərbaycanlı mülki şəxs Laçın dəhlizinə daxil olaraq Dağlıq Qarabağı faktiki olaraq mühasirəyə alıblar. OC Media yazır ki, Dağlıq Qarabağın Ermənistan və dünya ilə həyati önəmə sahib əlaqəsi kəsildiyi üçün insanlar humanitar böhran yaşanmasından qorxurlar.
“Arevik” Tibb Mərkəzinin direktoru Karen Melkumyan deyir:
“Əgər bu məsələ belə davam etsə, uzun müddət ayaqda qala bilməyəcəyik. Payız-qış fəsli kəskin şəkildə yayılan xəstəliklər mövsümidir və xəstəxana dolub daşır”.
“Arevik” Tibb Mərkəzi Dağlıq Qarabağın yeganə uşaq xəstəxanasıdır. OC Media əməkdaşları dekabrın 16-da Melkumyanla danışanda Dağlıq Qarabağa verilən qaz artıq 3 gün idi ki, kəsilmişdi. Ermənistandan Dağlıq Qarabağ bölgəsinə qaz daşıyan boru kəmərləri hazırda Azərbaycan hökumətinin nəzarətində olan ərazidən keçir. Bu ərazidən keçmişdə də bölgəyə təzyiq göstərmək məqsədilə istifadə edilib.
“Uşaqlar üşüməsin deyə palataları elektrikli isidici ilə qızdırırıq. Görürsünüz ki, xəstəxana binasının dəhlizləri soyuqdur və biz ikiqat paltar geyinib oturmuşuq” – deyə Melkumyan əlavə edib.
Elə həmin gün də bölgəyə qaz verilib
“Bizdə olan dərmanları az-az istifadə edirik ki, əgər hər hansı bir uşaq qəflətən ağır xəstələnərsə, ilk növbədə ona kömək edə bilək” – Melkumyan bildirir.
“Arevik” Tibb Mərkəzinin cəmi bir təcili yardım maşını var. Həmin təcili yardım maşını da yollar bağlanmamış xəstəni Yerevana apardıqdan sonra hazırda mühasirəyə alınmış ərazinin digər tərəfində qalıb.
Ancaq təcili yardım maşını olsa belə, bunun işə yarayıb-yaramayacağı bəlli deyil. Çünki mühasirə şəraiti kəskin yanacaq çatışmazlığına səbəb olub.
Stepanakertin (Xankəndi) küçələri sakit və boşdur, demək olar ki, heç maşın gözə dəymir. Laçın dəhlizinin başladığı şəhərdən Ermənistana gedən yolun kənarında isə insanlar yolun açılmasını gözləyirlər.
“Artıq bizdən tüstü iyi gəlir, üç gündür gecə-gündüz bu ocağın yanında oturmuşuq. Çimə bilmirik”,- deyir.
“Stepanakert hava limanını istifadəyə vermək istədiklərini deyirlər. Onda mən Qarabağda heyvan satmaq üçün Boinq ilə uçmalıyam?” deyə həmin şəxs soruşur.
“Bu, açıq şəkildə humanitar fəlakət yaratmağı hədəfləməkdir”
Azərbaycan hökuməti həm yolun bağlanması, həm də qazın kəsilməsinə görə məsuliyyəti boynundan atır, birinci məsələni Rusiyanın sülhməramlılarına, ikinci məsələni isə Ermənistan hakimiyyətinə bağlayır.
Prezident Arayik Harutyunyan isə 16 dekabrda yayımladığı postda belə açıqlama verib: “Azərbaycan beş gündür ki, “emosional” və saxta ekoloji bəhanələrlə, diqqət cəlb edən gündəm yaradaraq Artsaxın [Dağlıq Qarabağın] 120.000 sakininin tam mühasirəyə alıb və bununla da Artsax ermənilərini humanitar fəlakətlə üz üzə qoyub.”
“Amma görüldüyü kimi, Artsax xalqı diz çökmür və 21-ci əsrə uyğun gəlməyən və mülki əhali üçün demək olar ki, təsəvvür edilə bilməyən hazırkı proseslərin öhdəsindən qürurla gəlir”.
İnsan Hüquqları Müdafiəçisi ofisinin sözçüsü Marina Simonyan yolun açılmaması halında gözlənilən humanitar fəlakət barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, region əhalisi, o cümlədən 30 min uşaq, 20 min qoca və 9 min əlil sadə humanitar yardıma çıxış imkanından məhrum olub.
“Azərbaycanın Laçın dəhlizini mühasirəyə alması ciddi şəkildə beynəlxalq humanitar hüquq normalarını pozur və açıq şəkildə Qarabağda humanitar fəlakət yaratmağa yönəlib”, – Simonyan OC Media-ya bildirib.
Simonyan əlavə edib ki, 270-i uşaq olmaqla, 1100-ə yaxın insan hazırda yolda qalıb və evlərinə geri dönə bilmirlər.
“Hər gün Ermənistan Respublikasından Qarabağa taxıl, un, tərəvəz, meyvə və məişət malları da daxil olmaqla 400 ton mal idxal olunur” – deyə o, qeyd edib. “Hazırda bu malların Qarabağa çatdırılması tamamilə dayandırılıb”.
Dekabr ayının 18-nə qədər artıq zəruri ləvazimatların və dərmanların çatışmazlığı barədə məlumatlar yayılmışdı.
Simonyan əlavə olaraq xəbərdarlıq edir ki, mühasirə artıq “ciddi tibbi böhrana” gətirib çıxarıb.
“Təcili müalicəyə ehtiyacı olan və xəstəxanaya yerləşdirilməli olan ağır xəstələrin köçürülməsi mümkünsüz hala gəlib və bu insanların həyatları təhlükə altındadır”.
“Qoyun işığımızı da kəssinlər”
Mühasirə şəraitinin çətin olmasına baxmayaraq, insanlarda itaət etməmək ruhu var.
“Qoyun bir neçə günlük qazımızı, işığımızı kəssinlər. Eybi yox, evdə isinmək üçün odunla qalayarıq”, – Ella Qəmbəryan qeyd edir.
“Onlar bir yerdə sülh içində yaşaya biləcəyimizi deyirlər, amma azərbaycanlı qadının boğaraq öldürdüyü göyərçin kimi bizi boğmaq istəyirlər. Bu, çoxunun anlamadığı bir işarə idi. Bizə də eyni şeyi etmək istəyirlər”.
Birinci Dağlıq Qarabağ müharibəsi zamanı oğlu həyati xəsarətlər alan Qəmbəryan belə deyir: “Mən buranı tərk etməyəcəyəm, gedəcək başqa yerim yoxdur”.
“Belə çətin zamanlarda ailəmiz üçün belə bu torpağı tərk etməmişik” – o deyir. “Üstəlik mən doğma kəndim Çaylıya qayıtmaq istəyirəm”, – Qəmbəryan əlavə edir.
Stepanakertdə (Xankəndi) ticarətlə məşğul olan Almira Xaçatryan da eynilə belə düşünür.
“Onlar yolu bağladılar, qazı da kəsdilər, qoyun işığı da kəssinlər eybi yoxdur, mən yaşayacam”, – o deyir. “Mən buranı tərk etməyəcəm. Şam işığında yaşayacağıq, isinmək üçün yatağa girərik. Biz səbr edirik, yaradıcı xalqıq”.
Ancaq müharibə qarabasması hələ də bu yerlərə uzun kölgələr salır.
“1990-cı illərdə biz illərlə təcrid olunmuş şəraitdə yaşadıq; O vaxt necə dözdüksə, indi də dözəcik” – Xaçatryan davam edir. “Mən sadəcə yenidən bir belə gəncin ölməsini istəmirəm”.