Axtarış-xilasetmə əməliyyatlarına yekun vurulub
Dənizdə cəsədi aşkarlanan neftçi Samir Ağabala oğlu Əsədovun nəşi avqustun 22-də ailəsinə təhvil verilib. Neftçinin meyidi vaxtilə yaşadığı Ələt qəsəbəsinə aparılıb.
Axtarış-Xilasetmə Qərargahındən Meydan TV-yə verilən məlumata görə, Samir Əsədovun cəsədi avqustun 18-i saat 18:10-da Daş Zirə (köhnə Vulf adası) adasında aşkar edilib.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı, eləcə də Ələt kənd sakini Hacı Qayıbov sosial şəbəkələrdə neftçinin cəsədinin balıqçılar tərəfindən aşkarlandığını yazıblar.
Samir Əsədov 1979-cu il təvəllüdlüdür. O, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış.
15 dekabr 2016-cı il-də Azneft İB-nin strukturuna daxil olan N.Nərimanov adına NQÇİ-də estakada meydançasının uçması nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər əməkdaşı itkin düşüb.
İtkin düşənlərin siyahısı aşağıdakı kimidir:
1. Zülfüqarov Güloglan – maşinist
2. Zülfüqarov Azay – operator
3. Qurbanov Vidadi – operator
4. Həsənov Elçin – mexanik
5. Hacıəliyev Həsənağa – operator
6. Əsədov Samir – operator
7. Bəhrəmov Cavid – operator
8. Abbasov Ramiz – maşinist
9. Rüstəmov Qorxmaz
Axtarış-Xilasetmə Qərargahının məlumatına görə, Samir Əsədov itkin düşən neftçilərin sonuncusu idi:
“Bununla da, itkin düşən neftçilərin hamısı Qərargahın həyata keçirdiyi Axtarış – Xilasetmə əməliyyatları nəticəsində tapılaraq ailəsinə təhvil verildi və axtarış – xilasetmə əməliyyatlarına yekun vuruldu”.
Mirvari Qəhrəmanlının sözlərinə görə, bir müddət əvvəl Samir Əsədovun anası oğlunun dərdinə dözməyib və vəfat edib.