Bu yaxınlarda Səhiyyə Nazirliyinin bir qərarı ilə tanış oldum “Tibb” qəzetində. Burda xatırlayıb təkrar özümün və sizin qanınızı qaraltmaq istəmirəm. Sözügedən qərar ilk baxışdan adamda elə təəssürat oyadır ki, sanki tibbdən, səhiyyə sistemindən başı çıxmayan adamlar oturublar Səhiyyə Nazirliyində. Yazırlar, pozurlar, qərarlar verirlər. Tibbə bir qram da aidiyyatı yoxdur bunların.
Vəzifəyə təsadufi gəlmiş adamlardır sanki. Biri incəsənət xadimidir,digəri aqronom, bir başqası da müstəntiq. Hərə öz ölçüsünə, öz səviyyəsinə uyğun söz deyir, fikir yürüdür. Reallıq hissini itiriblər. Sanki başqa planetdə oturub, Azərbaycan haqqında, Azərbaycandakı həyat haqqında fikir yürüdürlər.
Bunların uçulub-tökülən xəstəxanalardan, boğaza kimi cəhalətə bulaşmış həkimlərdən, keyfiyyətsiz dərmanlardan xəbərləri yoxdur. Mən bildiyim hələ budur, içində olduğum səhiyyə sistemidir.
Bəs neyləməli? Sadə sualın sadə də cavabı var. Ağıllı olmaq. Burda söhbət beyin qırışlarından və yaxud ikinci siqnal sisteminden getmir. Öz işinə ağılla yanaşmaqdan gedir. Azərbaycandan xaricdə nə qədər savadlı azərbaycanlı həkimlər var ki, öz yaşadıqları ölkələrdə yüksək reytinqə sahibdirlər. Istəsəniz, internetden maraqlana bilərsiniz. Sözün əsl mənasında dünya səviyyəli həkimlər.
Bəs nə zamansa, o həkimləri Azərbaycana, Tibb universitetinə dəvət eləyiblərmi? Dərs deməyi, mühazirələr söyləməyi, təcrübələrini bölüşməyi təklif ediblərmi? Onların elmi işini Azərbaycan dilinə tərcümə edib, dərsliklərə salıblarmı? Kitabxanalara veriblərmi? Hansısa xaricdə yaşayan həmyerlimizə təklif ediblərmi ki, müqavilə əsasında gəlsin 1 ay, para ay mühazirəsini desin?
Mən bilmirəm, eşitməmişəm. Ən azından, özüm təhsil aldığım 2001-2007-ci illərdə də belə bir şeylə rastlaşmadım. Eləmirlər, çünki sərf eləmir özlərinə. Nazirlikdəki islahata getmək istəmir, çünki dərman, klinika biznesinə ziyandır. Ölkədə bu sektorda çalışan hamıya açıq-aydın məlumdur ki, xaricdən gətirilən dərmanlar hansı yolla “analiz olunub” lisenziya alınır. Neçə ildir ki, televiziyalar başda olmaqla, insanların beyninə “həkim-keyfiyyətsiz dərman söhbətini yeridirlər. Ama bir adam qalxıb demir ki, bu dərmanlar hansı yolnan gəlir ölkəyə? Kim bunlara lisenziya verir?
İndi bütün bunlar göz qabağında ola-ola hansı islahatdan danışmağa dəyər?
Universitetindəki islahata getmək istəmir, çünki biznesinə ziyandır. Təhsil aldığım illərdə bir dənə xarici müəllifin kitabı tərcümə olunub, çap olunmadı. Ancaq öz kitabları, vəssalam. Özü də tələbələrə məcburi qaydada satılmaq şərtilə. Biznes, biznes yenə də biznes. Ölkə başdan ayağa biznes obyektinə çevrilib. Qocaman professorların çoxu islahata getmir, bilirlər ki, sonları olacaq sistem dəyişilsə. Çünki quru müqəvvadırlar. Yüngül təkan lazımdır uçurub, dağıtmağa. Birdəfəlik başa düşün ki, bunun sonu yoxdur. Bu, baş aldatmaqdır. Səhnəciklər qurublar orda, komediya, faciə oynayırlar.
Dahilərdən kiminsə sözüdür bu, adını dəqiq deyəmmiyəcəm: Bizim ən böyük müəllimimiz, səhvlərimizdir. Səhvlərimizdən nəticə çıxartmalı və reallıq hissinə qayıtmalıyıq. Son hadisələr də bunu göstərdi ki, indiyə kimi bu ökədə qanunvericilik, nə bilim, dövlətçilik, islahat hamısı sadəcə bir imitasiyadır. Birdəfəlik başa düşməli və başa salmalıyıq ki, artıq indən belə heç nəyi dəyişmək mümkün deyil.
Yeganə dəyişiləsi şey varsa da, artıq qocalan, kötükləşən özləridir. 23 ildə dəyişilmiyən şeyi 2-3 ildə dəyişmək absurddur. Bu məqsədsiz, sonu görünməyən bir işdir. Axırı necə olacaq hara çıxacaq, məlum məsələdir.
Canımızın sağlamlığına fikir verək, cənablar. Çünki görüləsi hələ çox işlərimiz var.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…