Ölkədə son vaxtlar baş verən hadisələr vəziyyətin getdikcə pisləşdiyini göstərir. Şəxsən mən, həmin neqativ yüklü xəbərləri eşidəndən, oxuyandan sonra gün ərzində özümdə olmuram. Həmin xəbərlərin mənfi təsiri sifətimdə də gəzişir. Evdəkilər, doğmalar da məni o cür, elə şəkildə görüncə, “niyə kefin yoxdur?” deyə soruşurlar. Onların da hamısına bunun nə ilə bağlı olduğunu açıqlamıram. Üzümdəki ifadəni dəyişir, yaxud zarafat edirəm ki, o mənfi təsirləri də onlara ötürməyim. Onları da həmin əhvala kökləmək, bədbinləşdirmək istəmirəm.
Düzdür, ətrafımdakı yaxın adamların ölkədə baş verən hadisələrdən xəbərləri var. Ümumiyyətlə, hər şey elə çılpaq şəkildə baş verir ki, bunun üçün məxsusi müşahidəyə ehtiyac yoxdur. Sadəcə bu məsələdə xəbərləri yaxından izləmək fəallığı adamı müəyyən qədər avantajlı edir. Hə, onu da deyim ki, bu avantaj sadəcə neqativ notlardan ibarətdir. Bu bilgiləri isə təbii ki, internetdən, sosial mediadan əldə edə bilirik.
Axı mən niyə gündəlik ev qayğılarının girdabında çətinliklərlə birgə üzən anama deməliyəm ki, “ana, bilirsən niyə bu gün beləyəm?! çünki həmyaşıdım, gənc fəal Nicat Əmiraslanovu saxladıqları Qazax Rayon Polis Şöbəsində çırpıb, dişlərini qarnına töküblər”.. O cür işgəncə xəbərini eşitmək, 79 yaşlı nənəmin ağrılarını daha da artıracaq. Ürəyi çətin ki, belə xəbərlərə tab gətirə.
Ona görə soruşanların çoxuna gündəlik əldə etdiyim neqativ xəbərlərdən məlumat verməməyə çalışıram. Bəlkə də kimlərsə deyə bilər ki, bəs Nicatın anası, nənəsi və doğmaları necə olsun, bəs?!
Ziddiyyətli məqamdır. Nicatın anasının, doğmalarının halın düşündükcə, lap məhv oluram. Göz yaşlarımı evdəkilərdən gizlətməyə çalışıram. Əslində, bu ziddiyyətli məqamın qarşısında nitqim quruyur, sözlər acizləşir. Belə acizliyimə görə çox utanıram. Vəziyyətin ağırlığı məni çox sıxır.
Bir məsələ də var ki, neqativlərin yayılması kütləni hələlik ancaq süstləşdirir, qorxudur və bədbinliklə bərabər xofun artmasına səbəb olur. Bu da cəsarəti sıradan çıxarıb, əsarəti önə verir. Bunun isə xalqa, ya da kiməsə bir xeyri yoxdur.
Psixoloji cəhətdən affekt vəziyyəti yaradan bu cür informasiyaların yayılması həmçinin çox vaxt bilərəkdən edilir.
Ona görə də bu məsələdə qətiyyətli fikrim ondan ibarətdir ki, informasiya rıçaqlarının vicdanlı sahibləri, ictimai rəyin yaranmasında rol alan işıqlı şəxslər, kütləyə azadlıqdan, vicdan hissindən, birlikdən, humanizmdən və bütün bunların müsbət nəticələrindən bol-bol bəhs etməlidilər! Həmin keyfiyyətləri özündə birləşdirən cəmiyyətlərdən insanlara nümunələr gətirdikcə, elə şeylərə meyl artacaq. Səfər etdikləri inkişaf etmiş ölkələrdəki gözəl hadisələri, inkişaf tarixinin gedişatlarını bizlərə nəql etdikcə, müsbət dəyişiklər baş verəcək. Bu proses ənənəvi mübarizə üsullar ilə birgə gedəcək və zamanla öz meyvəsini verəcək. Buna əmin ola bilərsiniz!
Vicdanlı olmağın necə böyük zənginlik olduğunu çatdırmaq o qədər çətin deyil. Həmin inkişaf etmiş ölkələrdə də bir vaxtlar fərqli fikirlərə görə adamların dişlərini qırır, kəlbətinlə çıxarıb, işgəncələrə məruz qoyurdular. O ölkələrdəki işıqlı insanların, müxtəlif üsullarla vicdanlı və azad olmağı təbliğ etməsi də kütlənin həyatında böyük rol oynadı.
Adam bəzən kiçik bir nümunəvi hadisənin şahidi olur, ya o haqda haradansa oxuyur və həyatında böyük, inqilabi dəyişiklər yaradır. Ani informasiya toxunuşu, insan ruhuna daxil olub, orada ayrı bir dünya yarada bilər.
İşıqlı və müsbət köklü informasiyalarımız bol olsun!
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.