Baş nazirin bu il iki nəticəsiz seçkidən sonra siyasi böhrana qapılmış ölkəyə rəhbərlik etmək qabiliyyəti sual altındadır
İsrailin Baş naziri Benyamin Netanyahu cümə günü korrupsiya skandalı ilə əlaqədar istefaya çağırılıb. “Reuters” xəbər verir ki, partiyada bəzi qırılmalar müşahidə olunsa da, bəzi yüksək səviyyəli hökumət nümayəndələri ona açıq dəstək nümayiş etdiriblər.
Netanyahu deyib ki, o, vəzifəsindən getməyəcək. Cümə axşamı gecə İsrailin Baş Prokurorluğu Baş naziri rüşvət, fırıldaqçılıq və etibarı pozma ilə ittiham edib.
70 yaşlı sağçı Likud Partiyasının lideri bütün ittihamları rədd edir və bunu “çevrilişə cəhd” kimi qiymətləndirir. İlk dəfədir ki, vəzifədə olan İsrailin Baş nazirinə qarşı ittiham aktı səsləndirilir.
Netanyahunun bu il iki nəticəsiz seçkidən sonra siyasi böhrana qapılmış ölkəyə rəhbərlik etmək qabiliyyəti sual altındadır.
Netanyahunun əsas rəqibi Benni (Benny) Gantzın başçılıq etdiyi mərkəzçi Mavi və Ağ Partiya hökumətdəki bütün nazirləri vəzifələrindən dərhal istefa verməyə çağıran bəyanat yayıb.
Parlamentin 120 yerindən 33-nə sahib olan partiya deyib ki, onun vəkilləri Netanyahunun istefasının vacib olduğunu bildirərək, Baş nazirin və Baş Prokurorluğun ofislərinə rəsmi müraciət edib.
İsrail qanunlarına görə, Baş nazir olaraq Netanyahunun bunu etmək öhdəliyi yoxdur. Ancaq bir ildən az bir müddətdə İsrail üçüncü seçkiyə gedir və Netanyahu onu gözləyən ittihamlar qarşılığında özünü seçkini qazanmaq baxımından çətin vəziyyətə sala bilər.
Likud Partiyasının Netanyahuya dəstəyi onun hakimiyyətdə qalması baxımından çox vacibdir.
Likud Partiyasının iki üzvü cümə axşamı partiya liderliyinə namizədlik ilə bağlı ictimai müzakirə açıblar. Bunun mülayim şəkildə ictimaiyyətə açılması qeyri-loyallıq kimi xarakterizə edilib.
Ölkənin nazirləri ictimai bəyanat yayaraq Baş nazirə dəstəklərini ifadə ediblər. Ədliyyə naziri Amir Ohana parlamentdəki Likud üzvlərinin Netanyahunun yanında olmasından məmnunluğunu ifadə edib, “Yalnız o ikisindən başqa".
Nəqliyyat naziri və Netanyahunun ultra-millətçi koalisiya ortağı Bezalel Smotrich də cümə axşamı prokurorluq tərəfindən elan edilən ittihamlardan sonra Netanyahuya dəstəyini ifadə edib.
Cümə axşamı televiziya çıxışından sonra Netanyahu “Twitter” hesabında ürək və İsrail bayrağının emojisini paylaşaraq yazıb:
“Sevgi və dəstəyinizə görə təşəkkür edirəm. Shabbat Shalom”.