“Hər adamın aylıq gəliri 526 manatdan 412 manata düşüb”
Noyabrda əhalinin gəlirləri 21 faizdən çox azalıb.
Mayda 5,2 milyard manat təşkil edən gəlirlər noyabrda 4,1 milyarda enib. Azalma 1 milyarddan çoxdur.
Dövlət Statistika Komitəsinin əhalinin gəlirləri ilə bağlı açıqladığı məlumatdan belə görünür.
İqtisadçı Nemət Əliyevin hesablamalarına görə, azalan gəlirin adambaşına düşən məbləği 114 manatdır: “Orta hesabla götürsək, hər adamın aylıq gəliri 526 manatdan 412 manata düşüb. Noyabrdakı qiymətlərin səviyyəsini may ayı ilə müqayisəyə edən Dövlət Statistika Komitəsinin məlumatından görünür ki, guya son 6 ayda ərzaq və digər malların qiymətində bahalaşma olmayıb. Bu, inandırıcı deyil”.
İqtisadçı deyir ki, Dövlət Statistika Komitəsinin bu hesablaması ilə gəlirlərin səviyyəsində qeydə alınan geriləmə faizini müqayisə edib. Bu, ölkədə həyat səviyyəsinin 21 faiz pisləşməsini ortaya çıxarır (100-121= -21 faiz):
“Əhaliyə ciddi zərbədir. Həyat səviyyəsinin beşdə birindən məhrum olmaq böyük geriləmədir. Bəs hökumətin 3,5 milyard manatlıq sosial paketi niyə işə yaramadı? Axı bu yardım paketi pandemiyanın neqativ təsirləri şəraitində 2020-ci ildə makroiqtisadi sabitliyi qorumalı, zərər çəkmiş sahibkarlıq subyektlərinə dövlət dəstəyini hiss etdirməli, ölkədə yarana biləcək məşğulluq problemlərini və sosial problemləri həll etməliydi. Bəs nə üçün qoruya, hiss etdirə, həll edə bilmədi? Bu sualları cavablandırmaq hökumətin boynunun borcudur”.
Nemət Əliyev deyir ki, əhalini mənzillərə qapadıb iş yerlərini bağlayanda, işsiz qalanların çox az hissəsini 190 manatın ümidinə buraxanda, bu dərəcədə acınacaqlı nəticələrin ortaya çıxacağı qabaqcadan proqnozlaşdırılan idi:
“Qazaxıstan da Azərbaycan kimi pandemiya dövrünü yaşayır. Bu ölkə də yardım paketi qəbul edib, həyata keçirir. Lakin orada əhalinin nominal gəlirləri vur-tut 2 faiz azalıb (mayda 111344 tenge, oktyabrda 109177 tenge). Qazaxıstanda gəlirlər 2 faiz, bizdə isə 21 faiz azalıb. Çox böyük fərqdi”.
İqtisadçı bildirib ki, Qazaxıstanda heç Azərbaycandakı qədər sərt karantin rejimi də tətbiq edilməyib: “Əhalini bizdəki qədər mənzillərə qapatmayıblar. Bildiyim qədər SMS icazə sistemini, ümumiyyətlə, yaxın buraxmayıblar. Amma hər 100 min nəfərə düşən ölüm sayı nisbətən yumşaq karantin rejimi ilə ötüşən Qazaxıstanda 15,1 nəfər, bizdə isə 23,5 nəfər olub (22 dekabr 2020-ci il tarixinə olan vəziyyət). Yəni ölüm sayı onlara baxanda bizdə 56 faiz çox olub. COVID-19 virusuna yoluxma sayının azlığına görə də Qazaxıstan bizdən irəlidədir. Özbəkistan, Belarus ilə müqayisələr də oxşar nəticələr üzə çıxır”.
İqtisadçı sonda bildirir ki, müqayisələr sərt karantin rejiminin tətbiq olunduğu Azərbaycanda həm həyat səviyyəsinın kəskin pisləşdiyini, həm də virusa yoluxmanın çox olduğunu göstərir: “Odur ki, burada hökumətin məsuliyyətini istisna etmək əsla mümkün deyil. İndi də gec deyil. Buraxılan səhvlər dərhal yoluna qoyulmalıdır. “600 min nəfərə 190 manat” siyasətinin iflas etməsini etiraf etməlidir hökumət. İşsizlər ordusunun çevrəsi dəqiq müəyyən olunmalı, onun hər bir sıra üzvünə normal həcmdə aylıq ödənişlər həyata keçirilməlidir. Nəzərə almaq vacibdir ki, 1 milyona yaxın fərdi sahibkar ordusunu, habelə kiçik sahibkarları maliyyə yardımından kənarda saxlamaq qəti şəkildə yolverilməzdir”.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb Azərbaycanda indiyə qədər 210 min 61 nəfərin yeni koronavirus infeksiyasına yoluxduğunu bildirib. 2 min 380 nəfərin vəfat etdiyi açıqlanıb.
Ölkədə martın 24-dən karantindir. Rejim zaman-zaman həm sərtləşdirilib, həm də yumşaldılıb. Bir həftə öncə, dekabrın 14-dən yanvarın 18-nə kimi karantin yenidən sərtləşdirilib. Zəruri hallarla bağlı yaşayış yerini tərk edən insanlar (işsiz və ya fəaliyyətinə icazə verilməyən sahələrdə çalışanlar) SMS-lə müvafiq qurumdan icazə almalıdırlar.
İqtisadçı ekspertlər dəfələrlə açıqlamalarında bildiriblər ki, sərt karantin rejiminin tətbiqi kiçik və orta sahibkarlığa zərbədir. İnsanların işsiz qalmasına, alıcılıq qabiliyyətinin və gəlirlərin azalmasına səbəb olur.