Nənəmin başına gələnlər

Bu yaxında, baş verən xoşagəlməz bir olay bu məqaləni yazmağıma səbəb oldu

Source:
Orxan Adıgözəl
Orxan Adıgözəl

Bu yaxında, baş verən xoşagəlməz bir olay bu məqaləni yazmağıma səbəb oldu. Ailəmiz, əksər qohumlarımız ağır stress altında idi. Hər dəfə, anamın göz yaşlarını görmək mənə çox ağır gəlirdi. Səbəb? Bizim bu şanlı, dünya səhiyyəsində xeyli “irəli” getmiş həkimlərimiz, nənəmə ürək xəstəliyi diaqnozu qoymuşdular. Həm də israrla qeyd edirdilər ki, əgər qadının ürəyinə “stend” qoyulmasa, o öləcək.

Doğmalarımız ora-bura qaçır, nəsə vəziyyəti yumşaldan alternativ çarə və yollar axtarırdılar. Ürəyimizə hər an elə gəlirdi ki, bu saat nənəm öləcək. Hər dəfə zəng gələndə, bu acı xəbəri duyacağımızdan çox qorxurduq. İnsanın yaxınının, sevdiyinin həyat və ölüm arasındakı mübarizəsini, həm də bu yollar arasındakı bizə nəbz yoxlanışı kimi görsənən ağrılı vəziyyəti müşahidə eləməsinin özü, elə ürək dağlayan haldır.

Evə növbəti dəfə təcili tibbi yardım çağırmışdıq və oranın əməkdaşı vaxt itirmədən, kardioloji xəstəxanaya getməyimizi tapşırdı. Beləliklə, nənəmi, Nərimanov rayonunda yerləşən Ç.Abdullayev adına Elmi-Tədqiqaqat Kardiologiya İnstitutuna yatırdıq. Həkimlərin qəti təlimatı ilə onu birbaşa ürək çatışmazlığı və kəskin ağrılar adı ilə xəstəxananın ağır reanimasiyası şöbəsinə saldılar. Ağır reanimasiyada bir vaxtlar mən də olmuşam. Oranın qorxunc aurası bəs eləyir ki, adamın əsəb və ürək-qan-damar sistemi pisləşsin. Onsuz da dalbadal yaşanan ağrılar və həkimlərin mənfi rəyi nənəmin psixoloji vəziyyətini korlamışdı və üstəgəl də xəstəxananın ən pis yeri sayılan-reanimasiya ocağı, onun bu halın daha da pisləşdirmişdi.

Ağır reanimasiyada hər gün nənəmə cürbəcür iynə və sistemlər vurulurdu. Həmin şöbədə iynə və dərman barədə böyük maxinasiya baş verirdi. Deməli, nənəyə yazılan iynə-dərmanları resept kağızına yazmaqdan, adi kağıza yazılırdı. Dava-dərmanlar isə xəstəxananın önündəki aptekdən alınırdı. Həmin aptek isə bu resepti kağıza yazanlarla birgə kiçik mütəşəkkil qrup kimi fəaliyyət göstərir. Alınan iynə-dərmanların müəyyən hissəsi reanimasiyadakı tibb personalı tərəfindən mənimsənilirdi. Onların bir hissəsi xəstəyə istifadə edilir, qalan hissəsi isə öz maya dəyəri ilə həmin aptekə satılırmış. İynə-dərmanların ənənəvi möhürlü resept kağızı, əvəzinə adi dəftər vərəqinə yazılmasının səbəbi, maxinasiyalara qarşı xəstə yaxınlarının gələcəkdə müəyyən rəsmi qurumlara olan şikayətinin qarşısını almaq üçün də hesablanır. Sabah xəstə yaxını “oyanıb”, aidiyyatı qurumlara şikayət etməyə cəhd etsə, əlində heç bir dəlil-sübut olmayacaq. Bir də ki, əgər, şanlı Səhiyyə Nazirliyinə bir yol tapıb, xəstə üçün xərclənən iynə-dərmanların pulunu ödəməyə onları təhrik etsən, yenə uğursuzluqla qarşılaşacaqasan. Çünki əlində rəsmi peçatlı resept kağızı olmayacaq.

İynə-dərmanların pulundan savayı, hər gün, ağır reanimasiyanın tibbi heyətini mütləq bəxşişlərlə sevindirməli idin. Bu heyətə əsas olaraq tibb bacıları və xəstəyə gündəlik qulluqla mükəlləfiyyətləndirilmiş dayələr aiddir. Heyətin bu hissəsi qorxu filmlərindəki əsl qaniçən obrazlarını xatırladırlar. İlahi, adam nə qədər vicdansız və görməmiş olarmış! Gündəlik səhər və axşam növbəsində olan həmin heyət xəstə yaxınlarından vəzifələrini daha ürəklə icra etmək üçün pul tələb edirdilər. “Tələb edirlər” ifadəsini “dilənmək”lə də əvəz etmək olar. Ancaq o da var ki, dilənmək çox çətin vəziyyətdən çıxış yolu tapmaq üçün dilənən şəxsə yeganə çarə kimi görünür. Hər nə isə, bu heyətdə səhər növbəsində çalışan 4-5 nəfər olurdusa, onların hər birinə 3 manat verilməli idi. Axşam növbəsində də proses eyni bu şəkildə davam edirdi. Hətta bir dəfə həya və abır hisslərindən yoxsul olan tibb bacısı, dayımdan özü üçün 5 manat tələb etmişdi. Guya o, həmin işlədiyi xəstəxanaya 10 min manat pul verib, “düzəlibmiş və buna görə də ona daha çox bəxşiş düşdüyünü iddia edirmiş. Həyasızlığa bax!

Bu pulları da xəstə yaxınları qorxularından verirdilər ki, birdən onların yaxınlarına baxıb, eləməz və qayğısız qoyarlar.

Nənəm reanimasiyada 1 həftə qaldıqdan sonra, palataya köçürüldü. Orda vəziyyət müəyyən qədər yumşaq keçdi. Çünki xalam artıq daimi nənəmin yanında qalırdı. Yenə də palatada da iynə-dərman maxinasiyası olduğu kimi dövr edirdi. Bu dəfə isə tibb bacılarının hərəsinə gündəlik 1 manat az, yəni 2 AZN ödənilirdi.

Nənəmin halı pisləşən kimi onu kardioqramma aparatına salırdılar. Xalam deyir, kardioqrammanın nəticələri barədə mənfi heç bir rəy verilmirdi. İşin təzadlı tərəfi bax, budur. Onun ürək ətrafında baş verən ağrılarını ürək çatışmazlığına bağlamışdılar.

Bir gün artıq nənəmin ağrısı o həddə yüksəldi ki, ona koronaroqrafiya müayinəsi, yəni xalq arasında “anju” əməliyyatı kimi tanınan prosesə cəlb etdilər. “Anju”-ya görə bir neçə yüz manatımızdan keçməli olduq. 450 manatımız “anju”-ya getdi. Xalam həmin xəstəxananın baş həkiminin yanında da olmuşdu və həkim nənəmin ürəyinə stend qoyulmasını bildirmişdi. Bu əməliyyat isə təxminən 7-8 min manat pul edir. Hətta, baş həkim məsləhət görmüşdü, pulunuz yoxdursa, rəsmi qurumlara müraciət ünvanlayıb, xahiş edin ki, maddi durumunuzu nəzərə alıb, əməliyyat pulunuzu dövlət ödəsin.

Ordakı həkimlər nənəmə tapşırmışdılar ki, ürəyinə zərər olmasın deyə az danış, gəzmə, çox hərəkət eləmə. Bu isə nənəmi lap zəiflətmişdi.

3 həftə bitdi və nənəm ağrı ilə girdiyi sınıq-salxaq, daxmanı xatırladan eybəcər Elmi-Tədqiqat İnstitutundan elə ağrı ilə də evə döndü.

Bir gün nənənin vəziyyəti yenə pisləşdi və biz, təcili tibbi yardım çağırdıq. Bu dəfə gələn həkim vicdanlı və peşəsini bilən biri idi. O, nənəmin kürəyində və döş qəfəsində yaranan ağrıların əslində ürək çatışmazlığı yox, olduqca çox yayılmış fəqərə sütunu xəstəliyi olan ostexondroz olduğunu dedi . Surpriz!

Ancaq Azərbaycan kimi ölkələrdə səhv diaqnoz qoyula, 1000 manatdan çox pulunuz havaya uça, ehtiyac olmadığı təqdirdə “anju” əməliyyatına girə və bolluca stress qazana bilərsiniz.

Bax, bu hökumətin səhiyyə sistemi belə işləyir. Xəstə ayağın yerinə sağlam ayağı kəsib, amputasiya edən səhiyyə canavarının əlində qalmış xalq, burnu qanayan kimi İran və Türkiyə kimi ölkələrə qaçır. Bu hal isə bir daha gələcəyimizin nə qədər təhlükə altında olduğunu göstərir.

Hippokratın andı qənim olsun sizə!!!

Redaksiyadan: Elmi-Tədqiqat İnstitutundan Meydan TV-yə bildirdilər ki, onlara bu məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb: “Ona görə də konkret hansı tibb bacısından söhbət getdiyi məlum deyil. Yazıda da ad çəkilmir”.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəNənəmin başına gələnlər