Nikaha girənlər üçün müayinə siyahısı artırıla bilər

”Hepatit B” və ”hepatit C”-nin də müayinəsi icbari xəstəliklərin siyahısına daxil edilə bilər

Source:


”Hepatit B” və ”hepatit C”-nin də müayinəsi icbari xəstəliklərin siyahısına daxil edilə bilər

“Təklif edirəm ki, “Hepatit B” və “Hepatit C” xəstəlikləri də ailə qurmaq istəyən şəxslərin müayinə paketinə daxil edilsin”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.  O, bunun üçün Ailə Məcəlləsinə dəyişiklik edilməsinin vacibliyini vurğulayıb:

“Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Ona görə də Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə olunduğu xəstəliklərin sayının artırılmasını, “Hepatit B” və “Hepatit C”-nin də müayinəsi icbari olan xəstəliklərin siyahısına daxil edilməsini, bununla bağlı Ailə Məcəlləsinə də müvafiq dəyişikliklərin olunmasını təklif edirəm”.



“Stomatolji xidmət haqqında” qanunun hazırlanması təklif edilir

Səhiyyə komitəsinin iclasında çıxış edən deputat Məlahət İbrahimqızı da hepatit və xərçəng xəstəliklərinin artmasından narahatlığını bildirib. O, bununla bağlı uzun müddətdir müzakirəsi ləngiyən “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin bu sessiyada müzakirəyə çıxarılmasının vacibliyini qeyd edib. Deputat stomatoloji xidmətlə bağlı kifayət qədər narahatlıqlar olduğunu deyib:

Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

“Stomatoloji kabinetlər kifayət qədər artıb. Müxtəlif xəstəliklərin, o cümlədən hepatitlərin yayılmasının daha çox bu sahədə baş verdiyini nəzərə alaraq, “Stomatoloji xidmət haqqında” qanunun hazırlanmasını təklif edirəm”.  M.İbrahimqızı vurğulayıb ki, bu sahəyə ciddi nəzarət üçün ayrıca qanunun hazırlanması vacibdir.

Azərbaycanda vəfat edənlərin yarıdan çoxu ürək çatışmazlığından dünyasını dəyişib

İcısada çıxış edən kardioloq cərrah, deputat Rəşad Mahmudov ürək çatışmazlığından dünyasını dəyişənlərin sayının artdığını deyib.

Rəşad Mahmudov
Rəşad Mahmudov

“2017-ci ildə Azərbaycanda əhali arasında ölümlərin ən əsas səbəbi ürək-damar sistemi xəstəlikləri olub. Vəfat edənlərin 57.8 faizi ürək çatışmazlığından dünyasını dəyişib” – deyən deputat bu sahədə dinləmələr keçirilməsinin və tədbirlər görülməsinin vacib olduğunu söyləyib.



Dərman vasitələrinin dövriyyəsində dəyişiklik edilir

İclasda “Dərman vasitələri haqqında” qanuna əlavələr də müzakirə olunub. Qanuna əlavə edilən 13.3-1 maddəsinə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılması qadağan edilir.

13-cü maddə əhaliyə dərman vasitələrinin yalnız aptek təşkilatları tərəfindən satılmasını nəzərdə tutur. Maddənin tələbinə görə, aptek təşkilatlarında “Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”-na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında satılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır.

İclasda bildirilib ki, MM-in Səhiyyə Komitəsinin 2018-ci il yaz sessiyasının iş planına “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri daxildir. “İnsan orqan və (və ya) toxumalarının transplanmtasiyası haqqında” qanun layihəsinə dəyişikliklərlə, “Unun icbari zənginləşdirilməsi haqqında”, “Optika və optikaçılıq haqqında” və “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanun layihələri, o cümlədən autizm xəstələrinə tibbi-sosial dəstəyin göstərilməsi ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulur.

“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna əlavə və dəyişiklər layihəsində Azərbaycanda beyin ölümündən sonra şəxsin vəsiyyəti əsasında və digər hallarda insan orqanının və toxumalarının köçürülməsi ilə bağlı yeniliklər nəzərdə tutulub.

Ana səhifəXəbərlərNikaha girənlər üçün müayinə siyahısı artırıla bilər