Neft bahalaşıb, nə dəyişib?

Source: Foto: Meydan TV

“Qiymət bahalaşanda da, ucuzlaşanda da ziyanını xalq çəkir”

Son günlər dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Bir barelinin qiyməti 100 dollara yaxınlaşıb.

Ekspertlər hesab edirlər ki, buna səbəb son zamanlar Ukrayna və Rusiya arasındakı gərginliyin artmasıdır. Münaqişənin iqtisadi təsirləri də öz növbəsində Azərbaycan iqtisadiyyatına toxunub.

Azərbaycanın ixracının 90 faizə yaxınını neft və qaz sənayesi təşkil edir.

Ölkənin 2022-ci ilin büdcəsində neftin bir barelinin qiyməti 50 dollardan hesablanıb.

Hazırda isə nəzərdə tutulanın 2 qatına satılır. Bu, o deməkdir ki, ölkə gözləniləndən daha çox gəlir əldə edir.

Gəlirin artması ölkə iqtisadiyyatına necə təsir edib?

İqtisadçı Qubad İbadoğlu deyir ki, belə vəziyyətdə adam bilmir sevinsin, yoxsa kədərlənsin. Çünki neftin qiyməti bahalaşanda da, ucuzlaşanda da onun ziyanını xalq çəkir, xeyrini isə hakimiyyət mənimsəyir: “Əslində qiymət bahalaşması Azərbaycanın gəlirlərinin artımına xidmət edir, amma sosial cəhətdən ədalətli bölüşdürülməyən, iqtisadi baxımdan effektiv istifadə edilməyən neft-qaz gəlirlərindən kiçik bir zümrə bəhrələnir”.

İqtisadçı bildirir ki, dünya bazarında Azərbaycan neftinin qiyməti artanda, daxildə də neft məhsulları bahalaşır.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

Nəticədə yerli istehlakçıların məsrəfi artır: “Belə olanda bir qrup sevinsə də əksəriyyəti dərd götürür ki, yeni bahalaşma nə zaman olacaq? Çox böyük ehtimalla yaxın zamanlarda benzinin və digər neft məhsullarının qiyməti bahalaşacaq. Bu, onsuz da yüksək olan inflyasiyaya artırıcı təsir göstərəcək və yoxsullar daha da yoxullaşacaq, varlılar isə ifrat dərəcədə varlanacaq”.

“Qazanan dövləti şirkət kimi idarə edən iqtidardır”

Qubad İbadoğlu düşünür ki, nə qədər gəlirlərin idarəedilməsində şəffaflıq və hesabatlılıq təmin olunmayacaqs, neft və qazın kimə, neçəyə satılması barədə kontraktlar açıqlanmayacaq, qiymətlər və bazar liberallaşdırılmayacaq, bu, belə də davam edəcək: “Qazanan dövləti şirkət kimi idarə edən iqtidar, itirən isə onlara xidmət edən xalq olacaq”.

“Gəlirlər yalnız bir ailənin və ətrafının varlanmasına xidmət etməməlidir”

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov da bildirir ki, Azərbaycan neftinin qiyməti kəskin bahalaşdığı halda, ölkə əhalisinin sosial durumu get-gedə pisləşir:

“Əslində isə neftdən gələn gəlirlər yalnız bir ailənin və onun ətrafında olanların aşırı varlanmasına deyil, bütün Azərbaycan xalqının sosial durumunun yaxşılaşdırılmasına yönəldilməlidir”.

Kremlin son qərarı və təsirləri

İqtisadçı, deputat Vüqar Bayramov isə qeyd edir ki, Kremlinin son qərarı qlobal iqtisadiyyata təsirsiz ötüşməyib.

Şərqi Avropada yarana biləcək daha böyükmiqyaslı gərginlikdən təsirlənən birjalarda strateji məhsulların qiymətində artımlar müşahidə edilib: “Ötən həftəni 1 bareli 90.70 dollar ilə qapayan Brent markalı neft indi 97 dollara təklif edilir. Yeni həftədə neft 7 faizə yaxın bahalaşıb. Rusiya rublu da təzyiq altındadır. Dünən hərraclarda dollara nisbətən 76.70 məzənnəsi dəyişdirilən Rusiya pulu 79.45-dək ucuzlaşıb. Bu bir gündə rublun 4 faizə yaxın ucuzlaşması anlamına gəlir. Avro dollara nisbətən cüzi ucuzlaşıb. Avropa pulu son gün 1 faizə yaxın dəyər itirib. Avropanın Şərqində baş verənlər hələlik, avrozonaya xüsusi təsir etməyib”.

Qərb Rusiyaya qarşı bəyan etdiyi sanksiyaları tətbiq edərsə…

Deputat əlavə edir ki, istər neft, istərsə də valyuta, xüsusən də rublun məzənnəsi birbaşa Qərbin qəbul etidyi qərarlardan asılı olacaq.

Ağ Evdə və eləcə də Brüsseldə Rusiyaya qarşı sanksiyalarla bağlı açıqlamalar verilsə də hələlik hansı addımların atılacağı dəqiqləşdirilməyib: “Bir müddət öncə də Vaşiqtonda Moksvaya qarşı SWIFT-dən çıxarılma kimi sərt sanksiyalar ilə bağlı bəyanatlar verilsə də sonradan okeanın o tayında diplomatik addımlara üstünlük verilib. Bununla belə, əgər Qərb Rusiyaya qarşı əvvələr bəyan etdiyi sanksiyaları tətbiq edərsə, Brent markalı neftin qiyməti qısa zamanda 100 dollarlıq psixoloji həddi keçə və rubl kəskin ucuzlaşa bilər. Bu baxımdan, indi bütün gözlər Vaşinqtondadır”.

Vüqar Bayramov
Mənbə: Meydan TV

“Neft bazarındakı son durum neft ölkələri üçün arzuolunan dəyişiklikdir”

2022-ci ilin yanvarında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 700,5 min barrel olub. Bunun 580,9 min barrelini xam neft, 119,6 min barrelini isə kondensat təşkil edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib.

Vüqar Bayramov bildirir ki, bu, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilməsi deməkdir: “Deməli, gündəlik ixracat orta hesabla 427 min 715 barel olub.

2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir”.

“Artan qiymətlərin yenidən aşağı enməsi də istisna edilmir”

İqtisadçı həmçinin bildirir ki, neftin qiymətindəki kəskin artımlar neft bazarı üçün potensial risklər formalaşdırır.

Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Amerika Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq.

Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir: “Enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir. Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur”.

“Neftin qiyməti tək iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır”

Deputat sonda bildirir ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda, siyasi faktorlardan asılı olduğundan, istənilən zaman bazarda sıçrayışlar ola bilər: “Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asılılığı minimumlaşdırmaqdır”.

Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan neftinin bahalaşmasından sonra mediaya açıqlamasında bildirib ki, “dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması, təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir”.

Müstəqil ekspertlər, təhlilçilər isə daim açılamalarında neft sektoruna güvənməməyi, qeyri-neft sektorunun inkişafının dəstəklənməsinin vacibliyini vurğulayırlar.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Azərbaycanda neft əsasən, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir.

Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.

Ana səhifəİqtisadiyyatNeft bahalaşıb, nə dəyişib?