Rövşən Ağayev: “Bu gün təhsilə ayrılan xərclər inkişaf etmiş yox, heç ortabab ölkələrdəki xərclərə çata bilmir”
Yanvarın 24-də prezident İlham Əliyev “biz təhsil sahəsinə böyük sərmayələr qoymuşuq. Hazırda Azərbaycanda savadlılıq səviyyəsi yüz faizdir”, – deyə tvit atıb.
Bundan əlavə, o, Rusiyanın “Rossiya-24” informasiya telekanalına müsahibəsində də bildirib ki, Azərbaycan dünyəvi cəmiyyəti olan dünyəvi ölkədir, təhsilin yüksək səviyyədə olduğu müasir dövlətdir:
“Təhsil radikalizmə qarşı başlıca qarantdır. Yüz faiz savadlılıq olan ölkədə, savadlı cəmiyyətin daxilində potensial təhlükə ola bilməz”.
İqtisadçı ekspert Rövşən Ağayev isə öz facebook səhifəsində maraqlı statistika bölüşüb. O, 2005-2014-cü illərdə büdcədən təhsilə, səhiyyəyə, hüquq-mühafizə sahəsinə, sosial müdafiəyə və müxtəlif tikinti layihələrinə nə qədər vəsait xərcləndiyinin statistikasını yayıb:
“Böyük neft pullarının axını kimi tarixə düşəcək son 10 ildə (2005-2014-cü illər) Azərbaycan hökumətinin dövlət büdcəsi vasitəsilə xərclədiyi pulların cəmi 0.9 faizi (1,025 milyard manat) ali təhsilə, 3.5 faizi (4,044 milyard manat) səhiyyəyə, 5.2 faizi (6,046 milyard manat) orta təhsilə, 5.8 faizi (6.7 milyard manat) hüquq-mühafizəyə, 9.7 faizi (11.3 milyard manat) sosial müdafiəyə, 34.4 faizi (39.8 milyard manat) müxtəlif tikinti layihələrinə xərclənib”.
Rövşən Ağayev Meydan TV-yə açıqlamasında deyib ki, böyük neft pulları dövründə səhiyyə və təhsilə diqqət bu cür olubsa, həmin pulların olmayacağı dövrdəki vəziyyəti təsəvvür etmək çətin deyil:
“Hökumət bəzən təhsil xərclərinin içərisində anlaşılması çətin olan, istiqamətlərinin görünməsi mümkün olmayan xərclər salır. Ona görə mən birbaşa həmin statistikada ali təhsillə, orta təhsili ayrı yazmışam. İkisi birlikdə 9.3 faiz edir. Məsələ belədir ki, bizdə bu gün təhsilə ayrılan xərclər inkişaf etmiş yox, heç ortabab ölkələrdəki xərclərə çata bilmir. Söhbət şagird və tələbələrin təhsil xərclərindən gedir. Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2014-cü ildə açıqladığı təhsil hesabatı var. Baxanda görürsən ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan ölkələrdə orta hesabla bir orta məktəb şagirdinə dövlətin xərclədiyi vəsait 3-4 min dollardan az deyil. Bəzi ölkələrdə bu, 5 min dollara da çatır. Eyni zamanda inkişaf etmiş ölkələrdə bir ali təhsil tələbəsinə düşən xərc 7-8 min dollardır. Bəzi ölkələrdə dövlət il ərzində bir tələbəyə 10 min dollar xərc çəkir. Azərbaycana baxanda isə biz görürük ki, bir tələbəyə il ərzində çəkilən xərc həmin ölkələrdəkindən 4-5 dəfə geri qalır. Orta məktəbin bir şagirdinə il ərzində 600-700 manat pul xərclənir. Yenə deyirəm, bu, bir şox ölkələrdə 10 min dollara qədərdir. Ona görə də təhsil xərclərinin ümumi daxili məhsulda payı 3 faiz yarıma çatır. Halbuki inkişaf etmiş ölkələrdə bu 6-7 faizdən az deyil”.
“Böyük neft pullarının olduğu dövrdə vəziyyət belədirsə, görün gələcəkdə necə olacaq”, – deyir ekspert: “10 ildə hüquq-müafizə orqanlarına çəkilən xərclərin büdcədə payı ali və orta təhsilin ikisinə birgə çəkilən xərclərdən çoxdur. Yəni, beft pullarının olduğu dövrdə təhsil xərclərinə ayrılan vəsait çox olmayıbsa, görün indi neft pullarının olmadığı dövrdə vəziyyət necə olacaq. Bunu təsəvvür etmək çətindir”.