Nə üçün Boris Nemtsov böyük adamdır?

Nemtsov onun çəkisində olan bütün siyasətçilərdən diridir…

Source:

Putin, yoxsa qeyrisi – KİV-də hərarətlə dartışılan ictimai diskussiya. Bir ölkədə ki, prezident haqqında qətlin sifarişçisi olması ehtmalı kontekstində müzakirələr gedir, deməli, bu ölkədə apriori qaydasında getməyən nələrsə var. Rus xalqı, o cümlədən hökumətə dəstəyini bildirən 85% əhali, nəzəri olaraq Putinin öz opponentini öldürtə biləcəyinə inanmaqdadır. Bu, rəsmən vəhşilikdir, inanılmaz vəhşilikdir.

28 fevrala keçən gecə qorxunc hisslər keçirdim. Uşaq vaxtı, Vlad Listyevin öldürülməsi haqqında reportajı gördüyüm zaman keçirdiyim xüsusi, başqa heç nəyə oxşamayan həyəcan hissi idi bu. Uzun illər yaddaşımın dərinliklərinə hopmuş bu hadisəni unuda bilmədim, unuda bilmirəm. Eyni hisslər Boris Nemtsovun öldürülməsindən sonra da baş qaldırdı.

Boris Nemtsovun nə üçün böyük adam olduğunu qısaca izah etməyə çalışacam.


90-lar

Nemtsovun bəxti hələ gəncliyində gətirmədi. Ölkənin sürətlə failedstate`yə çevrildiyi dövrdə, Nemtsov öz karyerasının zirvəsini yaşayırdı. İrimiqyaslı oğurluqlar, çökmüş iqtisadiyyat, iki çeçen müharibəsi və başqa çətinliklər yeni demokratların çiyinlərinə ağır bir yük kimi çökmüşdü. O demokratların arasında Nemtsov da vardı. Zaman keçəcək, rus xalqı 90-larda ölkəni idarə etmiş şəxslərə qarşı mənfi emosiyalar və düşüncələrlə yüklənəcəkdi. O dövrdə ölkə acından ölürdü və bir barel neftin 120$ ola biləcəyi təsəvvür belə edilmirdi. Yeltsin epoxasına olan neqativ münasibət, o illərdə başqalarından aktivliyi ilə seçilən Nemtsova da şamil edilirdi.

Çubays, Qaydar kimi həmkarlarından fərqli olaraq, Nemtsov siyasi fəaliyyətindən vaz keçmədi.


Sıfırlı illər

Zaman keçir, “Putin sabitliyi” bərqərar olurdu. Bu sabitlik həqiqətən də işləyirdi. Korrupsiya, xammal iqtisadiyyatı, hakimiyyətin dəyişməzliyi – bunların hamısı adamları az maraqlandırırdı. Yalnız Nemtsov daima çoxsaylı aksiyalarda iştirak edir, korrupsionerlər haqda hesabatlar yayır, siyasi meydanda qalmağa çalışırdı. Romantizminə və fədakarlığına baxmayaraq, onu çox az fərq edirdilər.

Moskvlalılar tox idilər, qalan Rusiya isə araq içib, Birinci kanalda xəbərlərə baxırdı. Nemtsov əvvəllər olduğu kimi, artıq federal kanallarda da görünmürdü. Ümumiyyətlə, real müxalifətdən televiziyalara artıq heç kəs buraxılmırdı. Bu o dövr idi ki, Nemtsov belə demək mümkündürsə, undergrounda keçmişdi. Bir daha böyük siyasətə qayıtmaq ümidi ilə.


Dekabr 2011 – közərən ümidlər

Parlament seçkiləri yaxınlaşır, üç ay sonra isə prezident seçkilər var. “Vahid Rusiya”nın reytinqləri rekord həddə geriləyib. Putin-Medvedev rokirovkası çox adamı qəzəbləndirib. O qədər adamı qəzəbləndirib ki, ilk dəfədir 10-15 ildə Moskvada 100 min adam meydana toplaşır. “Oğru və dələduzlar partiyası” – xalqın Putinin partiyasına qoyduğu ad budur. Yeni protest hərəkatın ideoloqlarından biri də Boris Nemtsovdur. Baxmayaraq ki, xalq onu aclığın hökm sürdüyü 90-larla assosiasiya edir və sərin münasibət göstərir, Nemtsov yenə də öz işi ilə məşğuldur. Nemtsov müxalifət liderliyinə iddia etmir. Onun dəyişiklik yanğısı var və birinci skripka kimi Navalnını tanımağa hazırdır. Hansısa yollarla tez-tez Lifenews agentliyinin əlinə düşən, sonra da ictimaiyyət arasında yayılan telefon danışıqlarından da bunu aydınca görmək olur.

Nəticədə yeni etiraz dalğası yatırdılır və xalq yenidən “Putinin sabitliyini” seçir. Xalq romantikadan bezib.


Noyabr 2013 – 27 fevral 2015

Rusiya artıq əvvəlki Rusiya deyil, xalq da çox dəyişib. Onlar bir zamanlar qardaş olduqları ukraynalılarla qırğına çıxmağa və oğru Yanukoviçin müdafiəsinə qalxmağa hazırdırlar. Kremlin siyasətinə etiraz edənləri məhv etməyə qadirdirlər. Müxaliflər bu ölkədə beşinci kolon, nasional-satqınlar, dövlət departamentinin agentləri adlandırılır. Onlara irimiqyaslı korrupsiya faktlarından, Ukraynaya girən rus əsgərindən danışanda da deyirlər ki, “Rusiyada Maydan olmayacaq!”. Kiselyov propaqandası rus xalqından keyfiyyətcə yeni bir məhsul hazırlayır. Onlar dolları 70 rubla almağa və Rusiyanın “xoxolları” cəzalandıracağına inanmağa hazırdırlar. Onlar 60% bahasına iPhone alıb, onun üstünə “Obama – g.t” yazmağa hazırdırlar. Bu nifrətin pik həddi “Antimaydan” aksiyasında yaşandı – 300 rubl ödəyərək, hökumətin meydana çıxardığı büdcə təşkilatlarının işçiləri, tələbələr və “Kadırovçu”lar hara gəldiklərini də anlamırdılar, bu revanş oyununu dərk etmirdilər. Təşkilatçılar isə açıq etiraf edirlər ki, bütün narazıları əzəcəklər, Nemtsov başda olmaqla. Yeri gəlmişkən müxalifətçilər artıq Putinin partiyasına “Oğru və quldurlar partiyası” demirlər, Ukrayna hadisələrindən sonra partiyanın adı “Müharibə partiyası” kimi dəyişmişdi. Bu, artıq çox nəhəng partiyadır və iki-üç kreslo istisna olmaqla, bütün parlamenti bu partiya ələ keçirib. Onlara məxsus olan TV-lərdə aqressiyanın dozasını bilə-bilə çox yüksək tuturlar. Onların pul kəsən maşınlar kimi, qanun kəsən printerləri var. Onların müxalifət əleyhinə keçirilən mitinqlərə adam toplamaq üçün pulları var. “Müharibə partiyası” populyarlığının zirvəsini yaşayır, lideri isə dünyada ən nüfuzlu siyasətçi hesab olunur.

“Razılaşmayanlar”ın çox az bir hissəsi Ukraynaya müdaxiləni pisləyən mitinq və aksiyalar keçirir. Onların baş ideoloqu və yəqin ki, ən aktiv iştirakçısı Nemtsovdur. Krımın Ukraynaya mütləq qaytarılmasını ondan başqa açıq sözlə ifadə edən yoxdur. Ümumiyyətlə Nemtsov çox danışır. Ona hörmət etməyə başlayıram, ilk növbədə ona görə ki, rusiyalı siyasətçilərdə belə keyfiyyətlərə rast gəlmək müşkül məsələdir. Rusiyadan da çıxıb getmir, halbuki buna imkan var idi. O cəsurdur, intellektualdır, idealları uğrunda vuruşan fədaidir. O fədakarlıq edərək Navalnının kölgəsində qalmağa da razıdır, təki ideallar yaşasın. Elektoratın nazı ilə oynayaraq mövqeyni dəyişmir. O, metroda vərəqələr paylayır və 1 mart “Bahar” mitinqinə camaat niyə gəlməlidir sualına özü şəxsən izah verir. Nemtsov çox diridir, onun çəkisində olan bütün siyasətçilərdən daha diridir. O, həyatı sevir.


28 fevral 2015-dən bu günə kimi

Boris Nemtsovu Kremlin divarlarına yaxın bir yerdə güllələyiblər. Rusiya yəqin ki, yenə dəyişəcək.

P.S. Yazının müəllifi ətrafda baş verən hadisələri dərk etməyə və anlamağa çalışır.

Ana səhifəMənim FikrimcəNə üçün Boris Nemtsov böyük adamdır?