“Nida”çıların məhkəməsi başladı (FOTO – VİDEO)

Bu gün, noyabrın 5-i Bakı Ağır Cinayətlər Məhkəməsində “NİDA” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatının həbsdə olan üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məhkəmə qarşısına “NİDA” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və “Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə çıxarılır.

Meydan TV “AzadlıqRadiosu”nun müxbirinə istinadən xəbər verir ki, məhkəmə binasının qarşısına 100-dən çox adam yığışıb. Hələ media nümayəndələri və valideynlər məhkəmə zalına buraxılmayıb.

Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli də məhkəməyə gəlib. Cəmil Həsənli jurnalistlərə deyib ki, bu gənclərin nəinki Molotof kokteyli hazırlamaqdan, heç bu anlayışdan belə xəbərləri yoxdur:

“Bu gənclərin həbsi Azərbaycan hakimiyyətinin beynəlxalq aləmlə al-ver predmetidir. Başqa ölkələr xarici vətəndaşları girov saxlayıb al-ver predmetinə çevirir, bizim hakimiyyət isə öz vətəndaşını girov predmetinə çevirir”.

*

“NİDA”-çılara qarşı “Əsgər ölümünə son” 10 mart aksiyası ərəfəsində aksiyada istifadə üçün “Molotov kokteyli” hazırlamaq ittihamı irəli sürülüb.

Bu ittihama əsasən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq dövründə isə onlara qarşı əlavə olaraq cinayət məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

“Azad Gənclik” Təşkilatının fəalı İlkin Rüstəmzadə isə xuliqanlıqda ittiham olunur.

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternational” müttəhimləri “vicdan məhbusu” elan edib.

Ana səhifəVideo“Nida”çıların məhkəməsi başladı (FOTO – VİDEO)