Milli Məclisin plenar iclasında deputatlar narazılıq edib
Dekabrın 8-də Milli Məclisin plenar iclasında “2017-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
“Report”un verdiyi xəbərə görə, qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.
Bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14 faiz və yaxud 19 manat artırılır.
Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7 faiz və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2 faiz və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8 faiz və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.
Büdcə zərfinə daxil olan layihələrlə bağlı təkliflərlə baxmaq üçün hökumətə dekabrın 16-dək müddət verilib. Növbəti iclas dekabrın 16-da baş tutacaq.
Daha sonra “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinin müzakirəsi aparılıb. Sənədə əsasən, gələn il Azərbaycanda ehtiyac meyarının builki səviyyədə – 105 manat saxlanılması təklif edilir.
Oqtay Əsədov: “Bu, heç işıq puluna çatmaz”
2017-ci ilin dövlət büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı MM-in 2017-ci il xərclər smetası layihəsi barədə İşlər idarəsinin müdiri Firudin Hacıyev məlumat verib.
“Gününsesi.info”-nun məlumatına görə, F.Hacıyev bildirib ki, MM və onun Aparatının saxlanması ilə bağlı 2017-ci ilin xərclər smetası layihəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun hazırlanıb və xərclər smetası, ştat cədvəlləri, inzibatı binalara, mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanan müqavilələr və proqnozlar əsasında tərtib edilib.
Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsində MM və onun Aparatının saxlanması üçün 23 mln. 89 min manat 714 manat vəsait nəzərdə tutulub ki, bu da 2016-cı il ilə müqayisədə 394 min 500 manat manat çoxdur.
F.Hacıyev əlavə edib ki, xərclər smetasının ümumi dəyərinin 71,5 faizini əmək haqqı fondu və əmək haqqına olan əlavələr təşkil edir:
“Bildiyiniz kimi, son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclisin deputatlarının xaricə səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artıb. Bununla bağlı, 2017-ci ilin xərclər smetasında ezamiyyə xərcləri köməkçisi üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulub. Bu da keçən illə müqayisədə eynidir”.
F.Hacıyev onu da əlavə edib ki, parlamentdə ictimai iaşə vəziyyətinin yaxşılaşdırlması məqsədi ilə yeni yeməkxana tikilir və növbəti ilə başa çatacaq.
Parlamentin büdcəsi ilə bağlı F. Haciyevin çıxışına reaksiya verən spiker Oqtay Əsədov bildirib ki, parlamentin büdcəsi 394 min manatdır:
“Firudin müəllim, bu, heç işıq puluna çatmaz. Biz keçən il ezamiyyə xərclərinə qəanət etməklə müəyyən vəsait əldə etdik. Amma bir ildə iki dəfə devalvasiya olub. Milli Məclis də digər dövlət qurumlarından fərqli olaraq, ən çox xarici ezamiyyələrdə olan qurumdur. Növbəti ildən beynəlxalq təşkilatlarda fəaliyyəti dayandırılmış parlament nümayəndə heyətinin fəaliyyətini bərpa ediləcək. Ona görə də ezamiyyə xərcləri artırılmalı və bu məsələ qaydasına salınmalıdır. Çünki parlament nümayəndə heyəti beynəlxalq təşkilatlarının işində iştirak etməsə, o zaman fəaliyyətlərində axsaqlıq yaranacaq. Artıq bununla bağlı maliyyə naziri Samir müəllimlə danışmışıq. Bu məsələ nəzərə alınmalıdır”.
Siyavuş Novruzov: “Söz konkret ünvana deyilməlidir”
İclasda “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevə irad bildirib.
S.Novruzov Q.Həsənquliyevin adını çəkərək deyib ki, tənqidin və təklifin fəlsəfəsinə baxsaq, hər hansı məsələ müzakirə olunanda müxalifət tənqid, iqtidar isə müdafiə etməlidir.
O qeyd edib ki, iqtidar təmsilçiləri hökumətin nümayəndəsidir və onun mövqeyini dəstəkləməlidir: “Amma tənqidin də forması olmalıdır. Məsələn, höküməti tənqid edirsiz, lakin burada əmək və əhalisinin sosial müdafiə naziri Səlim Müslümovu müdafə edirsiz. Nəzər alaq ki, Səlim Müslümov da hökumətin üzvüdür. Bu baxımdan tənqid etdikdə konkret sahəni tənqid etmək lazımdır. Ümumi qaydada fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir deyiləndə mətbuatda qeyd olunur ki, hökumət tənqid edildi. Belə olan halda, hər kəs düşünür ki, bu tənqidin ona aiddiyatı yoxdur və yaxud bəzi həmkarlarımız çıxanda hökumət üzvlərinə bildirir ki, mən səni nəzərdə tutmurdum. Ona görə də söz konktret ünvana deyilməli və həmin şəxs tənqid edilməlidir ki, işindən nəticə çıxarsın. Bu gün hər kəs Dövlət Sosial Müdafiə Fondu, kənd tərəssürfatı və ya digər sahələrlə bağlı fikirlərini konkret səsləndirməlidir. Çünki hökumətin həm yaxşı, həm də pis işləyən üzvü var. Pis işləyən üzvün adını çəkin və münasibətlərinizi də o cür qurun”.
S.Novruzov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həm pensiyaların hesablanması, həm ünvanlı sosial yardımların verilməsi ilə bağlı böyük islahatlar həyata keçirilib: “Əvvəllər ünvanlı sosial yarıdm alanlarla bağlı siyahı ortaya çıxmırdı, lakin bu məsələlərin elektronlaşması istənilən şəxsə bu siyahını əldə etmək imkanı yaradıb. Büdcə müzakirələri zamanı sosial sahə ilə bağlı kifayət qədər fikirlərimizi səsləndirmişik və bütün sahələrdən fərqli olaraq sosial sahədə artımlar göz qabağındadır. Hər birimiz əlillərin mənzil şəraitinin yaxşılaşdırılması və yeni mənzillərin tikilməsinin şahidiyik. Bu baxımdan qanun layihəsini dəstəkləyir və həmkarlarımı bu layihəyə səs verməyə çağırıram”.
“Bu insanlara müavinət verilməlidir”
Deputat Rafael Cəbrayılov çıxışında Azərbaycanda işsizlərə kömək edilməsini istəyib: “Elə insanlar var ki, əməkhaqqı ala bilmir. Çünki əmək qabiliyyəti olsa da, iş tapa bilmir. Ona görə də bu insanlara müavinət verilməlidir. İşsizlikdən icbari sığorta sistemi tətbiq olunması nəzərdə tutulur, mən istərdim ki, bu sistem tez işə başlasın”.
Deputat qeyd edib ki, regionlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə vətəndaşlar arasında xoşagəlməz hallar baş verir: “Bəzən insanlar məhkəmə çəkişmələrində qələbə qazansa da, pulu ala bilmirlər. Yəni, qərarların icrası ilə bağlı ciddi problemlər ortaya çıxır. Pensiyanın təyin olunması və hesablanması qanunauyğun şəkildə aparılmalıdır. Düşünürəm ki, nazirlik bu istiqamətdə tədbirlər görülməlidir”.
Bəxtiyar Əliyev: “Deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan pullar hara gedib?”
Deputat Bəxtiyar Əliyev bildirib ki, əmək qabiliyyətli insanların əmək bazarına qayıtması üçün işlər görülməlidir.
Onun sözlərinə görə, Azərbaycanda xeyli iş yerləri bağlanıb, insanlar ixtisar olunublar: “Nədənsə daha çox əlillər və məcburi köçkünlər ixtisara düşüb. Deyirlər ki, gələcəkdə nəzərə alınacaq. Bu, nə vaxt olacaq? Yaxşı olardı ki, şirkətlər işlərini bu istiqamətdə görsünlər”.
O, əmək pensiyası alan vətəndaşların pensiyalarının artırılmasını təklif edib: “Elə insanlar var ki, pensiya yaşına çatdıqdan sonra da işləyir, çünki pensiya aldığı əmək haqqının cüzi hissəsini təşkil edir. Bu da problemlər yaradır. Ona görə bu məsələlər nəzərə alınmalıdır”.
Deputat deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriylyi bu məsələ ilə bağlı müəyyən araşdırma aparıb, iş yerləri və oradakı maaşla bağlı hökumətə təklif verə bilər.
“Vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi. Deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan pullar hara gedib?”
Bəxtiyar Əliyev xatırladıb ki, baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamına əsasən, yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi nəzərdə tutulub: “Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait o şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, bu istiqamətdə iş görülməyib. Ona görə də mən baş nazirə burada müraciət edirəm ki, araşdırmaların aparılmasına göstəriş versin. Nədənsə bu məsələ bugünə qədər öz həllini hələ də tapa bilmir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə B.Əliyevə belə cavab verib: “Bəxtiyar müəllim, siz 2002-ci ildə deputat üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatan kimi mənzil almayanlar da alacaqlar”.