Spiker qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərib
Azərbaycan məhkəmələrində nümayəndəlik institutunun ləğvini nəzərdə tutan dəyişikliklər layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb. Spiker Oqtay Əsədov buna qanun layihələrinin hazırlanmasındakı çatışmazlığı səbəb göstərib.
Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı təklif olunur. Layihə Ali Məhkəmənin sədri tərəfindən oktyabrın 6-da təqdim edilib.
Komitə iclasında müzakirə edilərkən bildirilib ki, layihələr məhkəmə-hüquq islahatları çərçivəsində tərtib olunub. Məqsəd məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunmasıdır.
Qeyd olunub ki, məhkəmə təcrübəsi göstərir ki, təqdim olunan ərizələrin çoxu qeyri-peşəkar şəkildə tərtib edilir. Bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Amma qanunvericiliyə edilən dəyişiklik vəkillik institunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması zərurətini yaradır.
Ancaq təklif edilən layihə cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksər hüquqşünas və ekspertlər təklifə qarşı çıxaraq, nümayəndəlik institutunun ləğv edilməsinin vətəndaşların hüquqlarının müdafiəsi sahəsində ciddi problemlərə yol açacağını bildiriblər.
Qeyd edilib ki, ölkədə vəkillərin sayı 1000 nəfərə çatmadığından, nümayəndəlik institutu olmadan vətəndaşların məhkəmələrdəki işlərində böyük çatışmazlıqlar yaranacaq.