Nikol Paşinyan Ermənistanın baş naziri seçilib

Onun lehinə hakim Respublika partiyasının deputatları da səs verib

Source:
40967
Nikol Paşinyan


Onun lehinə hakim Respublika Partiyasının deputatları da səs verib

Ermənistanda Serj Sarkisyana qarşı etiraz aksiyalarının lideri Nikol Paşinyan ölkənin Baş naziri seçilib.

Rusiya mətbuatının məlumatına əsasən, mayın 8-də Ermənistan parlamentində Baş nazir seçkilərinin ikinci turunda N.Paşinyanın namizədliyinin lehinə 59 nəfər səs verib. Onun Baş nazir seçilməsi üçün 53 səs kifayət edirdi. N.Paşinyanın əleyhinə 42 deputat səs verib.

Baş nazir seçildikdən sonra N.Paşinyan Azərbaycanın işğal olunmuş ərazisindəki “Dağlıq Qarabağ Respublikası” rəhbərliyinin Azərbaycan-Ermənistan danışıqlarında iştirak etməsinin vacibliyini bəyan edib.

“Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Amma deməliyəm ki, “Qarabağ” rəhbərliyi olmadan danışıqlar effektiv sayıla bilməz”.

N.Paşinyanın namizədliyi “Yelk”, “Tsarukyan bloku” və “Daşnaksütün” tərəfindən irəli sürülsə də Baş nazir seçilməsi üçün hakim Respublika Partiyasından olan deputatların səsi də lazım olub.

Mayın 1-də birinci turda onun lehinə 45 deputat səs vermişdi.

N.Paşinyan aprelin 13-də Serj Sarkisyan Baş nazir seçildikdən sonra etiraz aksiyalarına rəhbərlik edib və nəticədə S.Sarkisyanın istefa verməsinə nail olub.

42 yaşlı Paşinyan erməni siyasətinə jurnalistikadan gəlib. Universitetə 1990-cı ildə, SSRİ-nin devrilməsindən dərhal sonra daxil olub. Tələbə illərindən kəskin daxili siyasi məsələlərə dair məqalələr yazıb, “Aykakan jamanak”, “Oraqir” nəşrlərinin redaktoru olub. Ancaq məzun olmağa bir neçə gün qalmış universitetdən qovulub. Paşinyanın sözlərinə görə – siyasi motivlərlə.

2007-ci il parlament seçkilərində o, prezident Koçaryanın və Baş nazir Sarkisyanın istefasını tələb edən “İmpiçment” blokuna rəhbərlik edirdi. Ancaq blok 1%-dən bir az çox səs yığdı.

Serj Sarkisyanın qailb gəldiyi 2008-ci il prezident seçkilərindən sonra Ermənistanda küçə nümayişləri baş verdi. Orada səkkiz nümayişçi və bir hərbçi həlak, 300-dən çox insan xəstəxanalara müraciət etdi. O dövrdə müxalifətin lideri Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan idi. Paşinyan iğtişaşları təşkil etməkdə ittiham olundu və axtarışa verildi.

Siyasətçi bir ildən artıq hakimiyyətdən gizləndi, lakin 2009-cu ildə polisə düşdü. 2010-cu ildə Paşinyan yeddi il azadlıqdan məhrumetmə cəzasına məhkum edildi, sonradan müddətini qısaltdılar, bir il sonra isə Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş amnistiya ilə azadlığa buraxıldı. 2012-ci ildə Paşinyan “Erməni Milli Konqresi” müxalifət blokundan parlamentə deputat seçildi.

Paşinyan varlı adam deyil, biznesi yoxdur. Deputat olduğu müddətdən etibarən var-dövləti elan edilmiş və tamamilə ictimaiyətə açıqdır. Nikol Paşinyan evlidir və dörd övladı var. 2000-ci illərdə Paşinyanın radikal müxalifət olduğunu hesab edilirdi. Hal-hazırda, bütün tərəflər, xüsusilə də polis və hökumət, Paşinyan haqda razılıqla danışırlar, hesab edirlər ki, nümayişlərin dinc şəraitdə keçməsi məhz onun sayəsindədir.

Ana səhifəXəbərlərNikol Paşinyan Ermənistanın baş naziri seçilib