NRGİ iradları nəzərə alaraq Azərbaycanla bağlı hesabata düzəliş edib

Neft, Nurlan Mammadzada/shutterstock

İnstitutdan Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasına məktub gəlib

Mərkəzi London və Nyu-Yorkda yerləşən Təbii Resursların İdarə Edilməsi İnstitutu (NRGİ) Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasının iradlarını nəzərə alaraq hesabatda düzəlişlər edib.
Bu barədə Meydan TV-yə sözügedən koalisiyanın, eyni zamanda “Ödədiyini Açıqla” Təşkilatının Qlobal Şura üzvü Fuad Həsənov məlumat verib.

İndeks üzrə yanlış nüanslar

NRGİ 2021-ci il üzrə Resursların İdarə Edilməsi İndeksini açıqlayıb. Qurumun bundan əvvəlki hesabatı 4 il əvvəl yayımlanmışdı. Sonuncu, ötən ili əhatə edən qiymətləndirmədə 18 resurs ölkə əhatə olunur. Hesabatda Azərbaycan üzrə İndeks 2021-ci ilin noyabr ayının 25-də açıqlanıb və Azərbaycanın neft-qaz sektoru 2017-ci illə müqayisədə 9 bənd yüksələrək 2021-ci il Resursların İdarə Edilməsi İndeksində mümkün 100 baldan 56 bal toplayıb.

Fuad Həsənov deyir ki, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Azərbaycan üzrə məlum İndeksi araşdıraraq bu ilin fevral ayında mövqe sənədi ortaya qoyub və İndeks üzrə yanlış hesab etdiyi nüansları açıqlayıb.

Koalisiyanın qənaətinə əsasən, ümumən 2021-ci il üzrə Azərbaycan üçün Təbii Resursların İdarəedilməsi İndeksi reallığa adekvat deyil.

NRGİ-dən QHT Koalisiyasına cavab

NRGİ Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasına cavab məktubu göndərərək vətəndaş cəmiyyətinin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib. Həmçinin mövqe sənədində göstərilmiş xüsusatlar üzrə şərh və iradları diqqətlə araşdırdıqlarını, Azərbaycan üzrə cari İndeks sənədində qiymətləndirmədə bir sıra düzəlişlər edildiyini vurğulayıb.

TRİİ (NRGİ)-ın Resursların İdarə Edilməsi Proqramının (İndeksin hazırlanması) rəhbəri Erika Vestenberqin (Erica Westenberg) imzasıyla Fuad Həsənova göndərilən 9 səhifəlik cavab məktubunda deyilir ki, qaldırılan hər bir məqam yaxından nəzərdən keçirilib.

Yazılır ki, cavablar 16 komponent üzrə verilib. Yekun olaraq, hər bir TRİ/RGI(Resource Governance İndex) sualını və müşahidələrlə bağlı göstəriciləri nəzərdən keçirdikdən sonra 4 sualın cavabında dəyişikliyə zərurət olduğu qənaətinə gəlinib və dəyişikliklər İndeks sənədində həyata keçirilib.

Fuad Həsənov. Foto: Meydan TV

Proqram rəhbəri Koalisiyanın İndeks üzrə mövqe və rəyini yüksək qiymətləndirdiyini, İndeks üzrə davamlı müzakirəyə hazır olduğunu bildirib.

“RGI idarəetmənin bütün sahələrini əhatə edə bilməz”

TRİİ rəhbəri cavab sənədində qeyd edib ki, mövzuları araşdırmaq üçün bütün ölkələrdə vahid indekslər hökumət siyasətlərinin uyğunluğunu və ya uğurunu qiymətləndirə bilmir.

“Məlumatların təqdimatında biz bu məhdudiyyətləri aydın şəkildə təsvir edirik. Xüsusilə, RGI (Resursların İdarə Edilməsi İndeksi) Metodunun Xülasəsində qeyd edildiyi kimi: RGI müəyyən bir ölkənin siyasətlərinin uyğunluğunu ölçmür. Əksinə, RGI-də biz idarəçiliyi məlumatın açıqlanması, şəffaflıq və nəzarətlə bağlı qaydaların, qanunların və ya siyasətlərin, faktiki təcrübələrin mövcudluğu kimi müəyyən edir və qiymətləndiririk”, – cavab məktubunda deyilir.

Təşkilat həmçinin indeks metodologiyasında mükəmməl qiymətləndirmə üçün məhdudiyyətlər və çatışmazlıqları etiraf edir:

“İndeks həm ilkin tədqiqatdan (Dəyərlərin Reallaşdırılması və Gəlirlərin İdarə Edilməsi komponentləri üçün sorğu vərəqəsi), həm də Əlverişli Mühit üzrə üçüncü komponent üçün ikinci dərəcəli məlumatlardan hazırlanır. Suallar obyektivdir və müxtəlif ölkə kontekstlərində tətbiq oluna bilər. 2021 RGI-də sorğu vərəqəsinə şəffaflıq və hesabatlılıqla bağlı 136 sual daxil edilmişdir ki, bunlar qanunun/siyasətin mövcudluğu və ya təcrübədə məlumatın açıqlanması barədə soruşur”.

Bununla belə, bildirilir ki, RGI hökumət siyasətlərinin konkret ölkənin kontekstinə uyğun olub-olmadığını qiymətləndirmir və o, idarəetmənin bütün sahələrini əhatə edə bilməz:

“İdarəetmənin bəzi elementləri RGI çərçivəsi ilə ölçülə bilməz, çünki onlar hazırkı metodologiya və müddət çərçivəsində mümkün olmayan tədqiqat tələb edir. Biz RGI-ni dialoqa təkan verən vasitə kimi görürük ki, bu da bu idarəetmə məsələlərinin daha dərindən araşdırılmasına imkan verir”.

SOCAR-ın Müşahidə Şurası ilə bağlı sualın cavabına yenidən baxılacaq

MHŞT Koalisiyasının ekspertləri hesab edir ki, RGI-nin hesabatında SOCAR-ın İdarə Heyətinin və Müşahidə Şurasının əksər üzvlərinin hökumətdən müstəqil olması ilə bağlı iddia düzgün deyil.

Erika Vestenberq də məktubunda etiraf edib ki, tədqiqat zamanı cavab yanlış olaraq İdarə Heyətinə əsaslanıb, nəinki Müşahidə Şurasına. Onun sözlərinə görə, təkrar araşdırmadan sonra belə qənaətə gəliblər ki, Dövlət Müəssisəsinin Direktorlar Şurasının müstəqilliyi sualının cavabına yenidən baxılsın.

SOCAR Baş ofis
Mənbə: SOCAR

Erika Vestenberqin məktubunda o da qeyd olunur ki, əlavə araşdırmalardan sonra SOCAR-ın Müşahidə Şurasının 2021-ci ilin yanvarında yaradıldığı məlum olub. Ona görə də 2021-ci il RGI-də qiymətləndirilən 2019-2020-ci illər üçün düzgün balı C (0) təşkil edir. Beləliklə, Dövlət Müəssisəsinin Korporativ idarəetmə təcrübəsi indikatoru dəyişdirilərək nəticədə yenidən 50 kimi hesablanacaq.

Koalisiyanın ekspertlərinin irad bildirdikləri məsələlərdən biri də o idi ki, 2018-ci ildə qəbul edilmiş və hesabat dövründə cəmi bir il işləmiş, sonra isə təxirə salınmış fiskal qayda faktı bu komponentdə heç bir artıma səbəb olmamalıydı. Sənədə əsasən, hökumət 2018-ci ildə Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı fiskal qaydalarını təkmilləşdirib. Lakin qiymətləndiricilər hökumətin Fonddan vəsaitlərin çıxarılmasını cəmi bir il ərzində dayandırdığını “unudubar”.

NRGI isə belə qənaətə gəlib ki, pandemiya zamanı maliyyə qaydalarını dayandıran ölkələr bunun üçün aşağı bal alarsa, bu, qiymətləndirmələri təhrif edə bilər. Buna görə də, bütün qiymətləndirilən ölkələrə tətbiq edilən 2021 RGI metodologiyası ondan ibarətdir ki, 2020-ci ildə fiskal qaydaların dayandırılması “Tətbiq olunmur/Digər” meyarlarına aid edilir:

“Bu məlumat diqqətdən kənarda qalmadı, həqiqətən də cavabın əsaslandırılmasında dayandırılma qeyd olunub. Bu xüsusi metodologiya həm fiskal qaydaya, həm də Suveren Rifah Fondundan (SRF) vəsait çıxarılması qaydalarına tətbiq edilir”.

Qiymətləndirmə balı dəyişdirildi

TRİİ/NRGİ İndeksi hazırlayarkən 2.3.2c – Suveren Rifah Fondundan vəsaitlərin çıxarılması qaydasına riayət etmə ilkin qiymətləndirmədə A(100) balla qiymətləndirilib. Yəni balların hesablanmasında əhəmiyyətli rola malik olub. Cavab məktubunda deyilir ki, koalisiyanın mövqe sənədindəki şərhi əsasında təkrar yoxlamadan sonra balla qiymətləndirmə “Tətbiq edilmir/Digər” meyarına dəyişdirilib.

Koalisiya isə hesab edir ki, bu düzəliş rəqəmlə ifadə edilməli idi və sıfırlana bilərdi.

Koalisiyanın daha bir qeydində göstərilir ki, Azərbaycan 2017-ci ilin martında Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MSŞT) çıxdıqdan və vətəndaş cəmiyyətinin bu prosesdə iştirakına xitam verilməsindən sonra ölkədə mədən sənayesində şəffaflıq standartlarının tətbiqi, bu sahədə ictimai nəzarətin təşkili sahəsində vəziyyət pisləşib.

2020-ci ilin iyulunda isə yeni yaradılmış hökumət komissiyası da ləğv edilib və Dövlət Statistika Komitəsinə (DSK) şəffaflıq üzrə hesabat vermək tapşırılıb. Ona görə də 2017-ci ildən sonra Azərbaycanda yerli QHT-lər şəffaflıq prosesində iştirak imkanlarını tamamilə itiriblər. 2018-ci il üçün MHŞT üzrə son hesabat dərc olunub. O vaxtdan bəri hasilat sənayesi ilə bağlı etibarlı məlumatlar açıqlanmır və bu məlumatlara çıxış məhduddur.

RGİ proqram komandası koalisiyanın bu qeydinə cavab olaraq bildirib ki, Azərbaycanın MHŞT-yə aidiyyəti olmadığı və hesabat vermədiyi bir dövrdə Suveren Rifah Fondu üçün balların daha yüksək olmasının əvvəlki illərlə müqayisədə ziddiyyət təşkil etməsinin müşahidə edilməsini “Az yüksək” kimi qiymətləndirirlər.

Qeyd: Azərbaycan MHŞT-dən çıxmazdan əvvəl, MHŞT-nin beynəlxalq şurası vətəndaş cəmiyyəti üçün əlverişli mühitin olmaması, MHŞT-nin çoxtərəfli iştirak tələblərinin və onun vətəndaş cəmiyyəti protokolunun pozulmasına görə Azərbaycanın təşəbbüsdəki üzvlüyünü dondurub.

“MHŞT üzvlüyü və MHŞT hesabatlarının dərci MHŞT-yə mənsubluq və hesabatların verilməsi balları bazası üzərində dayanır. Araşdırmamız zamanı biz müəyyən etdik ki, bu göstərici daxilindəki iki sualdan biri bal düzəlişi tələb edir və hər hansı çaşqınlığın qarşısını almaq üçün biz bunu növbəti bölmədə, Vergilər alt komponentində ətraflı izah etdik”, – məktubda qeyd olunur və vurğulanır:

“İndeksdəki sualların çoxunun MHŞT Standartı tərəfindən tələb olunan açıqlamalarla əlaqəli olduğu da Koalisiya tərəfindən dəqiq müşahidədir”.

Erika Vestenberqin imzasıyla göndərilən məktubda daha sonra deyilir ki, koalisiyanın Dövlət Neft Fondunun (ARDNF) gəlirləri və transfertləri ilə bağlı təhlili maraqlıdır və fondun fəaliyyətinin daha geniş mənzərəsi üçün aktualdır. Bununla belə, hesab edilər ki, bu tip tədqiqat və təhlillər RGI-nin səlahiyyətlərinə aid deyil.

Ana səhifəİqtisadiyyatNRGİ iradları nəzərə alaraq Azərbaycanla bağlı hesabata düzəliş edib