”Nənəmlə bibim pula görə döyürdü, diləndirirdi”

13 yaşlı qız: “Küçədə mənə başqa təkliflər də edilirdi”

Source:
Rəsm Meydan TV
Rəsm Meydan TV


13 yaşlı qız: “Küçədə mənə başqa təkliflər də edilirdi”

“Mən böyüyəndə müəllimə olacam, uşaqlara oxumaq öyrədəcəm. Onları müdafiə edəcəm ki, heç kim döyməsin, dilənməyə məcbur etməsin”.

Bu il məktəbə getməyə hazırlaşan C.Z belə deyir. Onun 13 yaşı var. Artıq bir ildir ki, Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşayır. İndiyədək təhsil almayan, bu baxımdan yaşıdlarından geridə qalan C.Z böyük həvəslə yazmağı, oxumağı öyrənir. Riyaziyyatı daha çox sevdiyini deyir. Qıvrım saçlı bu qız sığınacağa gələndə başı keçəl imiş.

Nənəsinin qəyyumluğunda olan azyaşlı onunla yaşamaq istəmir. Səbəbini isə belə izah edir:

“Bura gəlməzdən əvvəl nənəm, bibim məni diləndirirdi. Nənəm başımı qırxmışdı, deyirdi, belə çox pul qazana bilərəm, adamlar acıyıb yardım edər. Suraxanıda yaşayırdıq. Anam yanımda deyildi. Nənəmlə bibim pula görə döyürdü. Bütün günü dilənirdim. Adətən “Neftçilər”, “Xalqlar Dostluğu”, 8 km ərazisində dilənirdim. Bir də metrolarda”.

“C.Z roman qrupuna daxil olan uşaqlardandır. Ölkədə onları daha çox qaraçı adlandırırlar. Elə küçədə dilənən uşaqların böyük əksəriyyəti də bu qrupa daxil olanlardır”. Bunu isə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir.

Rəsm Meydan TV
Rəsm Meydan TV

Nənəsi ilə getmək istəmədi

C.Z-dən başqa sığınacaqda 9 yaşlı qız da qalır. O, Kəmalə Ağazadənin himayəsindədir. Birlik sədri deyir ki, C.Z-ni də himayəyə götürmək üçün Yevlax Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Ancaq hələlik heç bir cavab yoxdur:

“Bu uşaq fiziki zorakılığa məruz qalıb, məcburi əməyə cəlb edilib. Nənəsi bura gəlib bildirdi ki, uşaqdan imtina etmir. Biz də ortaya faktlar qoyduq. Uşaq neçənci dəfədir döyülür, dilənməyə məcbur edilir. Başında çapıqlar var. Uşaq nənəsi ilə danışmaqdan belə çəkinir. Biz psixoloqun köməyi ilə onları görüşdürdük. Uşaq birmənalı şəkildə nənəsi ilə getmək istəmədiyini söylədi. O mühitə qayıtmaq istəmir”.

13 yaşlı qız artıq üsyan etdi

Kəmalə Ağazadə düşünür ki, roman qrupuna daxil olan uşaqların küçəyə düşməsinin, dilənməsinin qarşısını almaq üçün öncə qaraçı adlandırılan insanlara qarşı diskriminasiyaya son qoymaq lazımdır:

“Bu mühiti 13 yaşlı qızın timsalında bir çoxuna şamil etmək olur. Cəmiyyətdə qaraçılara qarşı böyük diskriminasiya var. Bu danılmazdır. Biz uşaqları küçələrdə görə bilərik, ürəyimiz sızıldayar. Amma cəmiyyət olaraq onlarla bir yerdə yaşamaq istəyirikmi? Heç kim qonşusunun qaraçı olduğunu qəbul edə bilmir. Fərd olaraq bəlkə də mümkündür, ümumilikdə isə onların üzərində oğru, fırıldaqçı damğası var deyə hamı ehtiyatlanır. Halbuki onların içərisində nə qədər tanıdığım var ki, cəmiyyətə inteqrasiya olunublar. O nənənin bir sözünü demək istəyirəm. “Məni günahlandırma. Allah bizim bəlamızı qaraçı olmağımızla verib. Bizim düşdüyümüz mühit, ənənə bizi bədbəxt edib”, – dedi. Qaraçı qızlar çox erkən ailə qururlar və uşaqları çox olur. Öz uşaqlarından əlavə kirayəyə də uşaq götürürlər. Çünki uşaq olanda daha çox pul qazanırlar.

13 yaşlı qızımız artıq üsyan edib, istəməyib ki, dilənsin. Özü deyir ki, mən bilsəydim təkcə dilənməklə canım qurtaracaq, edərdim. Artıq küçədə mənə başqa təkliflər edilirdi. Maşın saxlayırdılar, deyirdilər “gəl, gedək gəzək, sənə paltar alaq”. Bu uşağın başı keçəl, çapıq-çapıq idi. Pul qazanması üçün ona işgəncə verməkdən çəkinməyiblər.

Yaxşı olar ki, artıq bu istiqamətdə maariflənmə işləri getsin”.

Özgə uşağı olmur!

Azərbaycanda bu qrupundan olan insanlar əsasən Bərdə, Yevlax, Ağdaş, Qazax, Ağstafa, Zaqatala rayonlarında kompakt halında yaşayırlar. Ancaq onların dəqiq sayı haqda məlumat yoxdur. Hazırda UNİCEF onlarla bağlı tədqiqata başlayıb. Müəyyənləşib ki, ailə vəziyyətləri, sosial durumları ağırdır, çoxunun uşağı təhsil almır. Böyük əksəriyyətinin sənədləri yoxdur.

Rəsm Meydan TV
Rəsm Meydan TV

K.Ağazadə də hesab edir ki, bu istiqamətdə ətraflı iş aparmaq lazımdır:

“İcra hakimiyyətləri, təhsil müəssisələri, sahə müvəkkilləri, eyni zamanda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları buna daha çox diqqət ayırmalıdır. Bizim bir devizimiz var: “Özgə uşağı olmur!”

Bunu aşılamaq lazımdır. Qaraçı uşağı özgə deyil. Onun şəxsiyyət vəsiqəsində qaraçı yox, Azərbaycan vətəndaşı yazılır. Əgər o, Azərbaycan vətəndaşı olduğunu dərk edərsə, mənə elə gəlir normal da formalaşa bilər”.

Dilənən 512 uşaq…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda avaralıq, dilənçiliklə məşğul olan uşaqların sayını açıqlayıb. Məlumata görə, ötən il sırf küçə həyatı yaşayan 25 uşaq tapılıb. Bundan başqa, avaralıq və dilənçiliklə məşğul olan yetkinlik yaşına çatmayan 512 uşaq müəyyənləşdirilib.

K.Ağazadə deyir ki, 2015-ci ilə qədər statistika ilə indikində azalma müşahidə olunur:

“Bu, o demək deyil ki, onlar ailələrinə qayıdıblar və ya inteqrasiya olunublar. Xeyr, daha çox başqa regionlara üz tutublar. Gecə saatlarında yenə də bu uşaqları küçələrdə, ən çox da Nizami, Nərimanov və Xətai rayon ərazisində görmək olur”.

Birlik sədri deyir ki, bu ilin 8 ayı ərzində sığınacaqda 100-ə yaxın uşaq qeydiyyata düşüb:

“Onların 80-85 faizi roman qrupuna daxildir. Onlar polislərin apardığı reydlər zamanı aşkarlanan uşaqlardır. Dəfələrlə ailələrə qaytarmışıq. Sığınacağın da elə imkanları yoxdur ki, mütəmadi olaraq burda qalsınlar. Əgər uşağa qarşı zorakılıq faktı göz qarşısındadırsa və deyirsə ki, ailəmə dönməyə qorxuram, o zaman biz məsələ qaldırırıq, uşağın sığınacaqda qalması üçün akt tərtib olunur. İcra hakimiyyəti bununla bağlı məlumatlandırılır. Bu uşaqlar təkər qaraltmaqla, salfet satmaqla məşğul olurlar. Üstünlük dilənməyə verilir”.

Məcburi təhsilə cəlb

Roman qrupuna aid olan uşaqların böyük əksəriyyəti təhsildən yayınıb. Halbuki “Uşaq Hüquqları” haqqında qanunun 22-ci maddəsində göstərilir ki, hər bir uşağın Azərbaycan Respublikasının təhsil qanunvericiliyinə uyğun olaraq təhsil almaq hüququ var.

Təhsil üzrə ekspert olan Kamran Əsədov “Qaynarinfo”-ya açıqlamasında deyib ki, roman qrupuna daxil olan uşaqların təhsildən kənar qalması onların qeydiyyatının olmaması ilə əlaqəlidir:

“Bir sıra insanlar var ki, onların qeydiyyatı aparılmayıb. Bunlardan biri nikahdan kənar doğulan uşaqlardırsa, digəri bizim qaraçı adlandırdığımız etnik qrupların nümayəndələridir. Məndə olan statiskaya görə, Qaxda 110-120 qaraçı uşağı təhsildən yayınmışdı. Bunlardan yalnız 40-ı orta məktəbə cəlb olunmuşdu. Bu da son 15 ilin ümumi statistikasıdır. Məsələn, məndə Yevlax və Ucar rayon kənd orta məktəblərinə qaraçı uşaqlarının cəlb olunması ilə bağlı məlumatlar vardı. Ümumilikdə bu ailələr sabit bir yerdə yaşamadıqları, daimi yaşayış yerləri olmadığı üçün onların qeydiyyatı mümkün deyil. Onların hər hansısa nümayəndəsinin ali məktəblərə daxil olması ilə bağlı da məlumat yoxdur. Sadəcə bu qaraçı uşaqlar 4 illik ibtidai təhsil alırlar. Onların heç biri nəinki 11 illik, heç 9 illik təhsil almağa lüzum görmürlər”.

Rəsm Meydan TV
Rəsm Meydan TV

Ancaq ekspert deyir ki, beynəlxalq təcrübədə qaraçı uşaqlarının təhsilə cəlb olunması üzrə misallar var:

“Bu tip şəxslərin təhsilə cəlb olunması ümumi ənənəvi, yəni əyani və ya qiyabi əsaslarla olmasa belə, xüsusi təhsil metodları vasitəsilə həyata keçirilə bilər. Mənim təklif etdiyim məsələ də bu olub ki, onları distant, yəni yaşayış məsafəsindən asılı olmayaraq xüsusi təhsil üsuluna cəlb etmək olar. Lakin bu pilot layihə bizdə qəbul edilmədi”.

Onlara da Azərbaycan vətəndaşı kimi münasibət göstərilməlidir

Kəmalə Ağazadə isə deyir ki, təhsilə məcburi cəlbetmə önəmlidir və bu istiqamətdə iş aparılmalı, diskriminasiyanı aradan qaldıraraq, ölkədə yaşayan hər bir qaraçı uşağına digər Azərbaycan vətəndaşları kimi münasibət göstərilməlidir:

“Ən böyük uğurumuz odur ki, bu il təhsildən kənarda qalmış 6 uşağımız fərdi təhsil alacaqlar. Onlar 10-16 yaş arasındadır. Təhsil Nazirliyinə müraciət etdik və bu müraciət əsasında onlar 246 saylı məktəbdə fərdi təhsilə cəlb olundular. Onların arasında roman qrupundan olan qızlarımız da var. Ümumilikdə 15 uşaq bu il məktəbə gedəcək. Bağça problemini də həll edə bilsək, digərləri də bağçaya gedəcək”.

Ekspertlər hesab edir ki, bu uşaqların cəmiyyətə inteqrasiyası üçün maarifləndirmə işinin aparılması vacibdir. Bu halda uşaqların özləri də təhsil almağa cəhd göstərərlər. Bu, baş verərsə, qanun onlara təhsilə mane olan valideyndən şikayət etmək imkanı tanıyır. “Uşaq Hüquqları” haqqında Qanunun 12-ci, Ailə Məcəlləsinin isə 51.5-ci maddəsinə əsasən uşaqlar onları təhsildən yayındıran valideynlərindən müvafiq orqanlara şikayət etmək hüququna malikdir.

Ancaq indiyədək Azərbaycanda bu praktikaya rast gəlinməyib.

Uşaq problemləri ilə məşğul olan bəzi mütəxəssislərsə hesab edirlər ki, küçə həyatı yaşayan uşaqları musiqiyə, rəqsə və digər incəsənət növlərinə cəlb etməklə də onları yaşadıqları həyatdan ayırmaq mümkündür. Bir sözlə, əsas istəkdir, o olarsa, hər şey mümkündür…

Ana səhifəReportaj”Nənəmlə bibim pula görə döyürdü, diləndirirdi”