“Müharibə veteranı”, yoxsa hərbi hissəni özbaşına tərk edən şəxs?
Tovuz rayonun Dondar Quşçu kəndində 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın oğurlanıb öldürülməsi, meyitinin isə yandırılmasıyla bağlı cinayət işi üzrə iki ildir davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə prosesində son mərhələdir.
Prokuror Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun 20 il azadlıqdan məhrum edilməsini istəyib. Onun vəkilləri isə İlkin Süleymanovun təqsirsiz olduğunu, bu cinayətin açılması görüntüsü yaradılması üçün onun üzərinə atıldığını, beləliklə, prezidentə və ictimaiyyətə yalan məlumat verildiyini bildiriblər. Mayın 24-də və 25-də məhkəmə çıxışlarında cinayət işindəki ziddiyyətləri məhkəmənin diqqətinə çatdırıblar. İyunun 2-də İlkin Süleymanov özü son sözünü deyəcək, ardınca isə hökm elan olunacaq.
Son məhkəmə iclaslarında gərginlik yaşanıb, təqsirləndirilən və zərərçəkmiş tərəfin qohumları bir-birini ittiham ediblər.
Səslənən ittihamlardan biri də Nərmin Quliyevanın atası Şərif Quliyevə “Müharibə veteranı” statusunun verilməsiylə bağlı olub.
“Bütün kənd bilir ki, onların evi tərəfə mərmi düşməyib. O adla onun evini kim təmir elətdirib? Bütün kənd bilir ki, o adam o vaxt müharibədən qaçıb, indi onun üçün veteran vəsiqəsini kim təşkil elətdirdi? Əlbəttə ki, bu cinayətin arxasında dayananlar, İlkini nahaqdan həbsə göndərənlər…”, – təqsirləndirilən İlkin Süleymanovun qohumları məhkəmənin qarşısında belə deyib.
Nərmin Quliyevanın anası Aynurə İsmayılova məhkəmənin qarşısında həyat yoldaşının “Müharibə veteranı” olmasıyla bağlı məsələnin müzakirə olunmasına etiraz edib.
Şərif Quliyev özü müsahibələrində Qarabağ müharibəsi veteranı olduğunu və buna görə müəyyən məbləğdə müavinət aldığını bildirib. O deyib ki, Birinci Qarabağ Müharibəsində iştirak edib.
Meydan TV-nin araşdırması nəticəsində məlum olub ki, Şərif Quliyevə Birinci Qarabağ Müharibəsi dövründə döyüş bölgəsinə ezam olunsa da, hərbi hissəni özbaşına tərk edərək qayıdıb. Bu səbəbdən də o, həmin dövrdə hərbi hissə komandirinin əmrilə ştatdan kənar edilərək, bütün növ əmrlərdən silinib. Bunu təsdiqləyən sənəd də var.
Lakin Şərif Quliyev qızının oğurlanıb öldürülməsi ilə bağlı istintaqın əvvəlində ifadə verəndə qazancı haqda yalnız onu deyib ki, ağciyər xəstəliyilə əlaqədar II qrup əlil kimi 130 manat pensiya alır, bir də arabir fəhlə işi olanda, buradan qazanır. Yəni ifadədə Şərif Quliyev “Müharibə veteranı” olmasına görə müavinət aldığını deməyib.
2009-cu il təvəllüdlü Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə İlkin Süleymanovgilin evinin qarşısında yandırılmış meyit tapılıb.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.
İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini övladlığa götürmək məqsədilə oğurlayıb. Daha sonra qətlə yetirərək meyiti evlərinin yaxınlığında yandırıb.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İstintaqdakı fadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq isə işgəncə iddialarını təkzib edib.