”Neftçi” və ”Sumqayıt” klublarının prezidentləri istefa verdi

Azərbaycan Premyer Liqasının növbəti turunda klublar üz-üzə gələcək

Source:


Azərbaycan Premyer Liqasının növbəti turunda klublar üz-üzə gələcək

Fevralın 16-da “Neftçi” və “Sumqayıt” futbol klublarının prezidentləri istefa verib.

“Neftçinin prezidenti Orxan Hüseynzadə şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Orxan Hüseynzadə ötən il iyulun 6-da “Neftçi”nin prezidenti təyin olunmuşdu.

“Sumqayıt” klubunun prezidenti Kamran Quliyevin də şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verdiyi bildirilir.

Bu barədə klubun saytı məlumat yayıb.

“Neftçi” və “Sumqayıt” klubları birbaşa AFFA-dan maliyyələşir. Azərbaycan Premyer Liqasının fevralın 17-də start götürəcək növbəti turunda isə “Neftçi” ilə “Sumqayıt” üz-üzə gələcək.

İstefaların ardınca “Neftçi”nin prezidenti postuna “Sumqayıt”ın prezidenti vəzifəsindən istefa verən Kamran Quliyev gətirilib.

“Sumqayıt” klubundan isə bildirilib ki, yaxın günlərdə açıqlama veriləcək:

“Hələ heç nə bəlli deyil. Yaxın günlərdə klubun rəhbərliyindəki dəyişikliklərlə bağlı rəsmi açıqlama verəcəyik”.

Baş verənləri “Komanda.az”

saytına

şərh edən “Neftçi”-nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib ki, dəyişiklik uğursuzluqla əlaqəlidir:

“Üç ildi fikirlərimi açıq bildirirəm. Təəssüf ki, “Neftçi” ilə bağlı bütün təhlillərimiz özünü doğruldur. Son illər klub autsayder vəziyyətinə gətirilib. Hər bir şəxs bacardığı yükü götürməlidi. “Neftçi” tarixi klubdu, zarafatı sevməz. Klub tez bir zamanda ayağa qalxmalı, keçmiş əzəmətini qaytarmalıdı.

Onu qəti deyə bilərəm ki, “Neftçi”nin heç vaxt ciddi maliyyə problemi olmayıb və sponsorlar Azərbaycan şərtlərinə uyğun istənilən şəraiti yaradıb. Kimliyindən asılı olmayaraq, “Neftçi” öz layiqli adını geri qaytarmalıdı”.

Məsələni öz “Facebook” səhifəsində şərh edən idman jurnalisti Rəşad Ergün yazır:

“Bir günün içində iki klubun prezidentinin istefaya məcbur edilməsi, istefa verənlərdən birinin dərhal digər istefa verənin yerinə təyin olunması qanun-qayda, reqlament, futbol adına rəzalətdi. Bəlkə FİFA, UEFA iki və daha çox sayda klubun eyni cibdən maliyyələşməsinə, eyni nöqtədən idarə olunmasına icazə verib, xəbərimiz yoxdu? Ciddidən, FİFA və UEFA-nın Azərbaycan futbolunda baş verənlərdən xəbəri varmı? 8 komandalı çempionatda 5 komanda eyni cibdən maliyyələşir, eyni şəxslər tərəfindən idarə olunur. Dünyanın harasında var belə şey? Bu adamlar utanmadan bir də Avropa çempionatının oyunlarını Bakıda qəbul edəcəklər. Mən AFFA-nın, PFL-in hansı beyinlər tərəfindən idarə olunduğunu bilirəm. Bəs FİFA və UEFA? Yox, ciddi soruşuram, xəbərləri yoxdu Azərbaycan futbolunda baş verənlərdən? Rövnəq Abdullayevin, Elxan Məmmədovun, Ramin Musayevin Azərbaycanda analoqu olmayan bir sistem yaratdıqlarını bilmirlərmi? Axı bütün bunlar qanunsuzdu, cinayətdi, axı futbolda gecə “Sumqayıt”ın prezidenti kimi yatıb, səhər “Neftçi”nin prezidenti kimi oyanmaq həmin futbolun cəmdəyinə tüpürməkdi”.

Meydan TV AFFA-dan məsələyə münasibət öyrənə bilməyib.

Ana səhifəXəbərlər”Neftçi” və ”Sumqayıt” klublarının prezidentləri istefa verdi