Jurnalist həm saxlanılarkən, həm də prokurorluqda döyüldüyünü deyir
Sentyabrın 26-da Bakı Apelyasiya Məhkəməsində jurnalist Nurlan Qəhrəmanlının (Libre) haqqında 30 günlük həbs qərarından verilmiş şikayətə baxılıb. Hakim İlqar Murquzovun sədrliyilə keçirilən məhkəmə prosesində jurnalistin özü də iştirak edib.
Onun vəkili Elçin Sadıqov çıxışında deyib ki, Nurlan Qəhrəmanlıya İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə 30 günlük həbs cəzası verilib. O, sosial mediadakı paylaşımlarına görə cəzalandırılıb. Lakin onun paylaşımlarında yayılması qadağan olunan heç bir informasiya yoxdur. Vəkilin sözlərinə görə, Nurlan Qəhrəmanlı müharibə əleyhinə olub və bu istiqamətdə paylaşımlar edib. Bunları da qadağan olunmuş informasiya kimi dəyərləndirmək olmaz.
Jurnalistin həbsini söz və ifadə azadlığının pozulması kimi dəyərləndirən vəkil Nurlan Qəhrəmanlının necə saxlandığını da hakimlərin nəzərinə çatdırıb.
Jurnalisti sentyabrın 21-də yaşadığı Sumqayıt şəhərində evdən 4-5 nəfər zorakılıqla aparıb. Onu öncə Sumqayıt Şəhər Polis İdarəsinə, oradan isə Baş Prokurorluğa gətiriblər. Sosial media hesabındakı paylaşımlarına görə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsində Nurlan Qəhrəmanlı haqqında protokol tərtib olunandan sonra isə o, Yasamal Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Hakim Hüseyn Səfərov da onun haqqında 30 günlük həbs qərarı verib.
Nurlan Qəhrəmanlı bildirib ki, təkcə evdən aparılanda yox, prokurorluqda da döyülüb. Zorakılıq həbsinin ilk günlərində təcridxanada da davam edib.
Jurnalist və vəkilinin dediklərinə baxmayaraq, Bakı Apelyasiya Məhkəməsinin hakimləri qərarı dəyişməyib. 30 günlük həbs qərarı qüvvədə saxlanıb.
Vəkil Elçin Sadıqov bildirib ki, Apelyasiya məhkəməsinin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.
Sentyabrın 20-dən bu yana son bir həftə ərzində Azərbaycanda müharibəyə qarşı olan bir çox ictimai fəal həbs olunub.