Bakıda baş konsulluq fəaliyyət göstərəcək
Norveç hökuməti Azərbaycandakı səfirliyinin bağlanması haqqında qərar qəbul edib. Bu barədə Norveç Xarici İşlər Nazirliyi məlumat yayıb.
Norveç XİN başçısı Eriksen Soreydenin açıqlamasına görə, iki ölkə arasında münasibətlər Norveçin Türkiyədəki səfirliyi vasitəsilə həyata keçiriləcək. Bakıda baş konsulluq fəaliyyət göstərəcək.
Bununla belə,
rəsmi Oslo
Gürcüstanda səfirlik açılması barədə qərar qəbul edib. Bu qərarı şərh edən Soreyde bildirib ki, Gürcüstan Cənubi Qafqazda Norveçin əsas tərəfdaşıdır.
Bu zaman o qeyd edib ki, Gürcüstanda həyata keçirilən islahatlar onu “Avropa qurumları və Avroatlantik qurumlarla yaxınlaşdırıb”.
Onun fikrincə, Gürcüstanda səfirliyin mövcudluğu hökumətin “bütün regionda hadisələrin inkişafını daha yaxşı müşahidə etməsinə” imkan verəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Report”a deyib ki, Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur, lakin, bu, Norveç hökumətinin qərarıdır.
“Azərbaycan Norveçlə hərtərəfli xoş münasibətlərə malikdir. Bu ölkənin ən iri enerji şirkəti olan “Equinor” (əvvəlki “Statoil”) 1990-cı illərdə Azərbaycana gələn ilk xarici şirkətlərdən biridir və “Əsrin müqaviləsi”nin iştirakçısı olub. Norveçli vikinqlərlə azərbaycanlılar arasında qədim əlaqələr və bağlılığın mövcudluğu nəzəriyyəsinin müəlifi – Norveçin tanınmış alim-etnoqrafı Tur Heyerdal Azərbaycanın böyük dostu olub. İki ölkə arasında müxtəlif sahələrdə çoxsaylı və faydalı layihələr həyata keçirilib. Bizdə olan məlumata görə, hazırda Norveç tərəfi Azərbaycanda öz təmsilçiliyini konsulluq fəaliyyəti vasitəsilə saxlamaq niyyətindədir. Lakin bu təmsilçiliyin yalnız fəxri və ya diplomatik konsulluq statusunda həyata keçiriləcəyi hələlik tam aydın deyil”, – Azərbaycan XİN-in rəsmisi vurğulayıb.
Leyla Abdullayeva Azərbaycanın İsveçdə səfirliyinin bağlanması barədə yayılan informasiyalara da aydınlıq gətirib: “Biz hər hansı bir yerdə, o cümlədən Azərbaycanın İsveçdəki səfirliyini bağlamaq niyyətində deyilik”.
XİN rəsmisi bildirib ki, Azərbaycanın İsveçdəki səfirliyini bağlayacağına dair məlumatlar həqiqəti əks etdirmir:
“Bir kərə yüksələn bayraq, bir daha enməz” prinsipi suveren və müstəqil dövlətlər üçün mühüm əhəmiyyət kəsb edir. Əksinə, Azərbaycanın həyata keçirdiyi çox fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını hətta daha da artırmaq niyyətindəyik”.