Nazlı gəlin…

Bu minvalla zərif cizgili, uca boylu gənc qız az vaxtda cəfakeş, əzabkeş qadına döndü

Source:
Nazlı Ağayeva
Nazlı Ağayeva
Nazlı Ağayeva
Nazlı Ağayeva

Əmimgillə eyni həyətdə yaşayırdıq. Arada sərhəd adına qocaman bir tut ağacı vardı. Əmimin qızı yox idi, dar pilləkənli balaca evdəki bir dəstə oğlan bizim qardaşlarımız sayılırdı. Uşaq ağlımla onlara həmişə yazığım gələrdi. Çünki bizimkilərin şalvar ütülətdirmək, ayaqqabı parıldatmaq və sairə işləri üçün növbətçi bacıları vardı. Əmim oğlanları isə toydan-toya, bayramdan-bayrama belə şeylərdən ötrü bizim qızlara ağız açardılar. Evdə ən xırda qız olduğumdan yardım edə bilməzdim, belə incə və ciddi işləri böyük bacılarım həll edərdilər.

Mənim işim əmim oğlanlarının toylarında yaşıdlarımı başıma yığıb mağar süpürməkdən, qonum-qonşudan qab-qacaq daşımaqdan, xəttim yaxşı olduğuna görə siyahı yazmaq kimi bəsit işlərdən ibarət olardı.

Həyətimizə Nazlı adlı gəlin gətirən əmioğlumun toyunda da yorulub gecəni daş kimi yatmışdım. Ehtiyac oldu-olmadı məni tezdən oyadan anam o səhər özəl olaraq həyətdən “ay Nazlı” sərlövhəli “komplimentlər” yağdırmağa başlayıbmış. Onun toyxananı süpürüb yığışdırmaq, əmanətləri yiyələrinə çatdırmaq üçün mənə “stimul” verməsi təbii hal idi. İntəhası, təzə gəlinin adının da Nazlı olduğunu unudubmuş. Ta o vaxta qədər ki, əli xınalı, başı örpəkli gəlin utana-utana ona yaxınlaşıb süpürgənin yerini soruşur. Anam pərtliyindən söz tapmayıb: – “Sən get yat, a bala, mən qız Nazlını çağırırdım” – deyib.

O zamandan hamımız ona Nazlı gəlin deyərdik. Amma o, kimsəyə naz etməyib özü hamının nazını çəkərdi. Gəlinliyinin həftəsi tamam olar-olmaz Nazlı gəlin fermaya işə getdi. Üstəlik qocalıb əldən düşmüş əmimə, xəstə əmidostuma, daim onlara baş çəkməyə gələn qohum-əqrabanı qarşılayıb yola salmağa və digər bitib-tükənməyən işlərə təkbaşına o cavabdehdi.

Bu minvalla zərif cizgili, uca boylu gənc qız az vaxtda cəfakeş, əzabkeş qadına döndü. Çünki ailə böyüdükcə, qayğılar da aşıb-daşırdı. Bəlkə tanrı Nazlı gəlinə dörd oğlanla bərabər bircə qız da versəydi anasına daha çox o yardımçı, dəstək olardı. Di gəl ki, vermədi. Qocaları torpağa tapşırandan sonra beş kişinin qulluğu, dişiylə-dırnağıyla ev-eşik qurmaq, çöldə-bayırda evin kişilərilə çiyin-çiyinə çalışmaq gəlin Nazlı gəlinin gündəlik, saatlıq, dəqiqəlik həyat tərzinə çevrildi.

Övladlarından biri əngəlli doğulmişdu, ya da sonradan hansı səbəbdənsə əlil olmuşdu. Nazlı gəlin ona bütün varlığıyla sahib çıxaraq illərlə ürəyinin yağını, qəlbinin sevgisini verdi. Diqqətini, qayğısını bircə an üstündən çəkmədi ki, canındakı əskikliyi hiss etməsin. Olmayan vaxtından kəsib onun arzularını dinlədi, heç zaman gerçəkləşməyəcək xəyallarına qovrula-qovrula xeyir-dua verdi. Hər macalda yanında olmağa çalışdı. Nə yazıqlar ki, o yeniyetmə uşaq günün birində fürsət tapıb özünə qəsd etdi. Onu canından artıq sevən anasının qayğılarını azaltmaq, dərdlərini yüngülləşdirmək üçünmü? Kim bilir… Bilinən tək şey o oldu ki, Nazlı gəlin o gündən parçalandı, bir daha bütöv ola bilmədi. Bununla belə digər övladları üçün həyatla savaşına davam etdi. Əzablı yollarla yoxdan var düzəldən Nazlı gəlinin uca boyu ürəyindəki övlad dağının, bitməyən çabalarının ağırlığından əyilmədi. Çünki o qamət çoxdan bərkiyib daşa dönmüşdü.

Çünki, o, bir Azərbaycan qadınıydı. Cüzi istisnalarla bu ölkədə, əsasən ölkənin əyalətində onun yaşıdları olan bütün zərif cinsin nümayəndələri eyni cür daşlaşırlar. Çünki yad bir ailədə gəlinlik borcunu yerinə yetirməklə başlayan ailə həyatı həmişə rahat və hamar olmur. Ailənin sosial-iqtisadi-tibbi durumu, qadın, körpə problemləri və sairə mənəvi, təbii zərurətlər dövlət səviyyəsində qarşılanmayanda bütün bunları daşımaq fərdlərin çiyninə düşür. Bu yerdə istirahətdən, gəzməkdən, yaxın-uzaq dünyaya olan maraqdan söhbət gedə bilməz. Amma heç şübhəsiz ki, ailə müqəddəs məfhumdur, bu dəyərin yolunda hər cür cəfa çəkmək, özünü tamamilə unutmaq, bütöv həyatını əzizlərinə həsr etmək ali hissdir. Bizim Nazlı gəlin məhz belə fədakarlıqla əllini keçən ömründən özünə bircə gün belə ayırmadı. Və yaxın günlərin bir payız gecəsində sanki dincini almaq üçün sağ əlini başının altına qoyaraq əbədi yuxuya getdi.

Mən bu yazını niyə yazdım? Onsuz da ölkədə hər gün minlərlə adam qəfil dünyasını dəyişir. Hekayətlər isə yalnız məşhurlara yazılır. Nazlı gəlinin həyat tarixçəsində özəl bir qrafa yoxdu. Hətta ərindən şiddət də görməyib.

Sadəcə ölkədəki mövcud şəraitə və mentalitetə uyğun bir həyat yaşayıb. Sadəcəmi?

Bəs onda niyə belə qəfil və erkən getdin, Nazlı gəlin? Anam bəlkə yenə məni çağırırdı? Eh, canım, gözəl bacım, niyə özünü irəli verdin? Görüləsi bir işim qalmasa da, mən daha səhərlər gec durmuram ki… Çünki, gecələr yatmıram, Nazlı gəlin. Deyərsən anama…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəNazlı gəlin…