”Bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək”
“2016-cı ilin yenidən baxılmış büdcəsində gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb”. “APA-Economics” xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, 2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 mlrd. manat səviyyəsində nəzərdə tutulub.
S. Şərifov qeyd edib ki, gəlirlərə mütənasib olaraq xərclər də 2 milyard manat artırılıb. Başqa sözlə, 2016-cı ilin təsdiqlənmiş büdcədə xərclər 16,2 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmədən sonra xərclər 18,3 milyard manat planlaşdırılır: “Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Bu vəsaiti bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik. Eyni zamanda, bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək”.
Nazirin sözlərinə görə, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb: “Bu, mühafizəkar bir yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir”.
Nazir bildirib ki, dünya iqtisadiyyatında baş verən prosesləri, 2014-cü ildə neftin ucuzlaşmağa başlaması və 2015-ci ildə də davam etdiyini nəzərə alaraq neftin büdcə xərclərində bəzi ixtisarların edilməsinə başlanılıb: “Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq. 2015-ci ilin təsdiq olunmuş büdcəsində 1,7 milyard manatlıq kəsir əvəzinə yalnız 633 milyon manat səviyyəsində kəsirlə icra olunub. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manata qənaət edilib. Bu vəsaitin 2016-cı ildə istifadə edilməsini nəzərdə tuturuq”.
S. Şərifov əlavə edib ki, 2015-ci ilin gəlirlər hissəsi 88,2 faiz, xərclər üzrə 84,3 faiz səviyyəsində icra olunub.