Bu gün sənin ad günündür. Yaşasaydın, 31 yaşın tamam olacaqdı. Əziz dostum, sənin ölümünlə heç zaman barışmayacağam. Nə qədər qəribə olsa da, hələ də dilim gəlmir sənə “Allah rəhmət eləsin” deməyə. Dəfn mərasimində də bu sözləri eşidəndə çox qəribə hisslər keçirirdim. Necə yəni “Allah Rəhmət eləsin”? Bəyəm Rasim ölüb?
Hələ də qəbul edə bilmirəm sənin ölümünü. Elə bilirəm harasa getmisən və qayıdacaqsan. Sən etibarlı dost idin – hər sirrimi, dərdimi bölüşə biləcəyim bir dost. Həmişə uzun söhbətlərdən sonra səndən soruşardım ki, Rasim bəs görəsən bütün bu işlərin axırı necə olacaq? “Fikir eləmə, düzələcək, yaxşı olacaq” deyirdin. Çox optimist idin. Hətta bəzən əhvalımı düzəltmək üçün “Güzəl günlər görəcəyik, çocuklar” mahnısını da oxuyardın.
Bəlkə də, biz gözəl günlər görəcəyik. Hərçənd, heç bir ümidim qalmayıb buna. Bu ölkədə gözəl gün görmək müşkül məsələdir. Bəs sən? Axı sənə necə qıydılar? Sən ölmək istəmirdin. O qədər arzuların, o qədər planların var idi ki. Biz dostların toyuna getməyi planlaşdırırdıq. Sən ev tikirdin özünə. “Evi tikim, qurtaran kimi ailə quracam”- deyirdin .
Hər şeyi yarımçıq qoydular. Evin də qapısız-bacasız qaldı. Arzular o qədər idi ki, saymaqla bitməz, amma arzularımızı gözümüzdə qoydular. Səni döyərək öldürdülər. Sənin ölümündə təqsirli bilinənlər sənin dediyin kimi təkcə tərbiyəsiz deyildilər. Onlar həmdə vicdansız, qansız, amansız, vəhşi idilər. Belələrinin futbolda qazandığı qələbələr, etdikləri qəhrəmanlıqlar bizə lazım deyil. Dövlət idman sahəsinə, idmançılara milyonlar xərcləyir.
Bu yerdə Sokratın bu sözləri yerinə düşür. “Məni həmişə təccübləndirirdi ki, bayramlarda və atletlərin, pəhləvanların yarışlarında yarışlarında qaliblərə böyük mükafatlar verirlər. Ümumi rifah üçün cərimə çəkənlərə, yalnız özünə deyil, həm də cəmiyyətə faydalı olmağa çalışanlara nə mükafat verirlər, nə də hörmətlə yada salırlar. Halbuki, onlar ehtirama daha çox layiqdirlər. Zira atletlər ikiqat güclü olsalar belə, heç kəsə fayda gətirməyəcəklər. Düşünən insan isə onun fikirlərinin bəhrələrinə qoşulmaq istəyən hamısına faydalıdır”.
Sən gördüyün işlə Azərbaycan üçün faydalı biri idin. Həmişə mübarizə meydanında idin. Professional reportyor, əsl jurnalist idin. Nə qədər mitinqlərdə, aksiyalarda, məhkəmələrdə birlikdə işləmişik. Çox səbirli və təmkinli idin. Həmişə birlikdə işlədiyin xanımlara “müəllimə” deyə müraciət edirdin. Mənə də tez- tez belə müraciət edirdin. Çox xoşuma gəlirdi sənin mənə belə müraciət etməyin. Hətta səni çox əsəbləşdirəndə belə özündən çıxmırdın. “Ay uşaq” deyib başlayırdın nəsə izah eləməyə.
Sənin çox böyük ürəyin vardı. Sən bütün qəlbinlə vətəninə bağlı idin . Vətənində olan bütün haqsızlıqlara, bütün çətinliklərə baxmayaraq, onu qarşılıqsız çox sevirdin. Sənin kimi namuslu, dürüst, vicdanlı, şərəfli, cəsarətli oğullara bu ölkənin ehtiyacı var. Amma bu ölkədə sənin kimilərin qiyməti sıfıra bərabərdi.Sənin yeganə mənfi xüsusiyyətin gecikmək idi. Həmişə, hər yerə gecikirdin. Gözümüz yollarda qalırdı . İndi isə bir ömür boyu gözləyəcəyik səni.
Sənin ölümünlə bu ölkədə səhiyyə sisteminin bərbad gündə olduğuna bir daha əmin olduq. Rasimin ölümünə həkimin vaxtında müdaxilə etməməsi də səbəb oldu. Amma nə olsun ki, sənin ölümündən bir neçə gün sonra Səhiyyə Nazirinə “Şərəf ordeni” verdilər. Səhiyyəni zəlil günə qoyanlar mükafatlandırıldı. Rasim kimi həyatını xilas etmək mümkün olan insanları həyata qaytarmadıqlarına görə.
Sənin kimi dostu itirmək çox ağırdı. Sən işinlə, davranışınla hər kəsə yaxşı bir örnək idin. İndi mənim və digər dostlarının üzərinə düşən sənin yolunu, işini davam etdirməkdi. Nur içində yat, dostum. Səni heç zaman unutmayacağıq!
Ad Günün Mübarək!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…