Teyfurə Əliyeva: “Mənə qalsa, onlara ölüm cəzası verərəm”
Martın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov və Arif Əliyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Rasim sizin kimi küçə uşağı deyildi”
Saat 11:00-da başlayan məhkəmə prosesində məhkəmə katibi bildirib ki, təqsirləndirilən şəxslərdən Elşən İsmayılovun vəkili Səfər Hüseynov iclasa gəlməyib. Buna görə də hakim məhkəmə prosesində fasilə elan edib. Fasilə zamanı isə zalda əyləşən Rasim Əliyevin anası Teyfurə Əliyeva ilə təqsirləndirilən şəxslər arasında insident yaşanıb. Belə ki, T. Əliyeva təqsirləndirilən şəxslərin onlara baxaraq gülüb-danışmalarına əsəbiləşib. T. Əliyeva bildirib ki, Elşən İsmayılov Cavid Hüseynovun söylədiklərini təsdiq edir: “Rasim sizin heç birinizi tanımırdı. Şərəfsizlər, bütün Azərbaycan sizə söyür. Rasim neçə adama rəhbərlik edirdi. Sizin kimi küçə uşağı deyildi”.
Təqsirləndirilən Elşən İsmayılov isə hər şeyin Rasim Əliyevi söyüş söyməsinə görə baş verdiyini bildirib: “Nə etmişəm, yaxşı etmişəm. Nə edim, özümü öldürüm? Söyüb, mən də vurmuşam. Yalandan deyirlər, onun pul kisəsini oğurlamışam. Onun pul kisəsini görənin atasına lənət”.
Bu zaman təqsirləndirilən şəxslərdən Kənan Mədətovun anası ilə Rasim Əliyevin yaxını Gülər Abbasova arasında da insident yaşanıb. Bundan sonra məhkəmə nəzarətçiləri zaldakı adamları bayıra çıxarıblar. Kənanın anası bildirib ki, təqsirləndirilən şəxslərə ağır cəza istənilib. Onları hər prosesdə söyüb, təhqir etmək düzgün deyil.
Vəkil S.Hüseynov məhkəməyə gəldikdən sonra proses davam etdirilib. Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı çıxış edib.
Vəkil: “Həkimlərin fəaliyyətinə qiymət verin”
Fariz Namazlı bildirib ki, cinayət işinin materiallarında Rasim Əliyevin döyüldükdən sonra Klinik Tibbi Mərkəzə gedib müayinələrdən keçdiyi qeyd olunub: “Həkimlərin ifadələrindən məlum olur ki, o rentgen müayinəsindən keçib. Lakin onda hər hansı daxili qanaxma müəyyən edilməyib. Ekspert rəyində isə ondan daxili qanaxma olduğu məlum olub. İstintaq orqanının rəyinə əsasən, Rasim Əliyev vurulan zərbələrin təsirindən dünyasını dəyişib. Məhkəmənin vəzifəsi işə düzgün qiymət verməkdir. Biz bir neçə dəfə həkimlərin çağırılıb dindirilməsi barədə vəsatətə verdik. Lakin məhkəmə vəsatətləri təmin etmədi. Xahiş edirəm həkimlərin fəaliyyətinə qiymət verəsiniz”.
Daha sonra Rasim Əliyevin anası Teyfurə Əliyeva çıxış edərək, təqsirləndirilənlərə ən ağır cəza verilməsini istəyib: “Bunlara başçılıq edən Cavid Hüseynov olub. Hamısı oraya nəyə getdiklərini biliblər. Onların əməli nəticəsində Rasim ölüb. Mənə qalsa, onlara ölüm cəzası verərəm. Çünki bunlar peşmanlıq hissi keçirmirlər”.
“Elşən İsmayılov davaya getməyib”
Elşən İsmayılovun vəkili Səfər Hüseynov, Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev prosesdə müdafiə nitqi ilə çıxış ediblər.
Səfər Hüseynov bildirib ki, Elşən İsmayılov oraya davaya getməyib: “Təqsirləndirilən şəxslər oraya çay içib söhbət etməyə gediblər. Prokuror Elşənə ağır cəza istəyib. Onu oğurluqda ittiham edirlər. Lakin bütün ifadələrdən aydın görünür ki, orada pul kisəsi olmayıb və Elşən İsmayılov onu oğurlamayıb. Buna görə ona oğurluq cinayəti ilə bağlı bəraət verilməlidir. Rasimi müayinə edən həkimlər də məsuliyyətdən kənarda qaldılar. Onun ölümünə səbəb həkim səhlənkarlığıdır. Elşənin ittiham olunduğu 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər virma) maddəsinə tövsif edilməlidir”.
S. Hüseynov müdafiə etdiyi şəxsə ən aşağı həddə cəza verilməsini, onun polisə könüllü getməsinin, məcburi köçkün olmasının nəzərə alınmasını xahiş edib.
“Müstəntiq səhvlərə yol verib”
Şəmsəddin Quliyev isə deyib ki, ittiham aktında müstəntiq tərəfindən səhvlərə yol verilib. O, Rasim Əliyevin həkim səhlənkarlığı nəticəsində öldüyünü qeyd edib: “Əgər Elşənin 500 dostu ora getsəydi, hərəsi Rasimə bir barmaq vursaydı, hamısını tutmaq lazım idimi? Hesab edirəm ki, cinayət işinin materiallarında qanunsuzluq var. Müstəntiq yalan ifadələrlə ittiham aktı düzəldib. Sənədlərin heç biri düzgün tərtib edilməyib ”.
Ş. Quliyev çıxışını növbəti proses zamanı yazılı şəkildə də məhkəməyə təqdim edəcəyini bildirib.
Proses martın 3-də davam etdiriləcək.
Ötən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov həbs olunublar. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
Hazırda Səbail rayon Məhkəməsində Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.