“Əməliyyatlar fasiləsiz davam etdiriləcək”
2016-cı il dekabrın 15-də Xəzərdə estakadanın uçması ilə itkin düşmüş neftçilərin axtarışı davam etdirilir. Hələlik, tapılan yoxdur.
Bu haqda məlumatı neftçilərin axtarışı ilə bağlı yaradılan qərargah yayıb.
Məlumatda deyilir ki, mütəxəssislər yanvarın 5-də mövcud hidrometeoroloji vəziyyəti və küləyin istiqamətini təhlil ediblər. Bununla da sualtı və suüstü axtarış xilasetmə əməliyyatlarının gücləndirilməsi barədə qərar qəbul ediblər. Əməliyyatlar fasiləsiz davam etdiriləcək.
Paralel olaraq estakadanın dağıldığı ərazidə suyun dibində dağıntıların təmizlənməsi prosesi də davam etdiriləcək.
2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşüb. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib.