Nömrə 267

Tiflisə qatara bilet almalıyam.

Source:

Tiflisə qatara bilet almalıyam. Bilet kassaları təmirdən təzə çıxmış vağzalın birinci mərtəbəsində yerləşir. Diri növbəni rəqəmsal növbə əvəz edib. Yəni növbə rəqəmi yazılmış kağız parçasını ovcunda saxlayıb kətilə əyləşirsən və rəqəmin səsləndirilməsini gözləyirsən. Mənim nömrəm 267-dir. İndi isə 150-ni çağırırlar. Deməli, 127 nəfər növbədə məndən irəlidədir. Onlar da mənimlə eyni taleni bölüşürlər: kətillərdə əyləşib öz rəqəmlərinin səsləndirilməsini gözləyirlər.

Böyük ekranın yarısında rəqəmlər və rəqəm sahiblərinə xidmət edən masaların nömrəsi yazılır. Ekranın o biri yarısında vağzal binasının təmirdən sonra açılış mərasiminin çəkildiyi videoçarx fırladılır. Üzüm ekranadır, başqa baxılası yer yoxdur. İnsanların ziya oxunmayan sifətlərinə baxmamaq üçün gözümü ekrana zilləyirəm, nömrələrin əvəzlənməsini və çarxı izləyirəm.

“151-ci nömrə, 14-cü masaya yaxınlaşın”. Cavan oğlan tələsik 14 rəqəmi yazılmış pəncərəyə yaxınlaşıb şəxsiyyət vəsiqəsini içəri uzadır. Prezident İlham Əliyev başının dəstəsi ilə təmirdən çıxmış vağzal binasını ilhamla gəzir. Çarx Sumqayıt qatarlarının oturacaqlarını göstərir. Oturacaqlar müasir və müstəqil Azərbaycanın analoqu olmayan iqtisadi tərəqqisinin rəmzi sayılmalıdır.

“Nömrə 152, 2-ci masaya yaxınlaşın”. Kasıb geyimli yaşlı kişi yeyin addımlarla 2-ci pəncərəyə yaxınlaşır. Çarxda Prezident İlham Əliyev zəngin dilindən tutub onu sevinclə çalır. Gavər uşaqlığında ona zəng çalmağı qadağan edirlərmiş, heyfini indi çıxır.

“Nömrə 155, 9-cu masaya yaxınlaşın”. Bəstəboy qadın pəncərəyə tərəf yönəlir. Prezident İlham Əliyev belə böyük siyasi xadimlə şəkil çəkdirməkdən sevinən bələdçi xanımlarla xatirə şəkli çəkdirir. Hamı sevincdən az qala uçur.Ən çox Cavid Qurbanov sevinir. Çarx vağzal binasının panoramasını verir. Növbə yaxşı sürətlə əriyir, belə getsə, 267 rəqəmini bir saatdan sonra çağıracaqlar.

“Nömrə 173, 3-cü masaya yaxınlaşın”. Ayaqqabılarının dabanı 50 karatlıq brilyantlarla bəzədilmiş orta yaşlı xanım vüqarla pəncərəyə yaxınlaşır. Çarx fırlanıb yenə həmin yerə çatıb: prezident İlham Əliyev qatarların yola düşməsini, vağzal binasının təmirdən çıxmasını, müstəqil Azərbaycanın analoqu olmayan bir pillə harasa yuxarı yüksəldiyini bildirən zəngin dilinin ucundan tutub şövqlə çalır.

“Nömrə 185, 6-cı masaya yaxınlaşın”. İki cavan qədeşbala pəncərəyə yaxınlaşırlar. Belə getsə, növbəm bir saatdan tez çatacaq. Prezident ilham Əliyev bələdçi xanımlarla şəkil çəkdirir. Cavid Qurbanov cox şaddır. Azərbaycan fəxr edə bilər: nə Tiflisdə, nə də Yerevanda belə müasir və gəşəng vağzal binası yoxdur. Azərbaycan Dəmir Yolunun qatarı Bakıdan Tiflisə 500 kilometrlik yolu 12 saata qət edir.

“Nömrə 191, 8-ci masaya yaxınlaşın”. Dama-dama kepkəli kişi pəncərəyə yaxınlaşır. Prezident İlham Əliyev zəngin dilinin ipindən tutub onu sevincək çalır, sonra bələdçi xanımlarla şəkil çəkdirir. Belə çarxa aramsız baxmaq insanların əsəblərini tam sakitləşdirib onları bihal və bihuş edir.

“Nömrə 201, 1-ci masaya yaxınlaşın”. Vid-fasonundan elə indicə Plyas-Piqaldan gəldiyi bilinən bir zənən xeylağı pəncərəyə şığıyır. Kassa zalını dolaşıb istehsalat prosesinə nəzarət edən işçiyə vaxtilə dəmir yolunda işləmiş, indi isə səhhətinə görə çıxdaş olmuş salxaq bir vücud yaxınlaşıb dərdü-dil etmək istəyir, növbətçi onu mədəni şəkildə başından edir. Prezident İlham Əliyev vağzalın geniş meydanı ilə həvəslə addımlayır.

“Nömrə 212, 7-ci masaya yaxınlaşın”. Sütül bir cavan pəncərəyə yaxınlaşır. Prezident İlham Əliyev bələdçi xanımlarla şəkil çəkdirir. Xanımlar onun ətrafında bayrağımızdakı hilal kimi yarıdövrə vurub iftixarla öz şəkil albomlarının ən dəyərli fotoşəklini qazanırlar. Cavid Qurbanov sevinir.

“Nömrə 219, 11-ci masaya yaxınlaşın”. Yekə torbasını əlindən yerə qoymayan 56 ölçülü xanım pəncərəyə yaxınlaşır. Prezident İlham Əliyev vağzalın zəngini çalır.

“Nömrə 241, 3-cü masaya yaxınlaşın”. Maşallah, növbə yorğa gedir, 15 dəqiqədən sonra 267-ni çağıracaqlar. Prezident İlham Əliyev yorğunluq bilmədən vağzalın zəngini çalır və elə hey bələdçi xanımlarla xatirə şəkli çəkdirir.

“Nömrə 482, 5-ci masaya yaxınlaşın”. Bu 482 haradan çıxdı? Aha, bu İnternet vasitəsilə sifariş edilən biletlər üçünmüş! Nəyə lazım onlayn sifariş? Biletlər kassada dolu, heç bir qıtlıq yoxdur. Amma dəyər, onlayn sifariş etməyə dəyər, onların növbəsi demək olar ki, yoxdur. Düyməni basdın, nömrəni götürdün, həmin an səni masaya dəvət edirlər. Mən isə bir saatdır növbəmi gözləyirəm. Prezident İlham Əliyev Sumqayıt qatarlarının analoqu olmayan oturacaqları ilə tanış olur.

“Nömrə 267, 3-cü masaya yaxınlaşın”. Mənə iki cavan qız xidmət edir. Birisi təcrübəli, o birisi şagird. Xarici pasportumun nömrəsini yazıb məni “Dəmirbank”ın masasına göndərirlər. Burada pulu alıb ildırım sürətilə qəbz verirlər. Qəbz ani olaraq biletə çevrilir. Kassadan ayrılanda gözümün ucu ilə görürəm ki, Prezident İlham Əliyev 25-ci dəfədir ki, vağzalın zəngini çalır, Cavid Qurbanov isə sevinir.

Elə mən də sevinirəm ki, bu mənzərədən ayrılıb küçəyə çıxıram.


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəNömrə 267