İŞİD-mişid bir- birinə qarışan vaxt yenə ABŞ yada düşüb. Obama demiş, Ukraynada kimisə əsir tuturlar, Nigeriyada qızları qaçırırlar… həmişə insanlar ABŞ-ı axtarır. Özü də camaat ABŞ-ı axtara –axtara ABŞ-ı söyür. Belə baxanda, ən səmimi anti –amerikaçılar şimali koreyalılardır. Onlar problemlərin həlli üçün ABŞ-ı köməyə çağırmırlar. 1 il əvvəl “artıq 10 ildir, Amerika İraqdan çıxmır” deyənlər indi “Amerika niyə İraqa girmir?” deyə əsəbi sual verirlər. Təbii ki, qəribə vəziyyətdir. Niyə ABŞ? Ehtiyacın varsa, niyə söyürsən? Söyürsənsə, niyə çağırırsan?
Bu suala cavab ABŞ-ın mahiyyətindəndədir. ABŞ-ın mahiyyətini isə bir sözlə ifadə etmək olar- təbiilik. Bu dövlət təbii şəkildə meydana çıxıb. Bütün uğur və uğursuzluqlarını, qürur və biabırçılıqlarını təbii yolla yaşayıblar. Bir misal deyim. Mən hüquqşünasam! Vaxtilə harasa təzə işə düzələndə, hansısa ərizə formasını yazmaq lazım gələndə, bunu ya köhnə hüquqsünaslardan şablon forma şəklində alıb üstündə işləyirdim, ya da öz nəzəri biliklərimi, məntiqimi işə salıb sıfırdan bir ərizə hazırlayırdım. Şablon üzərində işləyəndə məhkəmə az hallarda formal səhvlər tuturdu, sıfırdan yazılan ərizə isə gah geri qaytarılırdı, gah hakim vaxt verirdi ki, səhvləri düzəldim…. Yəni yıxıla- yıxıla böyüyürdüm.
Amerikanlar Birləşmiş Ştatları mənim ərizələrim kimi sıfırdan yaradıblar, yıxıla- yıxıla böyüyüblər, öz əziyyətləri ilə quldarlığı, seqreqasiyanı, limitsiz kapitalizmi, vətəndaş müharibəsini… dəf ediblər və indi də əziyyətlə böyüməyə davam edirlər. 1861-də ABŞ-da vətəndaş müharibəsi olanda onlar nə hansısa Avropa dövlətini nə Türkiyəni, nə Çini , nə Rusiyanı, nə də başqa hansısa oturuşmuş dövləti köməyə çağırdılar. On minlərlə Amerikalı öldü, ölkə viran oldu, amma onlar quldarlıq ləkəsini üzlərindən silib inkişaf edə bildilər. 1929-33-də Amerikada aclıq idi, indiyə kimi ən böyük və ən ağır iqtisadi böhran o boyda ölkəni yarımcan etmişdi. Onda amerikanlar hanısa ölkədən maliyyə yardımı istəmədilər. Adam kimi yığışıb, ağıllı prezident seçdilər, o da ölkəni vəziyyətdən çıxartdı.
ABŞ-ı da insanlar idarə edir. Bu qədər əziyyətlə qurulmuş dövləti müftə-müsəlləm xərcləməzlər. Əgər kimsə, o cümlədən ABŞ gəlib sizin diktatoru devirirsə, sizə özünüzün tətbiq edə bilmədiyiniz seçkini, plüralizmi tətbiq edirsə, əvəzində, əlbəttə ki, nefti alacaq. Təbii ki, velosipedi ikinci dəfə ixtira etməyə ehtiyac yoxdur. Amma amerikalılar hansısa debil ölkədə demokratiya olsun deyə, gəlib döyüşməyəcəklər. “Mən niyə gedirəm? Qarabağlılar, qaçqınlar gedib döyüşsün” deyən camaat amerikalıları bizim münaqişəni həll etməməkdə, gəlib burda döyüşməməkdə qınayır. Amerikan əsgəri dünyanın ən bahalı əsgərlərindəndir. Orda büdcə vergi ilə formalaşır, neft fondunu basıb yeməkle yox, insaların vergisi İraqda xərclənirsə, İraq zəhmət çəkib neftlə əvəzini ödəməlidir. Əslində bu, bəsit hesablamadır – ver pulumu, al demokratiyanı. Monro doktrinası ilə kənara çəkilib, şərq yarımkürəsinin nə vaxt öz- özünə demokratik olmasını gözləmək ABŞ üçün həm sərfəli deyildi, həm də təhlükəli idi. Ən optimal variant o oldu ki, demokratiya, insan hüquqları kimi bəşəri dəyərlər ABŞ tərəfindən ixrac olunsun, bəzən də zorla qəbul etdirilsin. Məsələn, Cənubi Koreyaya, Yaponiyaya zorla, milyonlarla insanın həyatı bahasına qəbul etdirilən bu dəyərlər indiki Cənubi Koreyanı, Yaponiyanı yaratdı. O Koreya ki, o vaxta qədər diktatura altında idi. Dəyərdimi? Əlbəttə dəyərdi. Bəs İraq? Yaxın nəticəyə baxıb asanlıqla ABŞ-I söymək olar, amma Cənubi Koreya kimi biraz uzağa baxsaq, söymək o qədər də asan olmaz.
Hə, mən də humanistəm. Kiminsə qətlə yetirilməsini istəmirəm. Amma hippi kimi “ hamı rədd olsun, sülh olsun” deməklə iş düzəlmir. Bir məsələni mütləq nəzərə almaq lazımdır. İnsan hüquqları daxil olmaqla, Avropa dəyərləri deyə tanıdığımız bəşəri dəyərlər vaxtilə məhz avropalılar-qərblilər əleyhinə yaradılıb. Fransa inqilabı da, ABŞ-ın inqilabları da Ərəbistanın, Zimbavenin əleyhinə deyildi, məhz vəhşi, feodal, diktator qərblilər əleyhinə idi. Qərb insanları milyonlarla qurban verərək, min bir əziyyətdən keçərək, Avropa dəyərlərini öz həyatlarında tətbiq etdilər. Amma, bu o demək deyil ki, hazırda o ölkələrdə bu dəyərlərin əleyhinə çıxan yoxdur. Mübarizə yenə davam edir- Avroparlamentdə kürüyə satılanlar əleyhinə Avropa dəyərlərinə sadiq deputatların mübarizəsi buna ən parlaq misallardandır. Əgər sən Avropa dəyərləri adlı bəşəri dəyərlərin tərəfindəsənsə, insanın insan kimi yaşamasını istəyirsənsə, onda həm Qərbdə, həm də Şərqdə bu dəyərlərin əleyhinə olan adamlara qarşı mübarizə aparmalı və bu mübarizənin dəstəklənməsi üçün tərəqqipərvər siyasətə qoşulmalısan. Bu siyasət isə pis –yaxşı yalnız Qərb dövlətlərindədir.
Dünyada ilk belə dövlət isə ABŞ-dır. Yəni Avropa dəyərlərini sıfırdan dövlət yaradaraq, tətbiq edən amerikalılardır, buna görə də, onlarda hər şey təbii alınır. Bir misal da deyim. Bəzən ABŞ-I qınayırlar ki orda yaşayış cətindir çünki dövlətin sosial təminat funksiyası azdır. Bəli, amerikalılar əziyyət çəkirlər. Məsələn, mən ABŞ məhkəməsində görmüşəm ki, insanlar narazılıqla işlərini təxirə salaraq məhkəmədə andlı iclasçı kimi çıxış edirlər (ABŞ-da insanlar qeydiyyata alınıb növbə ilə məhkəmələrdə andlı iclasçı olmalıdırlar.) Amma bunu edirlər. Çünki ədalət əziyyətlə də əldə olunsa, vacibdir. Onlar avropalılardan daha çox əziyyət çəkirlər, çünki onlara hansısa feodal, aristokrat hazır dövlət verməyib, onlar yıxıla-yıxıla böyüyürlər, onlar ərizələrini şablonsuz, sıfırdan hazırlayırlar. Indi o şablonu bizə təklif edirlər, buyurun, 1776-ya baxanda daha da asan variant yenidən velosiped icad etmə, sadəcə min və sür. Əlbəttə, velosippeddə tarazlığı saxlamaq asan olmayacaq.
Hazırda mən o şablonu tətbiq etməyə cəhd göstərdiyim üçün həbsdəyəm. Özümü məni həbsdə saxlayanlara heç bir təzyiqin, iradın olmadığı XVIII əsr demokratlarının yerinə qoyuram və hazırda məni həbsdə saxlayanlara təzyiq, qınaq, yumruq, barmaq…. Göstərən, hətta onları pisləyənlərə, bu həbsə görə narahat olanlara da təşəkkür edirəm. Amerikanı söymək asandır, amma ona qədər söyüləsi çox subyekt var. 5-10 il həbs Qərb demokratlarının verdiyi itkinin yanında nədir ki?! Adamlar, Rəsulzadə demiş, yoxdan bir dəyər var edib bizə veriblər.
Kim oxumayıbsa, ABS-ın Istiqlaliyyət Bəyannaməsini oxusun. Tezliklə, bu sənədin 238 yaşı olacaq. O sənədlə əsası qoyulan təbii sistem-ABŞ olmasaydı, bilmirəm nə olardı. Amma onu bilirəm ki nə yaxşi ki, ABŞ var. Mən o dövlətə baxdıqca, insan qüvvəsinin sonsuzluğuna və humanizmin təntənəsinə daha çox inanıram
27.06.2014 BIT
Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.