Nigar Köçərli: ”Təhlükədə olduğumu hiss edirəm”

Sahibkar prezidentə və Ramil Usubova müraciət etdi

Foto: Meydan TV
Nigar Köçərli
Nigar Köçərli
Nigar Köçərli
Nigar Köçərli


Sahibkar prezidentə və Ramil Usubova müraciət etdi

“Dünən DİN-in mənim ünvanıma tam yalan və böhtanla dolu bəyanat verməsindən sonra başa düşdüm ki, vəziyyət mənim düşündüyümdən daha qəliz və təhlükəlidir. Mən DİN-ə müharibə elan etməmişəm. Sadəcə cinayətin araşdırılmasına nail olmağa çalışırdım. Lakin indi elə çıxır ki, cinayətkar mən özüməm? Yəni istənilən anda mənə qarşı cinayət işi saxtalaşdırıla bilər? Məni və “Əli və Nino”nu hansısa təxribata cəlb edə bilərlər?”

Bu sözləri “Əli və Nino” mağazalar şəbəkəsinin sahibəsi Nigar Köçərli deyir. Sahibkar Daxili İşlər Nazirliyinin barəsində yaydığı açıqlamaya öz Facebook səhifəsində cavab verib:

“DİN-in açıqlamasından sonra ailəmin və özümün qorxduğumu gizlətməyəcəyəm. Bu gecə atam və qardaşım təhlükəsizliyim üçün qorxduqlarından mənimlə birlikdə idilər. Bir çoxu mənə ölkədən getməyi məsləhət görür. Lakin mən bu barədə düşünmək istəmirəm – qoy, cinayəti törədənlər getsinlər.

Mən ziyalı ailəsində böyümüşəm, uşaqlıqdan qayğı və sevgiylə əhatə olunmuşam, təhsil və xeyirxahlığın gücünə inanaraq böyümüşəm. Həmişə məni ağıllı, xeyirxah, nəcib insanlar əhatə ediblər. Sahibkarlıqla məşğul olduğum illər ərzində mən qanunun gücünə ürəkdən inanaraq möhkəm olmağı öyrənmişəm. Dünənki hadisə isə mənim üçün tamamilə şok oldu”.

Nigar Köçərli daxili işlər naziri Ramil Usubova müraciət edib:

“Mən Nəsimi Rayon Polis İdarəsinə heç kimin müşayiəti olmadan getmişəm. Çünki Prezidentə şikayət etməyimin cavabında təhqir və təhdid olunacağım, daha sonra DİN-nin bəyanatında idarə rəhbərliyinə hücum etməkdə günahlandırılacağım ağlıma belə gəlməmişdi. Mən əminəm ki, idarə rəisinin kabinetində videoçəkiliş həyata keçirilib. Xahiş edirəm, onunla tanış olun, sonra isə onu hamı üçün əlçatan edin. Mən bu məsələdə təkid edirəm.

Mən dövlət başçısı İlham Əliyevə müraciət edirəm!

Sahibkarlıq fəaliyyətim ərzində mən dəfələrlə məmur özbaşınalığı ilə qarşılaşmışam və sizə kömək üçün müraciət etmişəm (

president.az

saytı vasitəsilə). Hər dəfə bir qayda olaraq haqq-ədalət öz yerini tapıb. Siz ölkə məmurlarına sahibkarlara kömək etmək və dəstəkləmək tələbi ilə müraciət etdiyiniz bir zamanda mənim sizə şikayətim böhtana məruz qalmağıma səbəb olur. DİN-in ünvanıma böhtan dolu bəyanatı ilə tanış olduqdan sonra, başa düşdüm ki, istənilən an mənə qarşı qanunsuz əməllər həyata keçirilə bilər. Mən təhlükədə olduğumu hiss edirəm. Xahiş edirəm ki, bu işi şəxsi nəzarətinizdə saxlayasınız”.

Ana səhifəXəbərlərNigar Köçərli: ”Təhlükədə olduğumu hiss edirəm”