Nəfəs

İlk dəfə ağzıma qarpız dəydi.

Source:

Bu günlərdə çox bərk xəstələnmişdim. Bronxlarıma soyuq dəymişdi və yığılan bəlğəmi çölə çıxara bilmirdim. Əslində buna gücüm çatmırdı. Çünki aldığım onurğa travmasından sonra ağ ciyərlərimi əvvəlki tək işlətmək ixtiyarında deyiləm. Ora gedən sinirlər də qapalıdır.  Xəstəlik 25 gündən çox çəkdi. 2008-ci ildə keçirdiyim qəzadan sonra heç belə xəstələnməmişdim. Həmişə immunitetim güclü olub. Bu dəfə nəsə özümü qoruya bilmədim.

Son üzləşdiyim xəstəlik mənə 8 il öncəni yenidən xatırlatdı. O haqda yazmağa qərara gəldim. Qəzadan sonra onurğamda 7 saatlıq əməliyyat reallaşdı. Ağır reanimasiyada keçirdiyim ilk gecə nəfəs yollarım uzun əməliyyatın ağırlığına dözməyərək normal fəaliyyətin itirməyə başlamışdı. Boynumda ödəm əmələ gəlmişdi. Ürəyim getmiş və məni yenidən növbəti əməliyyata almışdılar. Boğazımda traxeya yolunu kəsmiş, ora süni nəfəs aparatı yerləşdirmişdilər. Amma cərrahın bu cəhdi uğursuz olmuşdu.

Özümə gəlib, asta-asta oyananda, hələ gözümü açmağa heyim olmadığı halda ağzımdan axan qanın tamını hiss edirdim. Yeni əməliyyat olunan traxeya yerindən də qan sızdığını hiss edirdim. Birinci hər şeyi yuxu kimi idrak edirdim. Ətrafda səslər-danışıqlar eşidirdim. Elə bilirdim, keçirdiyim qəza, ağrılar, xəstəxana hamısı qorxulu yuxudur. Qısa müddət sonra ətrafdakı danlışıqların aydınlığı məni reallığa qaytardı.

Bədənim keyləşmişdi. Heç yerim tərpənmirdi. Ağlım və gözlərim dumanlanmışdı. Traxestomik əməliyyata görə nitqim də pozulmuşdu. Qışqırıb, heç kimi haylaya bilmirdim ki, məni bu ağrılı-qanlı durumdan qurtarsın. Özümü sağ halda qəbirə, tabuta salınmış insan kimi hiss edirdim. Gözümü açandan sonra bu vəziyyət bir müddət davam etdi. Uzandığım həmin otaqda yadımda  qalan köhnə boz rəngli divarlar və sağ tərəfimdəki böyük pəncərə idi. Boz divarlar barədə yanlışım ola bilər, qüsura baxmayın, amma böyük pəncərə dəqiq yadımdadır.

Bir az sonra yatağıma tərəf gülərüz, orta yaşlı, bığlı bir həkim yaxınlaşdı. Ürəyim bir az sakitləşdi. Üzündəki təbəssüm ifadəsini yığışdırmadan və nəzərlərin qan qaynayan ağız və boğazımdan ayırmadan o tərəfdəkilərə müraciət edib soruşdu ki, traxeyadan qan gəlir, bunu kim belə əməliyyat edib? Cavabını alandan sonra mənə dedi ki, narahat olma. İndi oranı yenidən əməliyyat edəcəm, yaxşı olacaqsan. Sonra mənə bihuşedici  iynə vurdu.

Yavaş-yavaş yuxuya gedirdim. Qarşımdakı gülərüz həkim isə mənimlə danışırdı. Görünür, mənim ağır durumumu yüngülləşdirməyə çalışırdı. Bu qanaxma və 2-ci əməliyyat olayını valideynlərimə deməmişdilər. Bunu xəstəxanadan çıxandan sonra həmin  hadisəni anama danışarkən öyrəndim. Məgər valideynlərim bundan xəbərsizimişlər.

Bu xırda əməliyyat uğurlu olmuşdu. Traxastemo olunmuşdum. Yəni traxeyama süni nəfəs aparatı keçirmişdilər. Öz nəfəsim yox idi. Yaşamağım nəfəs verən aparata bağlı idi. Nə danışa bilir, nə də yemək yeyə bilirdim. Burnuma zond şlankı keçirtmişdilər. Şlankın bir ucu mədəmdə idi. Blender aparatından keçirilmiş horra halındakı yeməkləri böyük şpristə doldurub, içəri ötürürdülər. Suyu da eyni ilə belə qəbul edirdim. Heç nəyin dadından xəbərim olmurdu. Yeməklərin dadı üçün elə darıxmışdım ki…

Bir dəfə mənimlə mehriban davranan tibb bacısından xahiş etmişdim ki, mənə heç olmaya bir qaşıq qatıq versin. Xahişimi yerinə yetirəndə elə sevinmişdim ki! Uzun zamandan sonra sevdiyim qida maddəsini dilimdə-ağzımda hiss etmək mənə heç vaxt belə həzz verməmişdi. Qatıq mənim üçün heç vaxt belə dadlı olmamışdı.

Bronxlarıma yığışan bəlğəmləri qətiyyən çıxarmaq gücündə deyildim. Traxestemonun üstündən boğazıma təxminən 25 sm uzunluğu olan şlank keçirir və bronxlardakı bəlğəmləri sovurucu aparatla təmizləyirdilər. Bu hər gün 5-10 dəfə təkrarlanırdı. Olduqca rahatsız edici və ürəkbulandıran həmin vasitədən 1 aydan çox istifadə edəsi oldum. Bu yazını yazdıqca həmin günlər yadıma düşür və ağrıları, iztirabları sanki yenidən yaşayıram.

Danışa bilməmək məni çox üzürdü. Fikirimi hamıya çatdıra bilmirdim. Sözlərimi ancaq dodaq tərpənişi ilə başa düşürdülər. Bir sözü dodağımla bir neçə dəfə təkrarlamalıydım ki, həkim və tibbi personal məni anlasınlar. Bəziləri ümumiyyətlə anlamırdılar.  Xüsusi narahatçılıq və istəyim olanda uzaqdan tibb bacılarını dilimi dişimə sıxıb “çırt-çırt” edərək çağırırdım.

Yadımdadır, məni o dodaq jestləri ilə ən çox anlayan iki tibb bacısı vardı. Qayğıma yaxşı qalan həmin tibb bacılarını çox istəyirdim. Onların növbədə olduğu günləri səbirsizliklə gözləyirdim. Anamı xəstəxananın ağır reanimasiyasına buraxmırdılar. Ümumiyyətlə, ora xəstə yaxınlarını buraxmağa icazə yox idi.  Ana qayğısına ehtiyacım vardı və qismən də olsa həmin qayğını iki mehriban tibb bacısında tapmışdım.

Ən ağrılı məqam boğazıma birləşmiş aparatın çıxarılıb, yenisi ilə əvəzlənməsi olurdu. Nə yaxşı ki, buna çox ehtiyac olmamışdı. Yalnız zərurət halında 2-3 dəfə təkrarlanan bu proses vaxtı ağrıdan göyərirdim, gözlərim yaşarırdı.

15-16 gün çəkən intensiv müalicədən (iynələr-sistemlər) sonra yanıma yaxınlaşan həmişə pozitiv enerji aldığım anestezioloq-həkimim mənə məsləhət gördü ki, gəl səninlə yavaş-yavaş məşq edək. Çox qısa müddət səni süni nəfəs aparatından ayırım ki, özün təbii yolla nəfəs almağı öyrənəsən. Qorxub, tərəddüd etsəm də, razılaşdım. Aparatdan 10 saniyə ayrılmışdım ki, özümü panikaya saldım və boğulmağa başladım. Stress gücümü azaltmışdı. Həkim çarəsizlikdən aparatı yerinə keçirdi. Və yenə də süni nəfəs, həyat davam edirdi…

Növbəti gün həkimim yenə mənə yaxınlaşdı və sual verdi ki, normal nəfəs almaq və buradan qurtulmaq istəyirsən? Xəyalımda onun  dediklərini canlandıraraq, ümidlə “hə” dedim. Dedi, ona görə mütləq nəfəs məşqi etməli və qorxmamalısan, bu səndə alına bilər. Sanki ruhumu işıq bürüdü. Bu qətiyyət və ümid işığı idi. Rica etdim ki, məşqə elə indi başlayaq. O aparatı çıxardı və mən artıq qorxmurdum. Panika və həyacanımı boğmuşdum. Burnumla və ağzımla havanı ciyərlərimə çəkirdim. Xeyli yadırğamışdım, amma ehtiyyatla nəfəs alıb-verir və gözləri işıqlı həkimimə baxırdım. Həkim aparatı yerinə keçirdi və “afərin, bir dəqiqə sərbəst təbii yolnan nəfəs alıb-verdin”.

Bu ilk uğurum idi. Növbəti gün təbii yolla tənəffüsüm 10 dəqiqə çəkdi. Ondan sonrakı gün yarım saat, o biri gün 1 saat və gün gəldi mən fasiləsiz, süni nəfəs aparatına qoşulmadan 6 saat nəfəs aldım. Ondan sonrakı gün düz 23-24 gün çəkən süni tənəffüsdən tamamilə qurtuldum.

Uçmağa qanadım yox idi, özüm nəfəs alırdım. Burnumdakı zondu da çıxardılar. İlk dəfə ağzıma qarpız dəydi. Bunu da mənim üçün həmin qayğıkeş tibb bacılarından biri təşkil etmişdi. Elə sevinirdim, elə bil bütün dünya mənim idi. Asta-asta olsa da ağız boşluğu vasitəsi ilə yeyib-içir və təbii yolla tənəffüs edirdim. Və təbii ki, səsim astadan çıxsa da, danışırdım. Ünsiyyətim asanlaşmışdı. Fikrimi çatdıra bilməyim real hala çevirilmişdi.

Bir neçə günə ağır reanimasiyanı tərk edib, intensiv reanimasiyaya keçdim. Orada da bir müddət qaldım və bir xeyli yaxşılaşdım. Traxastemonun yeri sağaldı və köz bağlayıb, bağlandı. Sonra da məni xəstəxanadan evə yazdılar.

 Belə, bu qədər! Həyat davam edir.. Başınızı ağrıtdığım üçün məni bağışlayın. Hər kəsə içdən, gözəl tənəffüs və aldığınız nəfəs dolu azadlıq arzu edirəm.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəNəfəs